Cəmiyyət

Ağlamağa dərd axtarmaq adəti

24 Fevral 2018 10:45
33 Şərh     Baxış: 3 416
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnsanı insana dərd yaxınlaşdırır, dərd birləşdirir. Amma indi demək istədiyim başqa şeydir. İnsanları birləşdirən dərdin nə isə bir cəlbedicilik xüsusiyyəti var elə bil. Söhbət o birləşdirici gücə malik öz dərdimizdən getmir, başqalarının dərdindən gedir. Niyəsə başqalarının dərdi həmişə rəngli görünür, gözəl görünür, mütləq müzakirə obyekti olur. Onun niyəsi, necəsi maraqlı gəlir insanlara. Evdar qadınların önlüklərini çıxarıb mətbəxdən çıxanda tum əvəzi çırtlamaq vərdişinə çevrilib kiminsə dərd-səri. 

Bəlkə də, "dərd" deməkdə səhv edirəm. Çünki hələ üzdən gedib leksik mənasını öyrənəndə görürük ki, dərd başqa şeydir. Hələ o dərdin dağını, yarasını, qaysağını demirəm... 

Amma yox, biz hər şeyə "dərd", "dərdim başımdan aşır" deməyin adətkarıyıq axı. Elə bu adətimizlə də evimizin kandarından tutmuş yataq otağının problemlərinə qədər hamısını ətəyimizə yığıb üz tutduq televiziya kanallarına. Hə, "dərd də gələndə batmanla gəlir" deyildiyi kimi, biz də dərdi elliklə çəkməyi sevirik. Təki ortaya qoyub ağlamağa bir ölümüz olsun. 

Hə, biz ağlaya-ağlaya dərdi də ucuzlaşdırmağı bacardıq. Başqalarının dərdini satıb pula çevirməyi də... O dərddən bəzəkli-düzəkli, səsli-küylü verilişlər hazırladıq. Səsə yığışan çox olar axı... Yas yerlərinə gedib hərə öz ölüsünə, öz dərdinə ağladığı kimi, itiyi, yetimi, sağalmaz xəstəsi olanlar, evsiz-yurdsuzları, evdən atılmışları yığışdılar bu verilişlərin başına, başladılar ağlaşmağa. Təki bir bəhanə olsun, ürəyimizi boşaldaq.

Nə qədər həssas, dərdə yanan olsam da, üzr istəyirəm, mən bu verilişlərə baxıb göz yaşı axıda, "ah-vay" edə, "anan ölsün, ay bacı" deyə bilmirəm. Və verdiyim reaksiyalarla kənardakıların da əsəbini korlamayım deyə kanalı dəyişməklə kifayətlənirəm. 

Amma ötən günlərin birində "Feysbuk" dostumun belə verilişlərdən birinin səhifəsinə yazdığı rəy məni "ayaq saxlamağa", əməlli-başlı düşünməyə vadar elədi. Deməli, anasının xəstə olduğundan, gecə-gündüz o ananı itirmək qorxusuyla yaşadığından xəbərdar olduğum dost yazırdı: "Çox gözəl veriliş hazırlamışdınız. Sizə çox-çox təşəkkür edirəm, hətta mənim xəstə anamı da ağlatdınız..." 

Burda susmağım gəlir... Amma ey dost, o ananın bircə dəfə gülməyi üçün nələrini verməzsən... Mövlanə demiş, ETMƏ!

Axı biz niyə özgələrin sevincinə şadlanmaqdansa, elə hey kiminsə dərdini ortaya qoyub ağlayırıq? Çoxdan bəri yəqinləşdirdiyim bir fikir gəlir ağlıma, dost heç də dar gündə tanınmır. Elə doğma da, yad da məhz yaxşı gündə tanınır. Çünki bir insanın sevincinə sevinməyi hər ADAM bacarmır. Ümumiyyətlə, biz sevinməyi, gülməyi bacarmırıq! Elə ona görə də, anamızı güldürənlərə yox, ağladanlara "sağ ol" deyirik! 

Sevinc Fədai
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.