Cəmiyyət

SOS - Belə uşaqlar oğurluğa meylli olur

23 Fevral 2018 23:21
2 Şərh     Baxış: 2 603
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ailədə uşağın tərbiyəsi çox önəmlidir. Təbii ki, zaman-zaman ailədə baş verən problemlər, uşaqlara kifayət qədər vaxt ayrılmaması, onlara nəzarətin azalması müəyyən dövrdə özünü büruzə verir. Bəzən isə bunun nəticələrinin çox ağır olduğunun şahidi oluruq.

Araşdırmalara görə, dünyada daha çox yəhudi xalqı öz övladlarına zaman ayırır. Bu xalqın nümayəndələri övladlarına qarşı xüsusi həssaslıqla yanaşır, onların tərbiyəsi ilə hələ erkən yaşlarda məşğul olmağa başlayır. Xüsusən də yəhudi analar övladları ilə çox zaman keçirir. Nəticədə bu cür şəraitdə böyüyən uşaqlar gələcəkdə bütün sferalarda olduqca böyük uğur qazanır.

Bəs övladlarımıza necə nəzarət edək, tərbiyələndirək? Milli.Az bildirir ki, mövzu ilə bağlı psixoloq Ramil Nəcəfli musavat.com-a danışıb: "Hazırda apardığım müşahidələrə görə, valideynlərin öz uşaqlarından şikayət etməsinin əsasında düzgün tərbiyənin olmaması durur. Tərbiyənin özündə müəyyən qədər axsama var, bu anlayışı doğru anlamırlar. Çünki bildiyiniz kimi, adətən "tərbiyəli" və yaxud "tərbiyəsiz uşaq" sözlərindən istifadə edilir. Bu sözdən istifadə edilməsinin özü bir səhvdir. Bir insanı terrorist, oğru, cinayətkar kimi və yaxud hansısa peşəyə yiyələnmək üçün tərbiyələndirmək olar. Yəni bu, neqativ və ya pozitiv ola bilər. Lakin biz tərbiyə sözünü ancaq pozitiv anlayırıq.

Mənə ünvanlanan şikayətlər əsasən bundan ibarət olur - niyə mənim uşağım əsəbidir, sözə qulaq asmır, yalan danışır?

Bütün bu sualları müxtəlif yaş qrupunda olan uşaqların barəsində səsləndirirlər. Amma gəlin görək uşaq niyə oğurluq edir və sairə. Diqqət edəndə görürük ki, həmin uşaqlar nəyi necə etməyin qaydalarını bilmir. Əslində uşaqların tərbiyəsi üçün valideynlərə düzgün "yol xəritəsi" vermək lazımdır. Bəzən şahidi oluruq valideyn deyir ki, "mən uşağın düzgün tərbiyə edilməsi üçün əlimdən gələni etmişəm, hər zaman ağıllı məsləhətlər verir, bəzi şeyləri qadağan edir, istədiklərini alıram, amma tutaq ki, harasa qonaq gedib gələndə görürəm, başqa uşağa məxsus olan oyuncağı və ya əşyanı özü ilə birgə gətirib". Bu zaman mən valideyni qınayıram. Çünki araşdıranda məlum olur ki, evlərində hər şey ümumidir, uşaqlar bir-birinin əşyalarından istifadə edir, paltarlarını geyinir. Belə olan halda valideynə baş salıram ki, uşaq görəndə əşyalar ümumidir, başqasının əşyasını özü ilə aparır, bəzən də bunu oğurluq kimi qəbul etmir. Buna görə də uşaqlarda şəxsi mülkiyyət duyğusu yaratmaq lazımdır.

Tez-tez şahidi oluruq ki, ailələrdə uşaqlara qarşı çoxsaylı qadağalar qoyulur. Nəticədə görürük ki, məsələn, evdə şalvar geyinən qız kənarda mini ətək geyinir. Və yaxud oğlan evdə yalan danışır, amma kənarda siqaret də çəkir, spirtli içki də içir. Beləliklə, uşaqlarda daim tənbeh olunma qorxusu yaranır. Düşünür ki, etdiklərinə görə tənbeh, tənqid olunacaq. Nəticədə həmin uşaqlar nəzarətdən çıxır. Halbuki uşağı nəzarət altında saxlamağın ən düzgün yolu bu cür qadağaları, qınayıcı yanaşmaları yığışdırmaqdır. Əgər uşaq siqaret çəkirsə, bunu çəkinmədən valideynin yanında çəkməlidir. Onun bütün neqativlərinə o qədər də qorxulu, avtoritar davranmamaqla, başa salmaq, izahla uşağı rahat şəkildə nəzarətdə saxlamaq olar. Bunun üçün isə övladlarımıza kifayət qədər zaman ayırmaq gərəkir.

Bəzən görürük ki, uşaqlar tam şəkildə valideynlərinə açıla bilməyəndə gələcəkdə cinsi problemlərə rast gəlir, hətta zorakılığa məruz qaldıqda bunu cəsarət edib deyə bilmir. Çünki zamanında xırda-xırda bu cür gizlətmələr olur ki, daha betəri baş verir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.