Cəmiyyət

Nostalji turizmi populyarlıq qazanır

21 Fevral 2018 22:20
0 Şərh     Baxış: 1 260
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müxtəlif səbəblərdən yurdlarından köç edənlərin, qohumlarının izlərini axtaranların mənəvi ehtiyacı turizmin bu növünü inkişaf etdirir 

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

"Əgər siz hər hansı bir yerə tək məqsəd üçün - keçmişi xatırlamaq üçün gəlmisinizsə, bilin ki, siz nostalji turizmi ilə məşğulsunuz". Artıq bir çox dünya ölkələrində, o cümlədən qonşu Rusiyada həyata keçirilən nostalji turizmi bu sektorda turizm ideoloqlarının yaratdığı yeni termin olsa da, öz müştərilərini tapmaqdadır. Tarixi vətənini görmək, qohumlarını tapmaq, başqa xalqların mədəniyyəti, tarixi yerləri ilə tanış olmaq istəyənlər bu marşrut xətti ilə qrup və ya fərdi şəkildə hərəkət edə bilirlər. Bu məqsədlə səyahətə çıxanlar üçün bütövlükdə agentliklər və ya xüsusi turlar təşkil olunur. Bir çox ölkələrdə məlumat bazaları yaradılır, marşrutlar müəyyən olunur və həmin məlumatlar internet forumlarda yerləşdirilir.

Nostalji (və ya etnik) turizm Qərbi Avropada yaransa da, son illər bir çox rusdilli ölkələri də özünə cəlb edib. Belə səyahətlər zamanı turistlər yerli əhalinin yaşayış tərzini öyrənir, onların həyatı və mədəniyyəti ilə tanış olurlar. Turizmin bu növü bir çox turistlərə öz kökləri haqqında informasiya, həmçinin heç kimə məlum olmayan xalqlar və ya millətlər haqqında bir çox tarixi faktları əldə etməyə imkan verir. Onlara yardım olunarsa, turistlər bəzən öz uzaq qohumlarını tamam özgə ərazilərdə axtarıb tapa da bilirlər. Belə mövzularda turistlərə müxtəlif tarixi axtarışlarla məşğul olan şəxsi detektivlər də kömək edə bilərlər. Maraqlısı odur ki, turizmin bu növü artıq dünyadakı bütün turist axını arasında onuncu yeri tutur. 

Məxfi məqsəd və dərin məna

Nostalji turizmi hazırda daha çox rusdilli ölkələrdə öz pərəstişkarlarını toplayıb. Belarusun şəhər və kəndlərində doğulmuş polşalılar Polşaya, MDB ölkələrinə, xüsusilə də İsrailə səyahətə gedirlər. Bu turizm marşrutuna qoşulanlar sırasında valideynlərinin axtarışına çıxanlar, onlar haqqında məlumat almaq və yaxud qəbirlərini ziyarət etmək istəyənlər çoxdur. Belə turizm növünü seçmək üçün səbəblər də kifayət qədərdir. Çox insanları siyasi böhranlar və ya müharibələr doğma yerlərini tərk etməyə vadar edib. Bəzi insanlar isə yaxşı yaşayış axtarışı ilə könüllü olaraq yurdlarını tərk ediblər. Hazırda bu turizmin səyahətçilərinin çox hissəsini immiqrantlar, yaxud da onların nəvələri təşkil edir. Onlar hər hansı bir səbəb üzündən məcbur olub dədə-babalarının, valideynlərinin və yaxud uşaq vaxtlarında özlərinin yaşadıqları yurdlardan uzaq düşüblər, indi isə müxtəlif səbəblərdən daimi yaşayış yerlərinə gəlirlər. Aralarında özlərinin gözəl anlarını, fırtınalı gəncliyini, qayğısız cavanlıqlarını xatırlamaq üçün gələnlər də olur. Buna görə nostalji turizmi özündə məxfi məqsəd və dərin məna daşıyır. Keçmiş zamanlar haqqındakı nostalji hisslər və həsrət çox insanları hər hansı kurortda dincəlməkdənsə, köklərinin axtarışı ilə məşğul olmaqdan ötrü uzaq ellərə yollanıb qohumlarını tapmağa məcbur edir. 

Rusiyada 90-cı ilin əvvəllərində, Sovet İttifaqının dağılmasından və dəmir pərdələrin enməsindən sonra turizmin bu növünə maraq artıb. Yəni turizmin bu növünün yaranmasının konkret səbəbi olub. İnsanlar müharibədə döyüşüb, əsir düşüb, işğalçılardan qaçıblar. Kimsə müharibədən dərhal sonra doğmalarını tapmaq üçün evinə qayıda bilib, kimsə başqa ölkədə qalmağa məcbur olub, kimsə də sadəcə itkin düşüb. Həmin bu insanlar və onların gələcək nəsilləri böyük bir qaçqınlar dəstəsi yaradıblar ki, bu da nostalji turizminin yaranmasına səbəb olub. Müharibədən sonra bir çox insanların yaxınlarını və qohumlarını itirdikləri yerləri görmək imkanı yaranıb. Bəlli səbəblərdən bu turizmin əsasını yaşlılar təşkil edir: "Baxmayaraq ki öz kökləri haqda bilgiyə can atan gənclər də olur, lakin o qədər də çox deyil" - deyə qonşu ölkənin turizm agentlikləri məlumat verirlər. Ruslar finlərin Ladoqa gölünün ətrafına kütləvi axınını nostalji turizmin bariz nümunəsi hesab edirlər. "Müharibədən əvvəl - 1939-cu ildən 1945-ci ilə qədər doğma yerlərini tərk etmək məcburiyyətində qalan beş yüz min finə Finlandiya və İsveçrə yığcam yaşayış məntəqələrində sığınacaq verib. 90-cı illərin əvvəllərində nostalji turları Rusiyada yaranandan sonra minlərlə fin turisti əcdadlarının torpaqlarını görmək, əvvəlki həyat tərzini xatırlamaq üçün Rusiyaya gəldilər. Leninqradı (indiki Sankt-Peterburq) ziyarət etməyə icazə veriləndən sonra etnik turizm kütləvi xarakter aldı. İndi çoxları qayıdır. Onların arzularının həyata keçməsi üçün turfirmalar yaradılıb". Hazırda Sankt-Peterburqun Turizm və Ekskursiya Şurası turizmin bu növünə böyük məbləğ xərcləyib. Lososevskoye qəsəbəsində beynəlxalq dərəcəli "Lososevskaya" mehmanxanası var ki, tanış yerləri görmək üçün gələnlərə yüksək keyfiyyətli xidmət göstərir. Bu baxımdan, nostalji turizmi növü əhalisinin böyük bir hissəsi xaricdə yaşayan ölkələr üçün xüsusi məna kəsb edir. Nostalji turizminin iştirakçıları isə əsasən vaxtilə həmin ölkələrdə yaşayan yaşlı insanlardır". 

Nostalji turların proqramları müxtəlif və xüsusidir. Bir çox hallarda hər turistə görə fərdi marşrut təşkil edilir. Çox zaman bu turistlər qəbiristanlığa gedib əcdadlarının qəbirlərini tapmaq istəyirlər. Həmçinin onlar nə zamansa özlərinin və ya yaxınlarının yaşadığı yaşayış məntəqələrinə baş çəkirlər: "Belə səyahətlər zamanı onlar yerli əhalidən öz kökləri barədə nəsə öyrənməyə çalışırlar. Amma əfsuslar olsun ki, son zamanlar nostalji turizmi geriləməyə başlayıb. Bu onunla əlaqədardır ki, gənc nəsil öz qohumları ilə o qədər də maraqlanmır".
 
Bu işi daha mükəmməl həyata keçirmək mümkündür

Bizim ölkəmizdə turizmin bu növü "nostalji" adı ilə tanınmasa belə, insanlarımız uyğun marşrut xətti ilə hərəkət edirlər. Belə ki, onlar turizmin bu növünə çox vaxt özlərinin adət-ənənəsi, torpağa və dəyərlərə bağlılığı, qohum-əqrəbaya, valideynə məhəbbət nöqteyi-nəzərindən yanaşırlar. İnsanlar doğulduqları yerləri, qohumlarının, valideynlərinin məzarlarını ziyarət edərkən bunu heç turizmlə əlaqələndirmirlər. Ancaq təcrübələr göstərir ki, turizmin inkişaf yollarından danışılan bir dönəmdə insanların tələbatına uyğun marşrutların da yaradılmasına ehtiyac var.

Turizmçilərin tez-tez turizm ideoloqları tərəfindən düşünülən terminlərə müraciət etdiyini deyən Millenium Turizm Konqres DMC şirkətinin rəhbəri Ruslan Quliyev nostalji turizminin də bu qəbildən olduğunu bildirir: "Orta və yaşlı nəslə aid edilən nostalji turizm insanların 30-40 il əvvəl və ya gənclik illərində ziyarət etdikləri turizm məkanlarına yenidən dönüşüdür. Bu, çox cazibəli və effektiv turizm növlərindən biridir. O insanlar bəlli bir yaşa gəlib çatandan sonra ailə üzvləri ilə də o yerlərə gedirlər, xatirələrini danışırlar. Həmçinin öz övladlarına da turizmin bu növündən istifadə etməyi tövsiyə edirlər". 

R.Quliyevin sözlərinə görə ingilislərin "dark turizm", yəni qaranlıq turizm kimi istifadə etdikləri turizm növü də nostalji turizmi ilə oxşarlıq təşkil edir. "Əgər ailə üzvü bir müharibədə iştirak edibsə, sonradan ailənin digər üzvləri müharibə baş verən həmin məkanı, əzizlərinin döyüşdüyü yerləri ziyarət edirlər. Təbii ki, burada turizm faktoru da mövcuddur. Yəni oteldə gecələyirlər, hansısa ekskursiyalara qatılırlar. Bundan başqa, hansısa zəvvarların ziyarətləri zamanı hər hansı bir ziyarətçi həyatını itirir və o torpaqlarda dəfn olunur. Sonradan ailə üzvləri həmin məkana baş çəkir, əzizlərinin məzarını ziyarət edirlər". R.Quliyev hesab edir ki, bu baxımdan bizdə də bu və ya digər formada nostalji turizmi həyata keçirilir: "Ancaq bunu daha mükəmməl formada həyata keçirmək mümkündür". 

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov hesab edir ki, bu turizm növü bizdə inkişaf edərsə, məsələn, almanlar Göygöl, Ağstafa, Tovuz və Şəmkirə gəlib alman məskənlərini ziyarət edə bilərlər: "Vaxtilə onların dədə-babaları bu regionlarda yaşayıblar. Onların həmin alman məskənlərində izləri qalıb". Həmçinin Cənubi Azərbaycanda yaşayan azərbaycanlıların bu turizm marşrutu ilə istədikləri məkana baş çəkmələri mümkündür: "Sovet dönəmində Cənubi və Şimali Azərbaycan arasında sərhədlər bağlı olub. Azərbaycanlıların bir hissəsi burada yaşayıb, bir qismi 40-cı illərdə cənuba köçüb. Məsələn, Lütfi Zadə kimi böyük alim Bakıda anadan olsa da, sonradan bir sıra səbəblərdən İrana qayıdıb. Elə ailələr olub ki, bəzi üzvləri Azərbaycanda qalıb, bəzi üzvləri İrana gedib. Bu insanların vaxtilə yaşadığı məskənlərə baş çəkməsi, qohumlarını tapması üçün turizmin bu növünü inkişaf etdirmək olar. Çünki belə bir hiss insanlarda həmişə var. Onların çoxu keçmişinə səyahət etmək istəyir". 

Postsovet ölkələri artıq turizmin bu növünü inkişaf etdirmək haqqında düşünürlər. Bunu belə əsaslandırırlar: "Hər bir ölkənin immiqrantları var. Ölkələrin hamısının tarixində müharibənin izləri var. İnsanlar isə bu savaşlardan və ya digər səbəblərdən yurdlarından köç ediblər. Onları öz vətənlərinə, öz xatirələrinə qovuşdurmaq üçün turizmin bu növünə geniş ehtiyac var". Son illər Pribaltika və Moldovada turizmin bu qolunun inkişafı ilə bağlı səslənən bu fikirlər bizim ölkə üçün də xarakterikdir. Bir halda ki bizim xalqda anadangəlmə torpağa, yurda, qohum-əqrəbaya bağlılıq var, üstəlik, dünyanın müxtəlif yerlərində milyonlarla soydaşımız yaşayır, onda bu turizm marşrutunu inkişaf etdirməyə əla şərait yaranıb.
 
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.