Cəmiyyət

Gəncədə taksi qənimi ağır cəza aldı

15 Fevral 2018 08:20
0 Şərh     Baxış: 728
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncə Ağır Cinayətlər Məhkəməsində taksi sürücüsünə qarşı quldurluq edən Zeynalov Rəsul Rövşən oğlunun məhkəməsi başa çatıb.

Milli.Az "Report"a istinadən bildirir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi ilə keçən iclasda R.Zeynalovun Cinayət Məcəlləsinin 126.1, 181.3.3 və 228.4-cü maddələri ilə təqsirləndirilməsi barədə olan cinayət işinə baxılıb.

R.Zeynalov 16 mart 2017-cı il tarixində saat 00:30 radələrində yüngül dərəcəli sərxoş vəziyyətdə vətəndaş Allahverdiyev Razim Nazim oğlunun taksi fəaliyyəti ilə məşğul olduğu "VAZ-2107" markalı "10-HX-915" dövlət qeydiyyat nişanlı avtomobilə müştəri kimi minib. O, sürücüdən avtomobili Gəncə şəhəri "Türklər" qəsəbəsinə, tanışı Bayramov Allahverdi Əziz oğlunun yaşadığı ünvana sürdürüb. Tanışının evdə olmadığını müəyyən etdikdən sonra avtomobili Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində Sovxoz Nizami adlanan ərazidə yerləşən yeməkxanaya sürdürmüş R.Zeynalov, orada həmin yeməkxananın işləmədiyini görüb və yeməkxanaları səhv saldığını bildirərək avtomobili yenidən Gəncə şəhəri, Poçt qəsəbəsində yerləşən kafeyə sürdürüb. Lakin həmin kafenin də bağlı olduğunu gördükdən sonra o, R.Allahverdiyevə avtomobili təkrar Sovxoz Nizami adlanan ərazidə yerləşən yeməkxanaya sürməsini bildirib.

Sürücü S.Ruhulla küçəsinə daxil olub həmin ünvana getmək istəyərkən sərnişin ürəyi bulandığını və qusmaq istədiyi üçün sonuncudan avtomobili saxlamağı tələb edib.

Razim Allahverdiyev həmin küçədə 17 saylı yaşayış evinin qarşısında avtomobili saxladıqdan sonra, o, avtomobildən düşərək qusub, R.Allahverdiyev təkrar avtomobili idarə edərək hərəkətə başlayarkən sərnişin ondan yenə avtomobili saxlamağı tələb edib. R.Allahverdiyev avtomobili saxladıqdan sonra sərnişin maşının qapısını açıb avtomobilin içərisində oturmuş vəziyyətdə yenidən yerə qusarkən R.Allahverdiyev iyrəndiyi üçün avtomobilin sol yan qapısındakı pəncərəni açıb başını pəncərədən çölə çıxarıb. Bundan istifadə edən R.Zeynalov üzərində gəzdirdiyi ov bıçağı ilə əmlakını ələ keçirmək məqsədilə R.Allahverdiyevə həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib, R.Allahverdiyevin sağ döş qəfəsinə bir zərbə endirərək onun sağlamlığına ağır zərər vurub. Daha sonra onu avtomobildən düşürərək müxtəlif bədən xəsarətəri yetirib və sonuncuya məxsus 3500 manat dəyərində "VAZ-2107" markalı "10-HX-915" dövlət nömrə nişanlı avtomobili, həmin avtomobilin salonunda olan bir ədəd 20 manat dəyərində mobil telefonu, 2 sim kart nömrəsini, avtomobilin üzərində olan bir ədəd 5 manat dəyərində sarı rəngli "Taxi" emblemini, bir ədəd 40 manat dəyərində avtomobilin içərisində olan "Hyundai" markalı maqintafonun üzlük hissəsini, ümumilikdə 3 min 575 manat dəyərində özgə əmlakını zərəçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla zorla ələ keçirərək quldurluq edib.

Məhkəmənin qərarı ilə Azərbaycan Respublikası CM-in 181.3.3 və 228.4-cü ilə təqsirli bilinən Zeynalov Rəsul Rövşən oğlu 12 il 06 ay müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.