Cəmiyyət

"Cırtdanı kompüter arxasında çəksən, uşaqlar oturub baxacaq" - FOTO

13 Fevral 2018 21:01
0 Şərh     Baxış: 2 054
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Animasiya rejissoru Elçin Hami Axundovun Milli.Az-a müsahibəsi.

- Elçin bəy, neçə ildir ki, animasiya filmləri çəkirsiniz?

- Mən 1966-cı ildən bu sənətdəyəm. O zamanlar kinostudiyanın rəhbərliyi öz nəzdində animator kursları açmışdı və mən o kurslara daxil oldum. 2 ildən sonra kinostudiyada animator kimi fəaliyyətə başladım.

- Çəkdiyiniz ilk animasiya filmi hansı olub?

- 1968-cı ildə ilk animasiya filmi olan "Cırtdan"-ı çəkdik. Bu klassik Cırtdan idi. Niyə deyirəm ki, klassik Cırtdan? Çünki daha sonralar bu adda bir neçə animasiya filmi çəkildi. Ümumi götürəndə indiyə qədər 150-dən çox animasiya filmi çəkmişik.

- Bugünkü gündə çəkilən animasiya filmləri uşaqlara necə təsir edir?

- O vaxtlar animasiya filmlərini Azərbaycanda yaratmaq çox böyük iş idi. Kinostudiyanın o vaxtkı direktoru Adil İskəndərov çox yaxşı başa düşürdü ki, bizim uşaqlarımıza tərbiyəvi mövzuları təbliğ edən animasiya filmləri lazımdır. Sovet dövründə müəyyən psixologiya, konseptual tərbiyə yönümü var idi. Çünki o vaxtı uşaqların tərbiyəsinə xüsusi önəm verilirdi. Animasiya filmləri bilavasitə uşaqların tərbiyəsinə təsir edirdi. "Azanfilm" studiyası o vaxtlar ildə 1 film çəkirdi. Bu həddindən artıq az idi. Ona görə də zaman keçdikcə xaricdən böyük bir axın gəldi. Uşaqlar bu animasiya filmlərinə baxmaqla, ilk növbədə, öz dillərini unutdular. Bugünkü gündə də elə naşı studiyalar var ki, öz bildiklərini çəkirlər. Bu da uşağın tərbiyəsinə zidd olan nələrisə ortaya çıxarır. Buna nümunə olaraq Şreki göstərə bilərəm. Şrek mənfi personajdır, o, heç bir uşağa tərbiyə verməyəcək. Amma "Disney" animasiya studiyası bəşər uşaqları üçün çox iş görüb.

- Bu kimi halları necə aradan qaldırmaq olar?

- Mən dəfələrlə demişəm ki, hər bir studiyada gərək psixoloq ştatı olsun. O filmi ekrana verməmişdən öncə, yaxşı olar ki, psixoloq baxıb görsün ki, bu filmin uşağa təsiri necə olacaq? Mən fikir verirəm ki, xarici telekanallarda 10+, 15+ adlı loqolar olur. Yaxşı olar ki, bizdə də bu sistem tərtib olunsun. Çünki uşaq dünyanı animasiya filmləri vasitəsilə başa düşür. Filmlərdə aqressiya olmamalıdır. "Azanfilm"də rəhbər olduğum zamanlarda mən bilirdim ki, 6 yaşında uşaq hansı animasiya filminə baxa bilər? Bunu həmişə güdmək lazımdır. Əfsuslar olsun ki, Azərbaycanda professional animator çox azdır. Bir neçə cavan uşaqlar var ki, onlar bu sahədə işləyirlər. Amma onlar animator deyillər, hərəkəti gətirəndilər. Onlar gərək klassik animator dərsləri keçsinlər. Biz gərək 5-10 dəqiqəlik filmdən əl çəkib, saat yarımlıq filmlər çəkək. Bunun üçün də gərək ki, gözəl ssenarilər olsun.

- Uşaqlar üçün hansı mövzuda animasiya filmləri çəkilsə yaxşı olar?

- "Cırtdan", "Tık-tık xanım" və s. milli animasiya filmləri mövzusunda animasiyalar çəkilməlidir. İş orasındadır ki, o vaxtın uşaqlarının başını belə animasiyalar ilə qatmaq olurdu. "Cırtdan"-ı bugünkü gündə müasir çəkmək lazımdır. Cırtdanı kompyüter arxasında çəksək, daha maraqlı olacaq uşaqlara. Nəinki Cırtdan gedib divlə güləşir. O, bir az gülünc olacaq. Uşaq o qədər sual verəcək ki, heç cavab verə bilməyəcəksiz.

- Hal-hazırda hansı animasiya filmləri üzərində işləyirsiniz?

- Hal-hazırda mən "Azanfilm" studiyasında işləmirəm. 1 il bundan öncə Bilgəhdəki internat məktəbində uşaq studiyası fəaliyyətə başladı. Biz oradakı uşaqlarla 20-dən artıq film çəkmişik. Fikrimiz var ki, onları gələcəyinə xarici ölkələrə də göndərək.

Əli Rəhimoğlu
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.