Cəmiyyət

“Bir varlı qoca vardı, mənə gülün yarpaqlarını tək-tək sildirirdi…”

11 Fevral 2018 15:12
3 Şərh     Baxış: 4 813
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az bildirir ki, fevralın 9-da Azərbaycanın xalq artisti Zərnigar Ağakişiyeva da mənzilində ölü tapıldı. Ağakişiyeva Yasamaldakı mənzildə tək yaşayırmış. Aktrisadan xəbər ala bilməyən yaxınlarının müraciəti ilə FHN-in xilasetmə xidməti qapını açıb, 73 yaşlı aktrisanın vəfat etdiyi məlum olub. İlkin müayinə zamanı onun 3 gün əvvəl dünyasını dəyişdiyi müəyyənləşib.

Bağlı qapı arxasında köməksiz qalan, yaxud vəfat edən və bundan günlərlə heç kim xəbər tutmayan tənha qocalar haqda lentlərində adi, quru xəbər formasında verilən məlumatlara tez-tez rast gəlirik. Öz evində tənhalığa məhkum olanların əksəriyyəti baxımsızdır, yardım göstərəcək birilərinə möhtacdılar. Adətən qərb ölkələrində tənha yaşayan ahıllara QHT-lər, sosial institutlar nəzarət edir, onların ehtiyaclarını ödəyirlər. Azərbaycanda isə qocalar evi, küçələrdə qalan kimsəzsizlər üçün sığınacaqlar fəaliyyətdədir.

Bəs evi olan tənha ahıllara nəzarət varmı? Onların problemləri necə həll olunur? Ölkədəki çoxsaylı QHT-lərin arasında ahılların problemlərinə köməklik gösrətən, bu sahədə layihə həyata keçirən varmı?

Belə məlum olur ki, Azərbaycanda öz evində tənha yaşayan ahıllara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial işçiləri yardım edirlər. Nazirlər Kabineti tək yaşayan ahıllara göstərilən xidmətlər və xidmətlərə görə vaxt müəyyənləşdirilib, onlara həftədə 2 dəfə olmaqla yardım edilir. Digər günlər isə sosial işçilərin insafına qalır, kim istəsə himayəsinə verilən ahılın yardımına könüllü gedə bilər.

Həftədə 2 dəfə, 2 saat...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sosial xidmətlər və proqramlar şöbəsinin müdiri Vüqar Behbudov deyir ki, həftədə 2 dəfə 2 saat xidmət ahıllara kifayət edir. Bu vaxt ərzində sosial işçilər evi təmizləyir, həftəlik ərzaq ehtiyaclarını alır, yemək bişirirlər. Bəzən ehtiyacı olan qocaları həkimə aparırlar.

"Hazırda 1205 sosial işçi 10 min 964 ahıla xidmət edir. Onlardan 8 min 627-si 70 yaşdan yuxarı olanlardır. Tənha yaşayan ahılların siyahısı var. Amma onlara yardım göstərmək üçün mütləq həmin şəxsin özü və ya qonşuları tərəfindən nazirliyə rəsmi müraciət edilməlidir. Qanuna əsasən eyni yaşayış məntəqəsində əmək qabiliyyətli qohumları ilə birgə yaşamayanlara sosial xidmət göstərilir", -şöbə müdiri virtualaz.org saytına söyləyib.

V.Behbudov sözlərinə görə, hər xidmətin konkret vaxtı var. Məsələn, xəstənin yedizdirilməsi, qabların yuyulması ayda 8 dəfə olur. 1 sosial işçiyə 8-12 ahıl düşür. Ahıl şəxslər də öz işlərini sosial işçilərin iş qrafikinə uyğunlaşdırırlar.

Bağça müdirinin acınacaqlı taleyi...

Dövlət Sosial Müdafiə Fondunun Sabunçu şöbəsinin Sosial xidmət sektorunun işçisi Qizbəs Şirinova deyir ki, müxtəlif xarakterli, müxtəlif taleyi olan qocalarla rastlaşıb. Bəziləri vaxtı ilə yüksək vəzifədə çalışıb, var-dövlət içərisində yaşayıb. Amma sonradan yaxınları ölüb, kimsəsiz qalıb.

"Heç kim həyatda faciələrdən sığortalanmayıb. 9 qocaya baxıram, onlardan ikisi yataq xəstəsidir, biri isə gözdən əlildir. Bir neçəsinin yaşı 80-ni ötüb. Qaydalara görə hər gün 4 nəfərin evinə getməliyəm, amma əlil olan, yataqdan dura bilməyənlərin evinə hər gün gedirəm. Yalnız onu fikirləşirəm ki, bu həyat mənim də başıma gələ bilər. Onların evinə baş çəkməsəm ac-susuz qalarlar"-Q.Şirinova deyir.

Həmsöhbətimiz danışır ki, uzun illər bağça müdirəsi işləmiş qocanın ölümü onu çox sarsıdıb: "Qadın ailə həyatı qurmamışdı. Şəkər xəstəsi olandan sonra ayağının birini kəsmişdilər, qohumları aylarla qapısını açmırdı. Halbuki imkanlı olanda bütün qoyhumlarına yardım edibmiş. O qadının ölümü məni çox təsirləndirdi, çünki digərlərinə bənzəmirdi".

Q.Şirinovanın himayə etdiyi tənha qocaların əksəriyyətinin övladı olmayıb. Aralarında eləsi var ki, həyat yoldaşının ölümündən sonra ailə qurmaq istəməyib. Deyir ki, insan yaşlaşdıqca xarakteri dəyişir, bəzisi kövrək, bəzisi də aqressiv olur.

"İndi heç kim köməyə ehtiyacı olanın qayğısına qalmaq istəmir. Hətta biri vardı, əməliyyatdan əvvəl bacısına zəng vurdum, 3 gündən sonra gəlib baş çəkdi. Qocaların gözü həmişə qapıda qalır"-Q.Şirinova bildirir

"Həyat yoldaşı baş həkim idi, o gözəl evdə indi tənha qalıb"

Zəngilan rayon sosial təminat şöbəsinin sosial işçisi Mahirə Babaşova isə deyir ki, tənha qocalarla işləmək üçün yalnız "şirin dilin" olmalıdır: "Biri vardı, əvvəllər çox varlı olub, 4 otaqlı evdə yaşayırdı. Mənə güllərin yarpaqlarını tək-tək sildirirdi, hər həftə pəncərəsini təmizləyirdim. Onun hər istəyinə gülə-gülə cavab verirdim. Sonradan dedi ki, özü də xasiyyətinə bələddir, buna görə də heç kim qapısı açıb, onunla kəlmə kəsmək istəmir. İndi 11 qocaya baxıram, evlərini təmizləyirəm, yemək bişirirəm, pensiyalarını alıb verirəm. Qulluq etdiyim qocalardan birinin həyat yoldaşı tanınmış həkim olub, uzun illər baş həkim işləyib. Qadın ondan 20 yaş böyük olan həyat yoldaşından sonra ikinci dəfə ailə qurmayıb".

Babaşova deyir ki, qocalar pensiyası ilə ayı başa vurmağa alışıblar, amma kənardan yardım göstərənlər olsa daha yaxşı dolanarlar.

Tənha qocalar fırıldaqçıların toruna tez düşürlər

Sosioloq Nərmin Məmmədova deyir ki, sosial xidmətdən kənarda qalan ahıllar da var. Bəzilərinə isə daimi xidmət lazımdır, həftədə 2 dəfə ilə ehtiyacları ödənmir. "Xarici ölkələrdə xüsusi proqramlar var, məsələn, ABŞ-da "Hospis" deyilən proqram tətbiq edilir. Yaşlı insanlar üçün sosial evlər müəyyənləşdirilir, onların pensiyaları müqabilində yaxşı xidmət göstərirlər", -sosioloq qeyd edir.

Məmmədovanın sözlərinə görə, yaşlı insanları aldadanlar çox olur. Bəzən onlara baxmaq adı ilə evlərini mənimsəyirlər.

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova isə tənha ahıllar üçün transit sığınacaqların yaradılmasını təklif edir. Onun sözlərinə görə, qohumları və ya övladları tərəfindən əmlakı mənimsənilib, atılmış qocalar daha çoxdur. "Əvvəllər tənha qocalara bir neçə QHT yardım edirdi, məişət problemlərinə köməklik göstərilirdi. Qocalar məlumatlandırılırdı ki, əmlakı bağışlanandan sonra küçələrdə qalmasınlar. İndi tənha qocalara qayğı göstərilməsi yalnız nazirliyin sosial işçilərinin öhtəsindədir. Qocaların maarifləndirməsinə ehtiyac var. Əmlakın bağışlanmasında sosial işçilərin də rəyi nəzərə alınmalıdır", -Zeynalova deyir.

Ailə Məcəlləsinə görə, əmək qabiliyyətini itirən və öz yaşayışını təmin edə bilməyən ahıl uşaqlarından aliment ala bilər. Zeynalova əlavə edir ki, bir çoxlarının övladı xaricə üz tutduğu üçün yalnız qalır. Amma xaricə getmək övladı məsuliyyətdən kənarda qoymur. Valideyn məhkəməyə müraciət edərək övladından aliment tələb edə bilər.

Azərbaycan QHT-ləri tənha ahıllarla bağlı proqram həyata keçirməsələr də Beynəlxalq Qırmızı Xaçın Ermənistanla həmsərhəd kəndlərdə yaşayan belə insanların himayəyə götürülməsi üçün layihə həyata keçirdiyi məlumdur.

Həftənin 2 günü, 2 saat xidmət tənha qocaların ehtiyacını tam ödəmir. Ekspertlər deyirlər ki, bu sahədə QHT və ya digər sosial qurumların köməyinə ehtiyac var.

Azərbaycan QHT-ləri hazırda tənha ahıllarla bağlı proqramlar həyata keçirməsələr də Beynəlxalq Qırmızı Xaçın Ermənistanla həmsərhəd kəndlərdə yaşayan belə insanların himayəyə götürülməsi üçün layihə həyata keçirdiyi məlumdur. Bu layihə bir neçə ay əvvəl başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.