Cəmiyyət

Övadlarımızı "udan" kabus : Asosiallıq, yoxsa "Mavi balina"?

7 Dekabr 2017 16:05
8 Şərh     Baxış: 3 025

Dünyada uşaqların və yeniyetmələrin kabusuna çevrilən "Mavi balina" adlı internet oyunu artıq ölkəmizə də ayaq açıb. Çox təəssüf ki, bu "Mavi balina" internetin azad və təhlükəli sularında sərbəst şəkildə üzür və qarşısına çıxan övladlarımızı "udmağı" bacarır.

Oyun ilk dəfə 2013-cü ildə "VKontakte" sosial şəbəkəsində "Ölüm qrupu" adlı bir qrup vasitəsilə yayılmağa başlayıb. 50 təlimatdan ibarət olan oyunun sonunda oyunçudan intihar etməsi tələb edilir.

"Mavi balina"( Синий кит) oyunu universitetdən qovulmuş psixologiya fakültəsinin keçmiş tələbəsi Filip Budeykin tərəfindən yazılıb. "Ən azı 16 uşağı intihara təşviq etmək" ittihamı ilə həbs olunan Budeykin "cəmiyyəti bioloji zibillərdən təmizləmək" məqsədilə bu oyunu yaratdığını bildirib. Eyni zamanda oyunun müəllifi intihara meylli yeniyetmələrdən ibarət 8 qrup yaratmaqda ittiham olunur.

Rusiya KİV-nin yazdığına görə təkcə 2015-ci ilin noyabr ayından 2016-cı ilin aprelinə qədər 130 uşaq və yeniyetmə bu oyunun təsiri altında intihar edib. Qardaş Türkiyədə 2017-ci il ərzində intihar edən 142 yeniyetmənin bu oyunun toruna düşdüyü ehtimal edilir. Azərbaycanda da vəziyyət ürəkaçan deyil. Bu oyunun təsiri ilə intihar hadisələrə rəsmən təsdiqlənməsə də, son aylarda mətbuatda tez-tez bu oyunla əlaqədar intihar edən məktəblilərlə bağlı xəbərlərə rast gəlirik. Bu yaxınlarda Ağdaş rayonunda baş verən intihar hadisəsində də bu oyunun izlərinin olması ilə bağlı ehtimallar var.

Mətbuatda yayılan xəbərlərin rəsmi mənbələrin verdiyi açıqlamalarla üst-üstə düşməməsi şəxsən məndə çaşqınlıq yaradır.  Məsələn, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin böyük məsləhətçisi Pərviz Əliyev mətbuata verdiyi açıqlamada bildirir ki, "Mavi balina" oyunu ilə əlaqədar digər ölkələrdə kifayət qədər intihar halları baş versə də, Azərbaycanda hüquq-mühafizə orqanları tərəfindən uşaqların onunla əlaqədar intihar etməsi barədə yayılan məlumatlar öz təsdiqini tapmayıb".

Mətbuat isə intihar faktlarının, eyni zamanda intihar təşəbbüslərini bu oyunla əlaqədar olduğunu yazır.

İntiharlarla bağlı ehtimallar rəsmən təsdiqlənməsə də, bu oyunun artıq 2 ildir ölkəmizdə də yayıldığı öz təsdiqini tapıb. Sosial şəbəkələr vasitəsi ilə yayılan bu oyunun yayılmasının qarşısını almaq demək olar ki, mümkün deyil.

Bəs övladlarımızı "Mavi balina" və bənzər təhlükələrdən necə qorumalıyıq?

Bu sualın cavabını vermək elə də asan deyil. Hazırkı şərtlərdə uşaq və yeniyetmələri bu tipli oyunlardan qorumaq, nəzarətdə saxlamaq çox çətindir. İnternet demək olar ki, bütün evlərə yol tapıb. Hətta ucqar dağ kəndlərinə də internet çəkilib, internet klublar fəaliyyət göstərir. Evdə mane olduğumuz, internetdən uzaq saxlamağa çalışdığımız uşaqlar, gözdən yayınıb internet klublara gedir, dostunun, tanışının, məktəb yoldaşının telefonundan istifadə edib internetə qoşula bilir. İnternet əsrində uşaqları internetdən qorumaq praktiki olaraq mümkün deyil. Düzgün təlim-tərbiyə metodları, ailənin sosial statusu, valideynlərin dünyagörüşü və intellekti internetə qarşı, daha doğrusu internetin zərərli tərəflərinə qarşı mübarizə etmək üçün yetərsizdir.

Bizim övladlarımızın internetdən də böyük problemi sosiallıqdan, uşaq əyləncələrindən, kitabdan, idmandan uzaq olmalarıdır.

Məsələn, bizim uşaqlıq dövrümüzün öz əyləncələri vardı. Kənd məktəbində təhsil aldığım dövrdə siniflər, məktəblər, kəndlər arası futbol, voleybol yarışları təşkil edib, günlərlə ona hazırlaşardıq. Dərsdən sonra maraq kursları, tənəffüslərdə qızğın müzakirələr olardı. Tətillərdə daha fərqli, daha maraqlı əyləncələrimiz olardı. Gizlənqaç, çilingağac, qaçdı-tutdu və buna bənzər çoxlu oyunlarımız vardı. Orta məktəbin, kəndin kitabxanasından kitab alıb oxumaq üçün yarışa girərdik. Oxuduqlarımızı bir-birimizlə paylaşmaqdan zövq alar, bir-birimizə kömək edərdik. Yeri gələndə savaşar, bir-birimizlə höcətləşər, yeri gələndə valideynlərimizin köməyinə qaçardıq. Uşaqlıqda qurduğumuz dostluqlar daha səmimi, daha dərin olardı. İndi övladlarımız bütün bunlardan özlərini məhrum edib.

Psixoloqlar  hesab edir ki, yeniyetmə intiharlarının əsas səbəbi onların sosial həyatdan uzaq düşmələridir.  Övladlarımız sosial həyatdan qaçıb, internet oyunlarına, oyun konsollarına meyillənirlər. Əvvəllər məhəllələrdə uşaqların səs-küyündən qulaq tutulardı, indi buna təsadüfən də rast gəlmək mümkün deyil. Nəticədə isə qapalı, aqressiv və psixologiyası pozulmuş yeniyetmələr yetişir. Bütün gün sosial şəbəkələrdə  vaxt keçirən, internet klublarda veyllənən yeniyetmənin  "mavi balinalar" tərəfindən udulması labüddür.

Övladlarımızı dostluqlar qurmağa həvəsləndirməli, idmanla, maraq dairəsinə uyğun olaraq musiqiylə, incəsənətin digər sahələriylə məşğul olmasına şərait yaratmalıyıq. Məktəblərdə fəaliyyət göstərən psixoloqlar risk qrupunda olan şagirdlərlə daha yaxından maraqlanmalı, valideynlər övladlarını psixoloq yanına aparmaqdan utanmamalıdırlar.

Övladlarınızla yaxından dost olmadan, onların problemini anlamaq sizə çətin gələcək. Bəzən qayğı və problemlər mane olsa da, heç bir maneəyə baxmayaraq övladınızla dost olun. Onların dünyasına daxil olmağa, onlar kimi düşünməyə çalışın.

Bilirəm, çox ağır və geniş müzakirələr tələb edən bir mövzunu kiçik bir yazıda təhlil etmək mümkün deyil. Amma hamımızın bildiyi bir həqiqəti yenidən xatırlamaqda fayda var: Övladlarımız sosial həyatdan, kitabdan ayırdıqca və ya onların elmdən, təhsildən, sosial həyatdan uzaq düşməyinə göz yumduqca onların "mavi balinalar" tərəfindən udulması qaçılmazdır. 

Şüarçılıq etmək istəməzdim, amma bu gün bu çağırışa ehtiyac var:  Gəlin övladlarımızı qoruyaq!

Cəlil Cavanşir
Milli.Az

Şərh yaz:

8 Şərh:

  • Anonim
    ESİ:( · 7 Dekabr 16:1740

    Çalışırıq Celil bey..Dünen qızım mene bu haqda sual ünvanladı,mektebde uşaqlar arasında da bu mövzu aktualdır..Meettel qalmışdım dünen ve ne yalan deyim çox xoflandım..Tebliğat ve maraq güclüdür..Uşaqların çoxu maraq üçün yükleyir bu oyunu ve caynağından qurtula bilmirler..Ele bizim uşağın sinif yoldaşları da cehd edib yüklemeye,yüklemede problem olub..Çox ciddi tedbirler görülmelidi,tek valideynlerle olacaq iş deyil bu!!!Nezaret etmek mütleqdir!!!

    Cavab yaz
  • Anonim
    maqa · 7 Dekabr 16:3130

    weher uwaqlari yene bir derneye zada gedirler bes kend ve qesebelerde bele yerler varmi uwaqlari celb etmeye yaxwi iwlere

    Cavab yaz
  • Anonim
    Mələk · 7 Dekabr 17:0883

    Afaq Aslan mövzusuna onlarla şərhlər yazıldı, lakin övladlarımızla bağlı olan mövzu ilə əlaqədar məqaləyə münasibət bildirmək heş bir valideyn üçün maraqlı olmadı. Bax budur gələcək nəslin yetişməsinə münasibət. Bizi ancaq boş-boş şeylər maraqlandırır.

    Cavab yaz
  • Anonim
    mamuska · 7 Dekabr 17:2830

    Celil bala,senin yazini diqqetle oxudum,ne yalan deyim,cox sevindim.Bilrsen neye...Senin yazindaki optimistliye.Demek ki,artiq basa dusdun heyatin menasi nede oldugunu.Men bu setirleri senin evvelki pessimist,heyatdan kuskun,narazi meqalelerine regmen yaziram.Demeli bize ,,Mavi balina,, lazim imis ki,heyatin nece gozel oldugunu,ovlad sevgisinin nece guclu oldugunu ve ovladlarimizi bu olum sacan ,,Mavi balinadan,,nece qurtarmaq ucun aile ile bir yerde olmagi basa duse bileydik.

    Cavab yaz
  • Anonim
    orxideya · 7 Dekabr 17:4442

    Valideyn-uşaq arasindaki qarşiliqli ünsiyyət olmadiqda uşaq həyatinda sanki bir boşluq yaranir, boşluğa qapilan uşaqda güclü darixmaq hissi olur, boşluğu doldurmaq üçün, darixmaq hissindən qurtulmaq üçün uşaq ona zahirən pariltili görünən uçuruma meylli olur.

    Cavab yaz
  • Anonim
    SEVDA.Sabirabad · 7 Dekabr 19:2630

    Burdan būtūn valdeyinlərə səslənirəm__Övladlarınızı qoruyun .Bir an belə nəzarətsiz qoynayın.__Mənim övladım bunu etməz __ deyib ūstūnnen kecməyin.Bu oyun artıq būtūn uwaqların maraq dairəsindədi.Fūrsət axtarırlar yūkləyib,baxmağa.Sanki gipnoz olublar.Uwaqlarınızın telfonunu tez tez yoxlayın.

    Cavab yaz
  • Anonim
    Kamil · 7 Dekabr 20:5830

    Artıq bu usaqlarda maraq yaranıb göre sen necə oyundur.çalışmaq lazımdır usaqlarmızı belə oyunlardan uzaq edək .Bir də usaqlara gerçəkləri demək lazımdır ki , usaqlarda belə oyunlara maraq oyanmasın.

    Cavab yaz
  • Anonim
    LADY- L · 7 Dekabr 23:1230

    Celil bey, menim daha cox diqqetimi ceken meqam bu oyunun yaradicisi Filip Budeykinle bagli oldu. Deyirem muellimler onu nahaq qovublarmish universitetden. Gorunen odur ki, onun insan psixologiyasina cox guclu tesir etmek qabiliyyeti varmish. Hele bu universiteti axira qeder oxumadan bu hoqqalardan cixib, gorun indi axira qeder oxusaydi ne qeletler eleyerdi. Belke de onu universitetden qovmasaydiler her shey bashqa cur olardi. Ola biler qovulduqdan sonra onda muellimlerine qarshi ele bir nifret yaranib ki , o da oz gucunu bu yolla subut elemek isteyib onlara. Yeni ,gorursuz yararsiz hesab elediyiniz telebe sizden daha cox tesir eleye bilir insan psixologiyasina. Onun qurbanlarina geldikde ise, sosial heyatdan uzaqlashmaq neinki yeniyetmeleri ele boyukleri de intihara surukleyir. Bu gedishle vertual bagimliliq butun dunyanin mavi balinasi olacaq.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.