Cəmiyyət

Mənim böyük yəhudi sevgim

14 Noyabr 2017 16:46
Baxış: 7 061
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dənizin ortasında, qağayı, dalğa və gülüş səsləri havalarda uçuşan yer təsəvvür edin. Evləri, çiçəkləri film dekorasiyasına oxşayan ada. Nağıl kimi ada. İstanbulun göz bəbəyi, Prins adalarından biri olan Böyük ada.

Bir yerin pişikləri gözütox, artıq çəkidən səkilərə yayxanıb, harın-harın ətrafa baxırsa, özünü küçələrin, məhəllələrin sahibi kimi aparırsa, o yer pis ola bilməz.

Bir yerin uşaqları küçələri mahnı oxuya-oxuya, böyüklərlə, hətta yaşlı nəsillə zarafatlaşa-zarafatlaşa gəzə bilirsə, o yer nəinki yaxşıdır, hətta müqəddəsdir.

Qadını gülməyən şəhərlər yoxsuldur, gələcəkdən məhrumdur. Qadını sevinməyən yerlər susuz səhradır. Böyük adanın qadınlarını başlarında çələng, üzlərində gülüş gəzirlər.

Böyük adada maşın yoxdur. Velosiped və faytonlar var. Burada insanın gözündən sanki bir qat kif, köhnəlik əksilir.

Əfsanələrə görə, burada Bizans şahzadələrinin sarayları olub. Böyük adada hər qız özünə görə şahzadədir.

Rahatlıq, firavanlıq adasının tarixi və yerli sakinləri yunan və yəhudilərdir. Qədim mədəniyyət və tarixin verdiyi güvən, arxayınlıq, bir az da yekəxanalıq adalıları özünə qapandırıb. Onlar demək olar ki, yerli türklərlə qaynayıb-qarışmırlar.

Yerli yəhudilər isə...

Öz-özünü yaratmış insanlar dəyərlidir. Öz-özünü yaratmış, tarixini özünü yazmış millətlər əvəzsizdir, bütövlükləri əbədidir. Yəhudilər bu dünyada insanlığın yaşaya biləcəyi ən böyük dəhşətləri görmüş, hər cür ayrı-seçkiliyə məruz qalmış, əzab çəkmiş xalqdır. Yəhudilərlə azərbaycanlıları bəlkə də bu dəyər birləşdirir. Biz də yəhudilər kimi zülmlər çəkmişik, evimizdən, doğulub böyüdüyümüz torpaqlardan sürgün edilmişik, soyqırıma məruz qalmışıq. Azərbaycanlılarla yəhudilər ortaq ağrıları ürəyinin başında daşıyır. Nə xoş güzəran, nə də ümidli gələcək bu iki xalqın çəkdiyi zülmləri onlara unutdura bilmir.

Yəhudilər Böyük adada seçilirdi. Zövqlü evlər, keyfiyyətli həyat tərzi, özünəhörmətlə. Bizim yəhudilərlə ortaq xüsusiyyətlərimizdən biri də budur. Biz azərbaycanlılar yaxşı və keyfiyyətli həyatı sevirik. Min bir dərdimiz olsa da, insanların içində şux dura bilirik. Bəlkə də müqayisə yersiz və lazımsızdır. Siz saçı ağlı-qaralı, üst-başından kir tökülən, üzünə saxta yazıq ifadəsi vermiş yəhudi və azərbaycanlı qadın görə bilməzsiniz. Təsvir etdiyim qadın məhz ermənidir.

Yəhudilər Bakıya "yəhudilərin cənnəti" deyir. Onlar üçün Bakı həmişə özününkü və vətən olub. Yəhudilərlə azərbaycanlıları qarşılıqlı anlaşma və sevgi bağlayıb.

Bir neçə il bundan əvvəl Bakının mərkəzində, Avropa yəhudilərinin dini məbədində Tövratın perqamentlə yazılmış variantı təqdim edilirdi. Bu tədbirin təhlükəsizliyinin təmin edilməsi dünyanın bir çox yerindən tədbirə gələn yəhudiləri şoka salırdı. Bakıda yəhudilərin dini ayini yerli əhali üçün bayrama çevrilmişdi. Tədbir iştirkaçıları isə Azərbaycan dövləti tərəfindən göz bəbəyi kimi mühafizə edilirdi.

Yəhudilərin Böyük adadakı həyat tərzi ayrı mövzudur. Onlar Böyük adadakı evlərinə "50 gün" adı veriblər. İlin yalnız əlli günü onlar Türkiyənin və dünyanın müxtəlif ölkələrindən Böyük adaya gəlir, burada yaşayan dost-tanışlarla vaxt keçirirlər. Əgər cənnət varsa, onun yazı yəqin ki, Böyük adaya planlaşdırılıb...

Suların ortasında yerləşən balaca dünyada xüsusi əyləncələr axtarmaq lazım deyil. Hər tindən canlı musiqi səsi gəlir. Hava qaralan kimi məhəllələrin arasındakı kafelərdən skripka səsi ucalır. Buradakı musiqiləri anlamaq üçün dil bilmək lazım deyil.

Yay gecələrində tanınmış yunan, türk, yəhudi müğənnilərin kütləvi konsertləri adada adi haldır. Belə axşamların birində yunan əsilli müğənninin konsertində idim. Müğənni növbəti mahnını elan etdi. Əvvəldən üzr istədi ki, ifa edəcəyi mahnı orkestrlə ifa olunmalıdır, texniki baxımdan çətin olsa da, mahnını ifa edəcək. Başladı... 7 və 9 yaşlı övladlarımdan gələn sevinc səslərini heç vaxt unutmayacağam. Mənə bir anda elə gəldi ki, hansısa Azərbaycan mahnısı səslənir, uşaqlar da ona görə sevincək ortaya düşüb oynayırlar. Səslənən "Hava Nagila" idi. Bir neçə saniyədə ətrafımızı insanlar sardı. Konsertə baxmağa yığışan yəhudilər konsertə yox bizə baxırdı. "Hava Nagila"dan sonra bizə yaxınlaşanların əksəriyyəti etiraf etdi ki, uşaqlar onlardan daha yaxşı oynayır. Onlar isə "Laki-laki"ni daha yaxşı oynaya bilir. İçlərindən biri bizə dedi ki, əminəm, siz Bakıdan gəlmisiniz. Yəhudilərin spesifik rəqsini azərbaycanlılardan başqa bu qədər yaxşı bilən ikinci millət tanımır. Gözlərində sevinc və qürur yaşı görünən o anda mənim üçün bütün yəhudi xalqı idi. O göz yaşları iki xalqın yaşadığı ağrını soyutmağa çalışan məlhəm idi.   

P.S: Azərbaycanlılar və yəhudilər ən yaxşı həyatı haqq etmiş iki əzabkeş xalqdır. Bütün dünya, insanlıq bu iki xalqa maddi və mənəvi olaraq borcludur. Necə ki, dünya texnologiyasının , yeniliklərin altında yəhudi imzası varsa, eləcə də dünya ədəbiyyatı, mədəniyyət irsinin hər qarışında azərbaycanlı zəhməti var. Odur ki, yeyin, sevin və şükr edin...

Günay Arda
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.