Cəmiyyət

Allaha inanirsinizmi?

23 Sentyabr 2017 23:55
248 Şərh     Baxış: 9 273
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müsəlmanın kim olub, olmadığını Rəbbimiz Qurani Kərimdə bəyan etmişdir. İnsanlar "inandım" dediklərinə bir daha nəzər yetirməlidirlər. İman haqqında 4 əsas suala cavab verərək imanınızı yoxlayın.
1. Allaha inanırsınızmı?
2. Rəsuluna inanırsınızmı?
3. Qurana inanırsınızmı?
4. Qurani Kərim, yaşamağımız vacib olan cahanşümül kitabdırmı?

Bu bölümdə bu suallardan sadəcə birincinin cavabını araşdıracağıq.

1. Allaha inanırsınızmı?

Milli.Az azerislam.com-a istinadən bildirir ki, bu bir çoxlarına görə bu sual əbəs, bir çoxlarına görə çox lazımsız sualdır.
Necə yəni "Allaha inanırsınızmı?"
Təbii ki,
Əlbəttə ki,
Heç şübhəsiz ki BƏLİ...
Bir çoxlarının rahatlıqla və əminliklə söylədikləri bu cavab mənə görə kifayət qədər dəqiq və razılaşacağım bir cavab deyil. Çünki "Allaha inanırsınızmı?" sualına "Bəli" cavabı verən insanların böyük əksəriyyətinin Allahı inkar etmədiklərinə və kiçik bir qisminin də Allaha iman etdiklərinə inanıram! Belə ki, Allahı inkar etməyən böyük əksəriyyət Allahı inkar etməməklə Allaha iman etdiklərini zənn edirlər və bunu səmimi bir iddia olaraq irəli sürürlər.

Deyəcəksiniz ki,
Allahı inkar etməməklə Allaha iman etmək arasında nə fərq var ki?
Əslində heç bir fərqin olmaması lazımdır. Allahı inkar etməyən bir insanın inkardan uzaqlaşmaqla imana yaxınlaşması və bunun bir nəticəsi olaraq Allaha iman etməsi, haqqı ilə iman etməsi lazımdır.
Fəqət vəziyyət belədirmi?
Yaşadığımız bölgələrdə Allahı inkar etməyən insanlarda Allaha iman vəsfi varmı?
Bu haqında şəxsi qənaətim təəssüf ki, mənfidir. Çünki cəmiyyətdə tanıdığım insanların böyük əksəriyyətində Allahı inkar etməmək vəsfini açıq bir şəkildə müşahidə etməyimə rəğmən, Allaha iman vəsfini qismən də olsa görmüş və ya hiss etmiş deyiləm.
Allahı inkar etməmək barəsində göstərdikləri həssasiyyət Allaha iman barəsində yox deyiləcək qədər azdır. Allahın varlığını inkar etməklə bağlı açıq küfürlərdən qaçaraq uzaqlaşmalarına rəğmən, Allaha imanla bağlı və imanın təsdiqi olan əməllərə yürüyərək də olsa bir yaxınlaşma yoxdur.

Çox təəccüblü deyilmi?
Bu anlatdığımız hal təbii ki, məsələnin bir tərəfidir. Məsələnin digər tərəfi isə Allaha iman etdiklərini iddia edən insanlardakı yanlış və əskik Allah anlayışıdır.

Səmimi bir şəkildə "Allaha iman edirik" deyən insanların istifadə etdikləri ifadənin gerçək iman edənlərin istifadə etdikləri ifadə ilə eyni olmasına rəğmən bu ifadədə nəzərdə tutduqları Allah anlayışı bir-birindən fərqlidir.

"Gözdən iraq olan, könüldən də iraq olar!" məsəlini qəbul edən bir çox insana görə,
gözdən iraq olan Allah,
könüldən də iraq olmuşdur!
Bu insanlara "Allah" dediyiniz zaman başlarını göyə qaldıraraq nəzərlərini çox uzaqlara yönəldirlər. Çünki inandıqları Allah uzaqlarda, çox uzaqlarda olan bir Allahdır. İnandıqları Allah, yerləri və göyləri yaratmış və sonra da çox uzaqlarda olan məqmına çəkilmişdir!
Bəzilərinin nəzərdə tutduqları Allah anlayışı isə kainatı yaradan, yağışı yağdıran, bitkiləri yetişdirən, bütün canlıların ruzisini verən fəqət yaratdığı və yaşatdığı insanların yer üzündə nə etdiklərinə, necə idarə olunduqlarına heç qarışmayan bir Allah anlayışıdır!
İnsanlara "Qul haqqı yeməyin, Mənim haqqımı nə edirsiniz edin!" buyuran bir Allah anlayışıdır.
İnsanlara "yaxşı və dürüst olun!" buyuran, lakin bu yaxşılığın və dürüstlüyün ölçüsünün nə olduğunu bildirməyən bir Allah anlayışıdır!
Daha açıq bir ifadə ilə,
çox-çox açıq bir ifadə ilə, yaşarkən deyil, öldükdən sonra diqqətə alınması vacib olan bir Allah anlayışıdır!

Allah haqqındakı bu yanlış və əskik düşüncələri daha artıq anlatmağımıza təbii ki, ehtiyac yoxdur. Vacib olan, haqqında danışılması lazım olan aləmlərin Rəbbi olan Allahın doğru tanınmasıdır. Bu doğru tanımaq isə heç şübhə yoxdur ki, bizlərə doğru bilgilər verən Qurani Kərimlə mümkün olacaqdır. Bir neçə ayəyə baxaq:

Zamandan və məkandan münəzzəh olan Allahı uzaqlarda, çox uzaqlarda düşünənlərə Qurani Kərim bu açıq həqiqəti bildirir:
"And olsun insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsələr verdiyiniz də Biz bilirik. Biz ona şah damarından yaxınıq" (Qaf, 16)

Aləmlərin Rəbbi olan Allahın yer üzündəki insanların və toplumların işlərinə qarışmasını istəməyən və Onu göylərin Rəbbi olaraq qəbul edənlərə heç də xoş gəlməyəcək bu həqiqəti zikr edir:

"(Allah) Göylərin, yerin və hər ikisinin arasındakıların Rəbbidir; o halda Ona ibadət et və Ona ibadətdə əzm göstər. Heç Onun şəriki olduğunu eşitdinizmi?" (Məryəm, 65)

Camaat və ya partiya liderləri anıldığı zaman olduqca həyəcanlanan, lakin Allahın adı anıldığı zaman qəlblərində kiçik bir titrəyiş, ən icə bir ürpərti olmayan insanlara Allaha haqqı ilə iman edən möminlərin bu keyfiyyəti bəyan edilir:

"Onlar ki, Allahın adı anıldığı zaman qəlbləri ürpərər; onlar başlarına gələn müsibətlərə səbr edər, namazı doğru-düzgün qılar və ruzi olaraq verdiklərimizdən infaq edərlər" (Həcc, 35)

Şanı uca Rəbbimizin isim və sifətləri ilə bağlı ayələrdən bir neçəsində belə buyurur:
"O Allah ki, Ondan başqa ilah yoxdur. Qeybi (görünməyəni) və aşkarı biləndir. Rəhman və Rəhim olan Odur. O Allah ki, Ondan başqa ilah yoxdur. Məlikdir (bütün mülkün sahibi); Qüddüsdür; Salamdır; Mumindir; Mühəymindir; Əzizdir; Cabbardır; Mutəkəbbirdir. Allah (müşriklərin) şirk qoşduqlarından çox ucadır. O Allah ki, yaradandır, qüsursuzca var edəndir, şəkil və sürət verəndir. Ən gözəl adlar Onundur. Göylərdə və yerdə olanların hamısı Onu təsbih edir. O Əziz və Hakimdir" (Həşr, 22-24)

Bəli, aləmlərin Rəbbi olan Allahı  Qurani Kərimdə bəyan edilən bu ilahi həqiqətlərlə tanımağımız və Ona beləcə inanmağımız,
iman etməyimiz lazımdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.