Cəmiyyət

Müğənni Damla niyə bu qədər populyardır?

22 Sentyabr 2017 17:04
26 Şərh     Baxış: 7 567
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu yazı əslində günlər öncə, Milli Musiqi Günü - dahi Üzeyir bəyin doğum günündə yazılmalı idi. Subyektiv səbəblərdən bir az gecikdim.

Bu il Müsəlman Şərqində musiqili operanın, Azərbaycanda musiqili komediyanın əsasını qoyan, dünya musiqi bilicilərinin "Professional Şərq musiqisinin atası" adlandırdığı dünya şöhrətli azərbaycanlı bəstəkar, dramaturq, pedaqoq, milli musiqimizin inkişafında misilsiz xidmətləri olmuş Üzeyir Hacıbəyovun anadan olmasının 132-ci ildönümüdür. 1995-ci ildən Üzeyir bəyin doğum günü rəsmi şəkildə Milli Musiqi Günü kimi qeyd olunur. Bu həm dövlətin, həm də millətin Üzeyir bəyə olan sonsuz sevgisinin və sayğısının göstəricisidir. Bu milləti peşəkar musiqi ilə tanış edən və peşəkar musiqini sevdirmək üçün illərini xərcləyən Üzeyir bəyin bu yolda çəkdiyi əziyyətlər və qazandığı nailiyyətlər haqqında yazıb vaxtınızı almaq istəmirəm. Bu barədə cild-cild kitablar, elmi işlər yazılıb. Elə sadəcə "quqllasanız" internet resurlarında Üzeyir bəylə və Milli Musiqimizin yaranması ilə bağlı yüzlərlə material var. Məni Milli Musiqi Günündə və o dahi kişinin doğum günündə düşündürən tamamilə başqa məsələ oldu. Mən bu önəmli gündə oturub sizin üçün bir qədər önəmsiz və kiçik görünən məsələni, xalqımızın kütləvi surətdə musiqi zövqündən məhrum olmasını düşündüm.

Musiqi dünyasına əvəzsiz incilər bəxş edən, Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Qara Qarayev kimi böyük musiqiçilər yetirmiş bir millətin musiqi zövqünün bu qədər bayağılaşması, kütləvi zövqsüzləşmə yumşaq desəm, qanımı qaraltdı. Görəsən avtobuslarda, taksilərdə eşitdiyim, Yotube-də tez-tez qabağıma çıxan və hərdən kefimin olmayan vaxtlarında dinləyib gülümsədiyim bu qədər bayağı mahnıları kimlər və hansı şəraitdə yazır? Milyonlarla dinləyicisi olan bu musiqiləri dinləyənlər kimlərdir?

Damlalar, vasiflər, asiflər, pərvizbülbülələr, üzeyirmehdizadələr, rəqsanələr, şəbnəmtovuzlular hansı məktəblərdə, hansı şəraitdə yetişir, kimlərdən dərs alır? Və ən ağrılısı, bu adamlar niyə bu qədər populyarlaşır və sevilir? Kütləviləşən bayağı musiqilərin peşəkar sənət kriteriyalarına cavab vermədiyi, meyxanaçıların mərsiyə ritmləri üstündə "bəstələdiyi" diringilərin zövqsüzlüyü məlum məsələdir. Bəs biz nə üçün bu zövqsüz, bayağı diringiləri dinləyirik?

Bu gün toylarımızı, el şənliklərimizi bayağı müğənnilər, ağlaşma quran meyxanaçılar idarə edir. Ən xoş günümüzə cahil, bayağı, savadsız insanlar rəng qatır. Zövqümüzü onların oxuduğu mənasız və məzmunsuz diringilərə kökləyirik. Damla kimi sevib, Vasif kimi kədərlənirik. Pərviz Bülbülənin zəvzəmələrini şeir hesab edib, başımızı müdrik-müdrik tərpədib mənasızlıqdan zövq alırıq.

Müsəlman Şərqi hər zaman kədərə, ələmə, yasa, ağlaşmaya meyilli olub. Bu heç kəsə sirr deyil ki, Qoca Şərqin ovqatı hələ də melanxolikdir. Bu coğrafiyada teatr, peşəkar səhnə sənətləri təşəkkül tapmamışdan öncə şəbihlər, məhərrəmlik tamaşaları artıq çox populyar idi. Bu coğrafiyaya 14 əsr öncə gəlib kök salan, şərqdə ən çox eşidilən Azan və Quran səsi kədərli laddadır. Biz musiqiçidən daha çox rövzəxan, mərsiyəxan, vaiz dinləmişik. Bu ələm, kədər, ağlaşma əhval-ruhiyyəsi bizim genetik kodlarımızı zədələyib, qanımıza işləyib. Coşqulu saz havacatına qarşı, lirik, sentimental muğamla peyvənd olunmuşuq. Muğamla aşıq sənətini qarşı-qarşıya qoymaq istəmirəm, amma yəqin bu barədə də geniş yazı yazmağa ehtiyac var.

Bu gün məşhur olan, gənclər tərəfindən dəlicəsinə sevilən əksər müğənnilər əslində daha çox mərsiyəxandır. Onların ifa etdiyi musiqilər, "mahnılar" heç bir peşəkar kriteriyaya uyğun gəlmədiyi üçün, bu əcaib-qəraibliyi diringi adlandırmağı münasib görürəm. Və bu diringilər təəssüf ki, folklorumuzun bir parçası olan meyxana səviyyəsinə belə qalxa bilmir.

Bu gün ən bahalı toy müğənnilərindən biri "yanğılı diringiləri" ilə efirlərimizdə meydan sulayan Damladır. Onun diringilərinin bu qədər sevilməsinin səbəbi, bir yandan kütləvi zövqsüzlüklə əlaqələndirsə də, məncə bunun daha ciddi səbəbi var. Kütlə, kədərli-ələmli, ağlamalı ovqatdadır. Kütlənin ovqatı, həm də onun zövqünü formalaşdırır. Çayxanada içdiyi 2 manatlıq çayın pulunu vermək üçün bir-birinin üzünə döyükə-döyükə baxan cavanların, peşəkar musiqi dinləməsi absurddur. Kədərli gənclərin efirdə cüzdanından 3500 manat çıxaran Damlanı, sevgidən qəlbi qırılan növcavanların Vasifi, Pərviz Bülbüləni dinləməsini haradasa anlamaq mümkündür. Bəs 200 minlik avtomobilin sükanı arxasında əyləşən, "papa-mama şotuna" şıllaq atan, tətili Baxın, Bethovenin, Motsartın, Çaykovskinin, Şopenin vətənində keçirən gənclər niyə Damla dinləsin ki? Bu zövq(süzlük) məsələsidirmi? Bax bunu bilmirəm. Bəlkə də zövqümüzə dəhşətli virus yoluxub və biz bundan xəbərsizik...

"Müğənni Damla niyə bu qədər populyardır?" sualına cavab axtara-axtara Damlanın Youtube-də 8,2 milyon dəfə izlənən anlaşılmaz sözlərdən ibarət "Bilirmisən" əsərini açdım...

İndi elə kədərliyəm ki....

Cəlil Cavanşir

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.