Cəmiyyət

Şəki İSTƏK liseyinin açılış mərasimi olub - FOTO

21 Sentyabr 2017 16:13
Baxış: 4 341
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sentyabrın 21-də Şəki şəhərində Şəki şəhər 5 saylı məktəbin eksperimental pilot siniflərinin (Şəki İSTƏK liseyi) açılış mərasimi həyata keçirilib. Tədbirdə Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, şəhərin özəl və dövlət qurumlarının, eləcə də təhsil ictimaiyyətinin nümayəndələri, valideynlər və media nümayəndələri iştirak ediblər.

Milli.Az bildirir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanılıb. Açılış nitqi ilə çıxış edən İSTƏK liseyinin direktoru Samir Şəmiyev liseyin açılmasının Şəki-Zaqatala iqtisadi rayonunun təhsil həyatı üçün əhəmiyyətindən danışıb. O, qeyd edib ki, ötən ilin nəticələrinə əsasən İSTƏK liseyi 309 məzun verib və məzunlarının 100%-i ali məktəblərə qəbul olunub. Onlardan 31%-i dünya şöhrətli xarici universitetlərə qəbul olunub. Lisey respublika və beynəlxalq olimpiadalardan ümumilikdə 93 medal qazanıb ki, onların 23-ü qızıl medal olub. Şəki şəhərində belə bir liseyin açılması bu bölgədə yaşayan şagirdlərə daha keyfiyyətli təhsil alaraq beynəlxalq fənn, layihə və robot olimpiadalarında iştirak etmək imkanı yaradacaq və ümumilikdə ölkə təhsilinin inkişafına öz töhfəsini verəcək. Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov son illərdə Azərbaycan təhsilinin əhəmiyyətli dərəcədə inkişaf etdiyini, bu inkişafın Şəki şəhərinin təhsil həyatında da bir daha öz əksini tapdığını bildirib. O cümlədən Elxan Usubov ötən tədris ilində Şəki şəhərindən olan 674 şagirdin ali məktəblərə qəbul olduğunu, onlardan 60 nəfərdən çoxunun 600 baldan yüksək nəticə göstərdiyini bildirib, bu göstəricilərin davamlı olması üçün Şəki İSTƏK liseyinin fəaliyyətə başlamasının vacibliyini qeyd edib.

Geniş həyətyanı sahəyə malik olan kampus müasir maddi-texniki baza, geniş, işıqlı sinif otaqları, kimya, biologiya, fizika, kompüter laboratoriyaları, idman meydançaları, kitabxana, beynəlxalq tələblərə cavab verən avadanlıq və dərs ləvazimatları ilə təchiz olunub. Liseydə tədris peşəkar pedaqoji təcrübəyə malik müəllimlər tərəfindən aparılır. Liseydə qız və oğlan şagirdlər birlikdə təhsil alırlar. Hazırda V-IX siniflərin təhsil aldığı liseydə Şəki şəhəri və ətraf rayonlardan olan şagirdlər üçün yataqxana şəraiti mövcuddur.

Məlumat üçün qeyd edək ki, İSTƏK liseyi I-XI sinif şagirdlərinə Azərbaycan və Beynəlxalq bölmələr üzrə təhsil xidməti göstərən ümumtəhsil müəssisəsidir. 2014-cü ildə təsis olunan lisey Azərbaycan Respublikası Təhsil Nazirliyinin 074503 №-li lisenziyası əsasında Bakı (Gənclik, İSTƏK beynəlxalq məktəbi, İSTƏK ibtidai beynəlxalq məktəbi, Xalqlar Dostluğu), Sumqayıt, Quba, Şirvan, Lənkəran, Ağdaş, Mingəçevir, Gəncə və Şəki şəhərlərində fəaliyyət göstərir. 

Ötən tədris ilinin yekunlarına görə lisey məzunlarının 100%-i ali təhsil müəssisələrinə qəbul olunub ki, onların 31%-i ABŞ, Avstriya, Cənubi Koreya, Çexiya, Çin, Gürcüstan, Hindistan, Hollandiya, İngiltərə, Kanada, Litva, Macarıstan, Polşa, Sinqapur və Türkiyə kimi inkişaf etmiş ölkələrdə yerləşən universitetlərdə təhsil almaq imkanı qazanıb. Liseyin 22 məzunu məktəbi qızıl və gümüş medallarla bitirib, 6 məzunu Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq görülüb. Sözügedən tədris ilində liseyin şagirdləri fənn və layihə olimpiadalarında da yüksək nəticə göstərib Respublika fənn və layihə olimpiadalarında onlar 15 qızıl, 15 gümüş və 15 bürünc medal əldə edib. ABŞ, Rusiya, Braziliya, İndoneziya, Tailand, Bolqarıstan, Makedoniya, Rumıniya və Qazaxıstanda keçirilən beynəlxalq fənn və layihə olimpiadalarından isə lisey şagirdləri 8 qızıl, 7 gümüş və 33 bürünc medalın qazanılmasına müvəffəq olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.