Cəmiyyət

Ana ölüb, ata isə xəstə... İki azyaşlı qızın ürəkağrıdan dramı - REPORTAJ, FOTOLAR

19 Sentyabr 2017 22:56
16 Şərh     Baxış: 7 018
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İki azyaşlı qız uşağı düşünün ki, həm anasızlıqdan, həm xəstə atanın narkotik aludəçiliyindən, işsizliyindən, həm də evsizlikdən, yoxsulluqdan əziyyət çəkirlər.

"Sovetski"də acınacaqlı şəraitdə, nənələrinin himayəsində yaşayan 5 yaşlı Tahirə və 13 yaşlı Reyhanın həyatı insanın qanını dondurur.

Milli.Az musavat.com-a istinadən bildirir ki, kiçik köhnə bir daxmada, şəraitsizlikdən, yoxsulluqdan əziyyət çəkən iki azyaşlı uşağın ürəkağrıdan durumuna laqeyd qala bilməyib onların yaşadığı evə yollandıq. 4il öncə analarını ağır xəstəlikdən Tahirə və Reyhan ataları Zakir Həsənovun ümidinə qalıb. Sonradan atalarının ayağında problem onun işsiz qalması ilə nəticələndiyi üçün, uşaqlar yetimlikdən əlavə maddi çətinliklə üzləşiblər, uzun müddət aclığa düçar olub və baxımsız vəziyyətdə qalıblar.

Evə daxil olanda uşaq yaşında ana qucağından məhrum olmuş iki azyaşlı qızın boynubükük vəziyyətdə divanda əyləşdiyini gördük. 5 yaşlı Reyhan gəlişimizin məqsədi bir o qədər də anlamasa da, bacısı Lalə jurnalist olduğumuzu təxmin etdi. Divarlarda dünyasını dəyişən ananın fotoları diqqətimizi çəkdi. Bir neçə foto çəkib, onları söhbətə tutmağa çalışdıq. Böyük qız utandığından üzünü gizlədib, digər otağa keçdi. Söhbətimiz balaca Reyhanla başladı. Çəkiliş zamanı yaxınlaşıb, asta səslə qulağıma bunları pıçıldadı: "Əmi, şkafın üstündə anamın çoxlu şəkilləri var, onu ver baxım, sonra yerinə qaytar". Ağlar səslə dediyi sözlər, bir uşağın ana həsrətindən xəbər verirdi.

Qeyd edək ki, azyaşlı qızlara bibisi və nənəsi Reyhan xanım himayədarlıq edir.

Yaşlı və xəstə olan nənə də oğlunun və azyaşlı nəvələrinin düşdüyü çətin durumdan narahatdır, lakin əlindən uşaqlara himayədarlıq etməkdən başqa heç nə gəlmir: "Xəstə durumda olsam da, bu yaşımda nəvələrinə qulluq edirəm. Gördüyünüz kimi iki uşaq ortada qalıb. Atasına da cinayət işi açılıb. Bu səbəbdən də uşaqları qəyyumluğa götürmək istəyirəm. Oğlumun istintaq işi gedir, prosesi bilmək olmur, hər saxlanıla bilər. Uşaqlar yiyəsiz qalmasın deyə, onları öz himayəmə götürmək istəyirəm. Anaları rəhmətə gedib. Qız nəvələrimdən böyüyünün 12, balacanın isə 5 yaşı var. Dolanışıqları çox pisdir. Mənim hökumətimdən tələbim odur ki, bu uşaqlara yardım əlini uzatsın. Uşaq pulunu versin, kimliklərini düzəltsin. Ailənin dolanışığı pisdir. Uşaqlar düzgün qidalana bilmir. Mən də pensiya almıram. Nə qədər ki, Allah ömür verib, onlara qulluq edərəm. Mən öləndən sonra da yəqin hökumət onları qayğısı altına alar. 9 aydır ki, uşaqlara baxıram. Əvvəllər atasının səhhəti yaxşı olanda özü baxırdı. İndi ayaqları şişir, çətinliklə yeriyir. Uşaqları məktəbə, bağçaya aparanda uşaqların kimliyini soruşurlar. Anası rəhmətə gedib, atasının da ayağında problem var. Onlar da atasının sənədləşmə üçün gəlməsini tələb edirlər. Ayaqlarında tromblaşma gedir. Uşaqları qəyyumluğuma götürmək istəyirəm ki, onları normal böyüdüm".

Çətinliklə də olsa azyaşlı qızların atası Zakir Balabəyovla da həmsöhbət olduq. O, yoldaşının ölümündən sonra dərd-qəmə batıb narkotikə qurşandığını etiraf etdi: "Yoldaşımın ayaqlarında tromb əmələ gəlmişdi. Xəstəxanaya apardım, həkim müayinə etdi. Bir həftəlik dərman yazdı. Bir gün evdə yoldaşım ayaqlarından ağrı başladı, damarları şişdi. Bu zaman yod vurduq. Sabahı gün də ayağının şişdiyini gördük. Sonradan məlum oldu ki, damarı partlayıb, zəhərlənmə verib. Axşam saatlarında isə öskürməyə başladı, ağzından qan gəldi. Maşınla tez həkimə çatdırdım. Artıq gec idi... Dərmanın dozası çox olub, ciyərlərini partlatmışdı. Yoldaşımdan əvvəl də 4 yaşında oğlum rəhmətə getmişdi. Sünnət zamanı qorxudan bağırsaqları bağlanmışdı. Bağırsaqlar isə ciyərini parçalamışdı. Bədbəxt hadisələr bir-birinin ardınca gəlirdi. Buna görə özüm də bilmədən narkotik aludəçisinə çevrildim. İndi isə anlayıram ki, qızlarım üçün yaşamalıyam. Pis vərdişlərdən uzaq olmalıyam".

Zakir Balabəyovun narkotik istifadə etməsi onun iş tapmasına da əngəl törədib. Məcbur qalan ata uşaqlarına çörəkpulu qazanmaq üçün energetik içkilərin alüminium bankalarını küçədən, zibil qablarından yığıb metal qəbulu yerlərinə satır.

Bu ailəni tanıyan qonşularla da həmsöhbət olduq. Bildirdilər ki, uşaqların maddi durumu çox pisdir, aylarla normal qidalana bilmirlər: "Çalışırıq ki, uşaqlara yardım əli uzadaq, ən azı bişirdiyimiz yeməklərdən verək. Bir gün yeməkləri olanda, iki gün olmur. Elə vaxt olub ki, günlərlə yavan çörək yeyiblər. Düzü bizim də elə qazancımız yoxdur ki, hər gün yardım edək. Yardımsevər şəxslər ailəyə köməklik edirlər. Atası da xəstə adamdır. Qazancı yoxdur. Əvvəllər imkanları yaxşı idi. Atası taksi sürücüsü idi. Analarının xəstəlikdən rəhmətə gedəndən sonra, yoldaşı Zakir sarsıntı keçirdi, uşaqlara baxa bilmədi. Uşaqlar elə yaşda idilər ki, anasız uşaqlara baxmaq çətin idi. Hər dəfə uşaqları görəndə çox üzülürük".

Uşaqların nənəsi Reyhan Balabəyova deyir ki, uşaqların valideynləri rəsmi nikahda olmadığından indi qızlar analarının soyadını daşıyırlar. Bu səbəbdən ünvanlı sosial yardım almaq üçün Yasamal Rayon Məhkəməsinə müraciət etsə də, sənədləşmədə problem yaşanır: "Bu uşaqlara yardım olunmalıdır.

Oğlumun qanuni nikahı olmadığına görə uşaqlar atasız sayılır. Baxmayaraq ki, şəhadətnamələrində adları yazılıb. Məhkəmədən xahiş etdim ki, mənə vəkalətnamə versin, uşaqlar üçün hər hansı bir yerə müraciət edəndə problem olmasın, əlimdə bir sənədim olsun. Bu sənədlər olsa, uşaq pulu düzəldə bilərəm. Bu vəziyyətdə gedəndə heç bir iş görmək olmur. Uşaqlar üçün kimlik kartoçkası olur. O belə yoxdur. Şəxsiyyətlərini təsdiq edən sənədləri yoxdur. Heç olmasa qəyyumluğu hökumətin əli ilə götürüm ki, bu uşaqlara sosial yardım olunsun. Məhkəmə sağ olsun ki, qəyyumluqla bağlı vəkilə zəng edib, köməklik olunmasını istədi. Yasamal Rayon Məhkəməsi işimizi yoluna qoyacağını dedi. Lazımı sənədləri toplayıb, müraciət edəcək. Vəkil Fərhad Mehdiyevə minnətdarlığımı bildirirəm. Mətbuat nümayəndələrini çağırır, həmçinin bu işlərdə bizə yardımçı olur, maraqlanır".

İki məsum uşağın ümid dolu baxışlarının müşayiəti ilə evdən ayrıldıq. Biz də ümid edirik ki, ailənin vəziyyəti ictimailəşdikdən sonra onlara yardım əli uzadanların sayı artacaq və balaca qızlar taleyin ümidinə buraxılmayacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.