Cəmiyyət

Azərbaycanda nərdin yeni növləri yaradıldı

14 İyul 2011 11:51
Baxış: 6 802
Belə ki, söylənilənlərə görə, nərdin 4 küncü 4 mövsümü, bir tayının içindəki üz-üzə duran 6 xananın cəmi - 12 xana 12 ayı, hər iki tayda yerləşən bütün xanaların cəmi - 24 xana günün 24 saatını, daşların sayı ayın 30 gününü, ağ və qara daşlar gündüz və gecəni bildirir.

Azərbaycan Nərd Federasiyasının prezidenti, beynəlxalq dərəcəli hakim, professor Xanlar Qurbanov deyir ki, nərd oyununun tarixi qədim dövrlərə təsadüf edir. "Deyilənlərə görə, Kiçik Asiyada yaranıb. Tarixi mənbələrdə Tutanxamonun sərdabəsində də nərd oyununun əks olunduğu göstərilir. Bəzi mənbələrə görə isə, oyun Hindistana məxsusdur. Bu oyun şərq idman növü sayılır. Nərd oyununun yaranma tarixi bəzən İranla da bağlanılır. Lakin İranla bizim tarixi bağlılıqlarımız bir olduğundan, deyə bilərik ki, bu Azərbaycana da məxsus idman növüdür", - deyən Qurbanov nərdi Azərbaycanın milli idman növlərindən biri sayır.

Nərdə aid nadir tapıntının da Azərbaycanda olduğunu deyən X.Qurbanovun bildirdiyinə görə, Bərdədə e.ə. 3-cü əsrə aid olan dana sümüyündən hazırlanmış zər əldə ediblər. "Bu tapıntı da nərdin Azərbaycanın milli oyunu olduğunu sübut edir".

Bəzən nərdi qumar oyunu kimi sayaraq, bunu dini baxımdan düzgün saymırlar. Müsahibimsə bununla razılaşmır, deyir ki, nərdin dinlə bağlılığı var. "Zərin tərəflərinə diqqətlə fikir verin. Zəri necə atsan da, düşən paralel rəqəmlərin cəmi 7 olacaq. 7 isə müqəddəs rəqəm sayılır".

1990-cı ildən Azərbaycan Milli İdman Növləri tərkibində Nərd Federasiyasının yaradıldığını xatırladan X.Qurbanov bildirir ki, iki ildir, maliyyə çətinliklərinə görə, bu oyunun yarışını təşkil edə bilmirlər. "Amma oktyabr-noyabr aylarında nərd üzrə yarışları keçirməyə hazırlaşırıq. Özü də bunu beynəlxalq qaydalar üzrə təşkil etməyi planlaşdırırıq. Çempionatda yüksək yerləri tutanlar nərdin həm uzun, həm qısa növü üzrə idman ustası normasını ödəməklə idman ustası adına layiq görüləcəklər".

"Qısa" və "uzun nərd" oyunlarının bir-birindən fərqləndiyini deyən Qurbanovun sözlərinə görə, "qısa nərd"ə "döymə" də deyirlər. "Yəni daşları döyməklə çıxaraq özlərinə yer tuturlar. Birinci, daşların düzülüşündə, ikincisi isə oyun qaydalarında fərq var. "Uzun nərd" Azərbaycana məxsus olan növdür. Amma beynəlxalq yarışlarda nərdin qısa növündən istifadə olunur. Adından da göründüyü kimi, qısa nərd zamanı daha az vaxt sərf olunur".

X.Qurbanovun dediyinə görə, Nərd Federasiyasının vitse-prezidenti Rəsul Əhmədov nərddə yenilik edərək, "Rənərd" adlanan yeni nərd oyununu icad edib və bu oyuna görə Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən patent verilib. Onun sözlərinə görə, "Rənərd" nərd dəsti İran nərd taxtasından fəqlənir. Belə ki, İran nərd dəstində zərlər 6 üzlü, daşlar 30 (15+15) və xanalar 24-dür, bu nərd dəstində isə zərlər 8 üzlüdür. Eyni zamanda zərlərin quruluşu da konusvaridir. Daşlar 40 (20+20), xanalar 32-dir. "Bu nərd oyununda daşların çıxarılması mərhələsində ədalətlilik prinsipinə tam riayət olunur. Misal üçün, İran nərd oyunlarında çıxış mərhələsində 1-ci xanadakı daşı çıxmaq üçün zərə neçə xal düşməsinin əhəmiyyəti yoxdur. Azərbaycan nərdi ilə oyunlarda isə 1-ci xanadakı daşı çıxmaqdan ötrü zərə yalnız 1 rəqəmi düşməlidir. Bununla da İran nərdindəki oyunlarda olan ədalətsizlik aradan qaldırılır".

Müsahibimiz "Rənərd" uzun və "Aznəyord" döymə oyunlarının qaydalarının da fərqli olduğunu deyir. "Zərlərə düşən rəqəmlərə görə, daşların oynanılması və sonuncu mərhələdə daşların çıxarılması qaydaları da fərqliliyi ilə diqqəti çəkir".

Bundan əlavə, dediyinə görə, azyaşlı uşaqlar üçün nəzərdə tutulmuş "Ruşnərd" nərd oyununda zərlər 4 üzlü, daşlar 20 (10+10), xanalar 16-dır. "Ruşnərd" uzun və "Ruşdoy" döymə oyunları da uşaqlar üçündür. Dördədək saya bilən uşaq həmin oyunları oynaya bilər.

"Ekspress" qəzeti

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.