Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hələdə sərxoş halda avtomobil idarə edən sürücülər var. Bunu gecə Bakıda keçirilən reydin nəticəsi deməyə əsas verir. Reyd zamanı avtomobili sərxoş idarə edən xeyli sürücü aşkar edilib.
Sərxoş sürücünün qohumu onları saxlayan yol polisinə hücum edib.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, görüntülər gecə keçirilən reyddəndir. Bakı Şəhər Dövlət Yol Polis idarəsinin əməkdaşları təhlükəsizliyi təmin etmək məqsədi ilə şəhər ərazisində reyd keçirib.
Reyd zamanı avtomobili sərxoş vəziyyətdə idarə etdiyi üçün Nərimanov rayonu ərazisində saxlanılan "Mersedes" markalı avtomobilin sürücüsü məsuliyyətdən yayınmağa çalışaraq nəqliyyat vasitəsini qoyaraq qaçmağa üstünlük verdi. Avtomobildə olan sürücünün qohumu isə xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarına daş parçası ilə hücum etməkdən belə çəkinmədi.
Reyd zamanı digər bir sərxoş sürücü Nizami rayonu ərazisində saxlanıldı. "Lexsus" markalı bu avtomobilin sahibi içkili vəziyyətdə avtomobil idarə etdiyi üçün sürücü barəsində müvafiq protokol tərtib edildi. Belə sürücülərdən biri Xətai rayonu ərazisində polisə tabe olmayaraq idarə etdiyi "Daeəoo" markalı avtomobillə qaçmağa cəhd etsə də görülən tədbirlər nəticəsində o saxlanıldı. Araşdırma zamanı sürücü Minar Qəhrəmanovun avtomobili spirtli içki qəbul edərək idarə etdiyi məlum oldu.
Reyd zamanı sutkanın qaranlıq vaxtında motosikletlərə əlavə səsgücləndirici vasitələr quraşdıraraq insanların istirahətinə maneçilik törədən sürücülər də saxlanıldı.
Tədbir zamanı saxlanılan nəqliyyat vasitələri yol polisinin müvəqqəti mühafizə olunan dayanacağına yerləşdirilib.
Milli.Az