Cəmiyyət

Gerçək ehtiyacsızlıq üçün əməli resept

6 Avqust 2017 18:40
0 Şərh     Baxış: 1 358
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bismilləhir-Rahmənir-Rahim!

Bugünkü bəhsimizi "Təlaq" surəsinin 2-ci və 3-cü ayəsi ilə başlamaq istərdik: "...Kim Allahdan çəkinsə, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər. Və ona gözləmədiyi yerdən ruzi yetirər. Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir...".

İşlə ki, ruzi də verilsin
Bu ayələrlə başlamağımız təsadüfi deyil. Nəql edirlər ki, "Təlaq" surəsinin 2-ci və 3-cü ayələri Həzrət Peyğəmbərə (s) nazil olarkən, bir qisim insanlar ticarətdən və onlara gəlir gətirən digər işlərdən əl çəkib, yalnız ibadətə qapıldılar. Xəbər Peyğəmbərimizə (s) çatdıqda, onlardan soruşur: "Nə üçün işlərinizdən əl çəkmisiniz? Bunun səbəbi nədir?". Dedilər: "Allah Təala ruzi verəcəyinə vədə vermişdir, biz də buna görə indidən belə yalnız ibadətlə məşğul olacağıq". Allahın Rəsulu (s) buyurdu: "Allah Təala belə edənlərin duasını qəbul etməyəcəkdir. Siz özünüz ruzi dalınca getməlisiniz ki, Allah da sizə ruzi versin. Mən (yalnızca) üzünü Allaha tutub, özləri ruzi dalınca getməyənləri sevmirəm".
Çalışmanı kənara qoyub, tərki-dünyalıq etmək istəyənlərə dinimizin mənfi münasibəti, gətirilən bu mübarək hədisdə öz parlaq təzahürünü tapmışdır. Burada açıq-aydın görünür ki, Allah Təalanın insanın ruzisinə zamin olması, insanın müftəxorluq, tənbəllik, süstlük etməsinə qətiyyən dəlalət edə bilməz. Əksinə, insan öz çalışması müqabilində ruzi əldə edir. Bu, Peyğəmbərimizin (s), Allah Elçisi olaraq, "Mən (yalnızca) üzünü Allaha tutub ruzi dalınca getməyənləri sevmirəm" buyurduğu mübarək kəlmədə bir daha təsdiqini tapır.

Adi fəhlə kimi çalışan ümmətin rəhbəri
Eyni zamanda, burada digər bir müstəvinin də sezildiyini vurğulamalıyıq. İradə azadlığı ilə təvəkkülün harmonik uyğunluğu da var burada. İnsandan hərəkət etmək, çalışmaq tələb olunur, və Aləmlərin Rəbbi tərəfindən onun ruzi probleminin olmayacağı bəyan edilir. Mətləbi aydınlaşdıran digər bir hədisə diqqət edək: Allah Təala Davud peyğəmbərə (ə) vəhy edərək, buyurur: "Başqalarına ehtiyac duymayıb, yalnız Mənə təvəkkül edənləri ehtiyacsız edərəm".
Qüdrətin mənbəyi, ehtiyacı ödəyən yeganə ünvan kimi yalnız Uca Allahın olduğu aydınlaşdırılır burada. İnsanın üzərində qəyyumluq, himayədarlıq edən, onun ehtiyaclarını daima ödəyən - Mütəal Allahdır. Və insanın digər yaranmışlara, mahiyyətcə ehtiyaclı olanlara müraciətinin mənasızlığı da bir daha aydınlaşır. Yəni, insan üzünü gerçək qüdrət mənbəyinə, varolmanı təmin edən, yaranmışları qəni edən həqiqi ünvana tutmalıdır, nəinki özü kimi ehtiyaclılara.
Məsum İmamlarımız (ə) çalışmaq, halal ruzi qazanmaq məsələsində daima ümmətə nümunə göstərmişlər. İmam Cəfər Sadiqin (ə) səhabələrindən olan Fəzl ibni Əbi Qurrədən nəql edirlər ki, səhabələrdən bir neçəsi İmam Sadiqin (ə) mənzilinə doğru yola düşmüşdü. Həzrətin (ə) evinə çatdıqda, səhabələr İmamın (ə) divar hördüyünü gördülər. Səhabələr kömək etmək üçün və ya işçi gətirmək üçün İmam Sadiqdən (ə) icazə istədikdə, İmam (ə) təşəkkür edərək buyurdu ki, Allah dərgahında halal ruzi üçün çalışan bir halətdə olmaq istəyir.
Gördüyümüz kimi, ümmətə rəhbərlik edən İmam (ə), Uca Allaha öz bəndəliyini iqrar etməklə yanaşı, digər insanlara da dəqiq nümünə təqdim edir.

Ərzaq məhsullarını 40 gün gizli saxlayan möhtəkirə İlahi nifrət
7-ci İmam Musa Kazimın (ə) səhabələrindən olan Əli ibni Əbu Həmzənin nəql etdiyi hədis də bu baxımdan çox önəmlidir: "Bir gün imam Musa Kazimin (ə) öz əkin sahəsində işlədiyini gördüm. Ayaqlarının dizlərinə qədər torpağa batdığını gördükdə, ürək ağrısı ilə dedim: "Canım sənə fəda olsun, köməkçilərin haradadır?". Buyurdu: "Peyğəmbər (s), Əmirəlmöminin Həzrət Əli (ə) və ata-babalarımın hamısı öz əlləri ilə əkib-biçər, özləri öz ruzilərini təmin edərdilər. Bu, peyğəmbərlərin və əməlisaleh şəxslərin xüsusiyyətlərindəndir".
Amma nəzərə alaq ki, mübarək inancımızın qayda-qanunlarını bilmədən edilən ticarət, çeşidli fəsadlar yarada bilər. Həzrət Əlidən (ə) nəql edilən hədisdə bu haqda buyrulur: "Şəriət qanunları ilə tanış olmadan ticarət edən şəxslər, sələm bataqlığında qərq olacaqlar".
Dinimiz tərəfindən çəkindirilən bir sıra digər məsələlər də vardır ki, bunların arasında xüsusi yeri möhtəkirlik tutur. Bu haqda Peyğəmbərimizdən (s) nəql edilən hədisdə bildirilir: "Yemək şeylərini (ərzaq mallarını) qırx gün gizli saxlayan şəxslər sanki Allahdan, Allah da onlardan bezar olar".
Görürük ki, mübarək dinimiz insanlara iqtisadi çətinlik yaratmağı, inhisarçılıq edib, qiymətləri süni surətdə qaldırmağı, insanın gündəlik tələbat məhsularına olan keçilməz ehtiyacından sui-istifadə edib, varlanmağı qətiyyətlə pisləmişdir. Bu barədə Həzrət Əlidən (ə) nəql edilir: "Camaatın yemək azuqəsini qırx gün gizli saxlayanların qəlbləri daş parçasına çevrilər".
Dinimiz digərlərini düşünməyə, halallıqla ticarət etməyə təşviq edir. Həzrət Peyğəmbərdən (s) nəql olunan hədisdə bildirilir: "Yemək məmulatlarını alıb, həmin gün satan şəxslər sanki sədəqə vermiş olurlar".
Burada iqtisadi inkişafı stimullaşdıran, cəmiyyətdə həyat tərzini yüksəldən, eyni zamanda həm də fərdin ruhi-mənəvi durumunu kamilləşdirən amillər olaraq, bahalaşdırmaq niyyəti gözləmədən, ərzaq məhsullarının tez bir zamanda satışını təşkil etmək mövzusunda təşviq edilir. Hədisdə göstərilən "sanki sədəqə vermiş olurlar" kəlməsində, dinin çox bəyəndiyi əməllə müqayisə etməklə, belə növ ticarətin üsütünlüyü vurğulanır.

Niyə ticarət edirsən?
Həzrət Peyğəmbər (s) və məsum İmamlar (ə) daim öz davamçılarına tövsiyə etmişlər ki, ticarət və qazanc məqsədilə evlərindən çıxdıqları zaman, Allahın adını zikr edib bütün işlərini Onun adı ilə başlasınlar. Camaatla alış-veriş etdikləri müddət ərzində Allahın razılığını qazanmağa çalışmalı və bilməlidirlər ki, Allah onların gördükləri bütün işlərin, rəftar və davranışlarının şahididir. Bu xüsusda Həzrət Peyğəmbərdən (s) nəql edilən hədisdə bildirilir: "İnsanlar qəflət içində olduqları zaman, ixlas və iman üzündən Allahı xatırlayıb onlarla Allahın Kitabında olduğu kimi ticarət edərlərsə, (əməl dəftərlərinə) min savab yazılar və kimsənin təsəvvür edə bilməyəcəyi dərəcədə Allahın rəhmət dərgahından bəhrələnmiş olarlar".
Yəni, insan gərək xas niyyət və əməllə, İlahi buyuruşlara uyğun ticarət etsin və bununla İlahi qayda-qanunu yaşatsın. Bunun müqabilində İlahi dərgahda böyük mükafat gözləyir insanı. İnsan hansı halal işlə məşğul olursa-olsun, gərək daima ruhunu zənginləşdirməyə çalışsın, Allahla rabitəsini qırmasın, nə üçün Yer üzənə gəldiyini unutmasın. Xatırlasın ki, kamilləşmək üçün, sınaqlardan şərafətlə çıxmaq üçün, İlahi harmoniyanı bərqərar etmək üçün gəlmişdir həyata. Və belə olan təqdirdə, həm dünyada, həm də axirətdə gözəl aqibət ona qismət olar.

"Ticarətdə hiylə işlədən şəxslər bizdən deyildir..."
Maraqlı cəhətlərdən biri də budur ki, insanın alış-veriş yerinin daha da bərəkətli olması, bazarın özünün həqiqi statusuna - İlahi nemətlər süfrəsinə yetişməsi üçün də mübarək dinimiz tərəfindən müəyyən dualar təqdim olunmuşdur. İmam Muhəmməd Baqir (ə) alış-verişlə məşğul olan səhabələrinə bu duanı oxumaqlarını tövsiyə edərdi: "İlahi! Səndən bazarın və bazar əhlinin xeyrini istəyirəm".
Ticarət etdikləri yerlərə girdikləri zaman isə bu duanı oxumağı tövsiyə edərdi: "Şəhadət verirəm ki, Allahdan başqa Allah yoxdur, O, yeganədir və şəriki yoxdur. Şəhadət verirəm ki, Muhəmməd (s) - Onun qulu və elçisidir. İlahi! Mən Sənin fəzlindən pak və halal ruzi istəyirəm və kimsəyə zülm etməkdən və kimsənin mənə zülm etməsindən, ziyankar və yalan yerə and içən şəxslərdən Sənə pənah gətirirəm".
Burada dinimizin alış-verişə aid ümumi tövsiyələrinə də bir qədər diqqət edək. Bu mövzuda Həzrət Peyğəmbərdən (s) nəql edilən mübarək hədisdə bildirilir: "Alış-veriş etmək istəyən şəxslər sələm verməməli, and içməməli, malın eyb və nöqsanını gizlətməməli, satdığı zaman malı (həddindən artıq) tərifləməməli və  aldığı zaman malı pisləməməlidir. Əks təqdirdə, alış-veriş etməməlidir".
Eyni zamanda, dinin göstərişlərinə görə, alıcı malın eyb və nöqsanları barədə tam məlumatlı olmalıdır. Malın dəyərini aşağı salan məlumatı alıcıdan gizlətmək pislənmişdir. Əhli-Beytdən (ə) bu mövzuda nəql edilən hədisdə bildirilir ki: "Peyğəmbər (s) bazarda olduğu zaman buğda satan bir şəxs ilə qarşılaşır. Buğdanın zahiri görünüşü Peyğəmbəri (s) özünə cəlb edir. Lakin əlini içinə saldıqda buğdanın nəm olduğunu hiss edir. Bunun nə üçün belə olduğunu soruşduqda satıcı cavab verir: "Üzərinə yağış yağmışdır". Həzrət Peyğəmbər (s) soruşur: "Elə isə nə üçün onları üstə qoymamısan ki, camaat görsün? Ticarətdə hiylə işlədən şəxslər bizdən deyildir".
Beləliklə, hələ 1400 il bundan öncə dinimiz gözəl ticarətin qaydalarını bəşərə məlum etmişdi. Bunları yaşatmaq, gündəlik həyatda tətbiq etmək həm fərd üçün, həm də ümumilikdə toplum üçün gözəl nəticələrə səbəb olar. Sırf inzibati tədbirlərlə insanı halal ticarət etməyə, başqalarını düşünməyə, insaf və vicdan kateqoriyalarını rəhbər tutmağa məcbur etmək çox çətindir, bəlkə də mümkünsüzdür. Amma insan öz mənəvi dəyərlərini inkişaf etdirməklə, imanını kamilləşdirməklə, Allahdan qeyrisinin görmədiyi, şahid olmadığı bir şəraitdə də vicdanın xilafına iş görməz.

Ağlın ən üstün dərəcəsi - özünü tanımaqdır
Yaşadığımız günlər İmamət səmasının 8-ci ulduzu Həzrət İmam Rzanın (ə) mövludu günlərinə təsadüf edir. Təbərrük üçün İmam Rzadan (ə) bir neçə hədisə diqqət edək.
İmam Rza (ə) buyurub: "Ən üstün və dəyərli sifətlər: yaxşı işləri yerinə yetirmək, çarəsizlərin fəryadına çatmaq, arzu edənlərin arzusunu yerinə yetirməkdir".
"İman ibarətdir: dildə etiraf etmək, qəlb ilə tanımaq, əzalar ilə yerinə yetirmək".
"Ağlın ən üstün dərəcəsi - özünü tanımaqdır".
"O kəs ki, haqq yolunda səbir edər, Allah Təala əvəzində səbir etdiyi şeydən də yaxşısını ona verər"
"Xoş xasiyyət iki cürdür: fitri və ixtiyari. İxtiyari xasiyyətin sahibi daha üstündür".
"Bəlaya səbir etmək - gözəl və bəyəniləndir. Ancaq ondan da üstünü - haramlar qarşısında səbir etməkdir".
"Dostlarınla təvazökar ol, düşmənindən ehtiyat et və ümumi insanlarla gülərüz ol".
"Zəifə yardım etmək, sədəqə verməkdən daha yaxşıdır".
Allahım, Qarabağın, Fələstinin və digər müsəlman torpaqlarının tezliklə azad olunmasını nəsib et!
Allahım, müşkülü olan insanlara tövfiq əta et!
Allahım, dünyada sülhün, əmin-amanlığın bərqərar olunmasını, 12-ci İmamımız - Həzrət Mehdi Sahib əz-Zamanın (ə.f.) tezliklə zühur etməsini nəsib et! Amin!

Hacı İlqar İbrahimoğlu,
ilahiyyatçı-filosof

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.