Cəmiyyət

17 yaşlı qızın bədəninə cin necə girdi? - PSİXİATR YAZIR

23 İyul 2017 15:45
4 Şərh     Baxış: 2 916
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az lent.az-a istinadən həkim-psixoterapevt Orxan Fərəclinin konversion pozuntu və ya isterik nevroz haqda məqaləsini təqdim edir.

... Həkimlik fəaliyyətimin ilk illərində müayinə etdiyim bir az yaşlı pasientimi xatırlayıram. Məcburi köçkün kimi yerləşdikləri zirzəmi tipli yarıqaranlıq otaqda halsız idi, danışa və yeriyə bilmirdi. Sadəcə uzanıb bir nöqtəyə baxırdı. Vaxtaşırı el arasında "sudurqa" deyilən hal yaşayan bu qızcığazın yaxınları onun bədəninə cin girdiyini iddia edirdilər. Və o cinin qızın bədənindən nə vaxt çıxacağını gözləyirdilər. Zəruri qeyd kimi vurğulayım ki, qızın cəmi 17 yaşı vardı və bütün bu əlamətlər evləndikdən 3 ay sonra ortaya çıxmışdı.
Qohumlarının sözlərinə görə, qıza heç bir xəstəxanada əlac tapılmayıb, analizlərinin nəticələrində də problem olmayıb.
O xəstəni sadəcə bir dəfə gördüm və bir dərman preparatı təyin etdim. Çox sonralar eşitdim ki, dərmanı qəbul edib və sağalıb, ikinci hamiləliyindən sonra isə eyni hal yenidən təkrarlanıb.     
 
Əvvəllər elmi ədəbiyyatlarda adı "isterik nevroz" olaraq keçən xəstəliyə hazırda dünyanın hər yerində konversion pozuntu deyilir. Bu xəstəliyin adının "isterik" olmasının maraqlı tarixçəsi var. Belə ki, daha çox gənc qadınlarda rast gəlinən pozuntunun əsas səbəbi kimi qadın cinsiyyət orqanı olan uşaqlığın (latın dilində uşaqlıq - "hysterucus")  bədəndə azması göstərilidi. İsteriya sözü məhz burdan -  "hysterucus" sözündən qaynaqlanır. Tarixin bütün dövrlərində bu xəstəliyi metafizik hadisələrlə, dua, cadu, piti, cingirmə və s. ilə izah ediblər.
 
Konversion pozuntuya mədəni və intellektual inkişaf səviyyəsi aşağı olan cəmiyyətlərdə, erkən nikaha girən qadınlarda, uşaqlıq dövründə ciddi psixoloji travma yaşayan insanlarda daha çox rast gəlinir. "İçinə cin girdiyi" iddia edilən insanlardakı problemlərin böyük əksəriyyəti məhz konversion xarakterli pozuntulardır.
Xəstəliyin nə olduğu, əlamətləri adında çox qəribə şəkildə öz əksini tapıb. "Konversia" latın köklü bir sözdür, mənası dəyişmək, çevirmək deməkdir. Bu mənada konversion pozuntu beyindəki psixoloji gərginliyin çevrilərək bədəndə özünü göstərməsidir. Yəni pasientimizin izah edə bilmədiyi bəzi sıxıntıları var və bu daxili gərginlik özünü keçici korluq, mutizm adlandırdığımız susqunluq və ya afoniya adlandırdığımız pıçıltılı danışıq formasında, uşaq kimi danışma, bəzən xəstənin ayaqlarının tutulması şəklində büruzə verir.
 
Bu xəstəliyin həm xəstəni, həm də onun yaxınlarını ən çox narahat edən yanı bayılmalardır. Xəstə anidən özündən gedir, əzələləri gərilməyə başlayır, heç bir suala cavab verə bilmir və çox vaxt oyandığı zaman da qışqırır, ətrafında olan adamlara əl atır, öz saçını yolur və digər bu kimi ətrafdakıları qorxudacaq hərəkətlər edir.
 
Bir çox hallarda epilepsiya xəstəliyinə ("sudurqa", dil qatlanması) bənzəsə də, bu tutmalar bir çox xüsusiyyətləri ilə epilepsiyadan fərqlənir. Əsas fərqləndirici cəhət odur ki, epilepsiya xəstəliyində tutmalar 3-5 dəqiqə, konversion tutmalarda 15 dəqiqədən 2 saata qədər davam edir. Konversion xəstələr ətrafda olub bitənlərin fərqində olsa da, epileptik xəstələr tutmadan sonra heç nəyi xatırlamır. Konversion tutmalar zamanı xəstələr ətrafdakı insanların səslərini eşidir, ona kimin yardım etdiyini bilir, amma cavab verə bilmirlər. Bayılmalar bir çox hallarda evdə hər kəsin olduğu saatlarda baş verir. Tək olanda baş vermə ehtimalı çox aşağıdır. Əksər vəziyyətlərdə pasientlər yıxılacağı yeri əvvəldən seçə bilirlər və bu səbəbdən də adətən yıxılma zamanı yaralanmalar baş vermir. Bir çox hallarda xəstəmizin yaxınları bu əlamətləri sanki şəxsin özünün bilə-bilə etdiyini iddia etsələr də, bu, qətiyyən belə deyil.
 
Bu problemdən əziyyət çəkən pasientlərdə qəribə bir laqeydlik olur. Sanki yaşanılan hal onlara aid deyil, hallarından məmnun kimi görünürlər. Məhz bu səbəbdəndir ki, bəzi kitablarda konversion pozuntu haqqında yazarkən belə bir ifadə işlədilir: onların ətrafa verdiyi mesaj budur - "Mən narahatam, mən xəstəyəm, mənimlə maraqlanmaq lazımdır, mənə diqqət edin".
Əksər hallarda orqanizmdə bütün bu əlamətlərə səbəb olacaq tibbi problem aşkarlanmır, yəni onların cihaz, laborator müayinələri hər zaman qaydasında olur. Demək olar ki, bütün pasientlərimizdə əsas səbəb kimi məhz psixoloji faktorlar göstərilir. Psixoloji faktorlara uşaqlıq dövrü travmalar, ata-ananın səhv yanaşması, ailədaxili münaqişələr, qayınata-qayınana problemi, erkən nikahlar və s. aiddir.
 
Bu tip tutmalar baş verərkən xəstəyə göstəriləcək ilk yardım vaxtı onun ağzını açmağa, qaşıqla dişlərini aralamağa qətiyyən cəhd etməyin. Bunun heç bir köməyi yoxdur. Xəstəni rahat buraxmağa calışın. Təcrübə göstərir ki, tutma zamanı xəstənin ətrafında nə qədər çox insan olarsa, tutmanın davam etmə müddəti bir o qədər çox olur.
 
Xəstəliyin müalicəsində mövcud simptomları aradan götürmək üçün dərman istifadə olunsa da, bu insanlara psixoterapiya dediyimiz, yəni peşəkarlar tərəfindən aparılan psixoloji söhbətlər daha çox təsir edir. Bütün hallarda problemin yaranmasına zəmin hazırlayan mühit dəyişməli və dərində yatan səbəblər aradan qaldırılmalıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.