Cəmiyyət

Bunu istəmişik həmişə - uşaqlığı məhv olmuş böyüklər kimi...

17 İyul 2017 12:12
2 Şərh     Baxış: 1 286
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Uşaqlığını doğru-dürüst yaşamayanlar nə qədər böyüsələr də ən çarəsiz anlarında dönüb-dolaşıb uşaqlığına geri qayıdarmış. Belə adamları harda görsəm tanıyaram. Dərhal. Ya gözlərindən, ya davranışlarından, ya da uşaqca, məsum, yarımçıq təbəssümlərindən.

Uşaqlığı müharibənin məhrumiyyətlərinə tuş gəlmiş bütün uşaqlar kimi, doğru-dürüst uşaqlıq yaşamadığım üçün hər şeyə bir az uşaqca yanaşıram və bəlkə bu illərlə belə davam edəcək. Uşaqlığımız travmalarla, məhrumiyyətlərlə, çarəsizliklərlə doludur. Qəhrəman hesab etdiklərimiz bir-bir baş daşlarında hərbi geyimli fotolara çevrilir, arzularımızı ehtiyac adlı əjdaha kamına çəkir, gülüşlərimizi müharibə oğurlayırdı. Müharibədən yüz kilometrlərlə uzaqda müharibənin bütün ağrı-acısını yaşayır, məhrumiyyətləriylə savaşırdıq. Yaşıdlarımız müharibədə öldürülür, işgəncələr görür, bizdən daha çox itirirdi.

Müharibə bizim uşaqlığımızı əlimizdən aldı.

Elə sadəcə zədələnmiş, travmalı uşaqlığıma görə müharibə mənim düşmənimdir. Biz müharibəni "dava-dava" oyunu zənn edəcəkkən, tanıdığımız insanlar gerçək güllələrlə vurulub, öldürülürdü. Gəncliyi yarıda qırılan onlarla tanışımız qara çərçivəli fotolara çevrilirdi.

Müharibə bizim arzularımızı, ümidlərimizi oğurlayırdı.

Düşün ki, ən sevdiyin oyuncağı sənə almırlar, daha doğrusu ala bilmirlər. Sənə oyuncaq almaqdansa, bir tikə çörək arxasınca qaçan valideyinlərin bu barədə düşünə bilmir. Qohumların öz hayındadır. Hansısa qəhrəman qeybdən çıxıb əlində hədiyyələrlə gəlməyəcək. Biz heç şaxta babaya da inanmırdıq, gözləmirdik. Bizim arzusuz, ümidsiz, yoxluqlarla dolu uşaqlığımızda müharibə ən böyük kabusumuz, qələbə ən uzaq ümidimizdi.

Kabuslarımız bitsə də, ümidlərimiz çiçək açmadı...

Uşaqlığını yaşaya bilməyənlər uşaqlığını əlindən alan hər şeyə, hər kəsə nifrət edər. Bizim nəslin müharibəyə nifrəti bəlkə də bununla bağlıdır. Həyatımızın ən şirin, əvəzolunmaz çağlarını əlimizdən alan müharibəyə nifrətlə, ikrahla yanaşmağımızın bir səbəbi də budur. Bizə deyilən "hər şey yaxşı olcaq" cümləsinin yalan olduğunu dərhal anlayırdıq. Neft lampasının işığında gözlərimizi qıyıb dərs hazırlayanda, xlor qutusuyla futbol oynayanda, yamaqlı şalvarda, rezin qaloşda məktəbə gedəndə anlayırdıq bizə təsəlli vermirlər, yalan danışırlar.

Nağıllara inanmaqla keçərdi həyatımız.

Nağıllar bizi ovudar, xəyallar ən son sığınacağımız olardı.

...Sonra sən böyüyərsən istər-istəməz...Müharibə xofu kabus kimi çıxmaz canından. Hər addımda itirmək qorxusuyla yaşayarsan, hər addımda o məhrumiyyət, o yoxluq xofu səni izləyər.

Həyatın oyunları getdikcə adiləşər, getdikcə itirməyə alışarsan.

Və həyat bir verdiklərini də geri alar, bomboş, sahibsiz, kimsəsiz qalarsan. Bir də ayılarsan ki, nəhəng bir boşluqdan ibarətdir ömrün. Aldıqlarının əvəzində həyatın mənə verdiyi sadəcə əzab çəkmək qabiliyyətidir. Bir gün başa düşərsən ki, bu nəhəng, kimsəsiz ömürdə sən hamıdan yaxşı əzab çəkmək qabiliyyətinə yiyələnmisən. Buna sevinə bilməzsən, uğur hesab edib heç kəslə bölüşə bilməzsən, dostlarla paylaşa bilməzsən. Sadəcə bacardığın kimi - yəni hamıdan yaxşı, hamıdan mükəmməl əzab çəkərsən.

Bizim nəslin müharibəyə nifrət etməsinin, qələbəyə, qazanmağa təşnə olmasının səbəbi budur. Müharibə ən böyük travmamız, qorxumuzdur. İndi övladlarımıza danışacaq uşaqlıq xatirələrimizin kasadlığının tək səbəbi müharibədir.

Uşaqların əzab çəkmədiyi, öldürülmədiyi, travma almadığı bir dünya istəmişik həmişə. Uşaqlığı məhv olmuş bütün böyüklər kimi. Müharibə uşaqların düşmənidir. Vətənində müharibə gedirsə, atəş xəttindən yüz kilometrlərlə uzaqda olmağın heç nəyi dəyişmir. Düşmən güllələri sənin arzularını, ümidlərini, oyunlarını öldürür...

Müharibə ən çox uşaqların, uşaqlığın düşmənidir...

Cəlil Cavanşir
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.