Cəmiyyət

Osmanllı Quranının dəqiq yeri məlumdur?

22 İyul 2017 20:40
0 Şərh     Baxış: 989
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məlum olduğu kimi, Qurani-kərimin ayələri İslamın ilk dövrlərində şifahi şəkildə yaddaşlarda qorunur və rəvayət formasında ravidən-raviyə ötürülürdü. Həzrət Mühəmməd Peyğəmbərin (s) vəfatından sonra bəzi səhəbələr Qurani-kərimi köçürüb yazılı halda saxlamağa başladılar. Milli.Az ixlas.az-a istinadən bildirir ki, Osmanın zamanında istər şifahi, istərsə də yazılı şəkildə mövcud olan Quran qiraətləri arasında fərqlərin mövcud olduğu aşkara çıxdı. Belə ki, bu və ya digər ayəni səhabələr müxtəlif şəkillərdə oxuyurdular. Osman bundan narahat olub, vahid Quran nüsxəsi hazırlamaq qərarına gəldi. Bu məqsədlə o, səhabə Zeyd ibn Sabitin başçılığı altında heyət təşkil etdi. Elan olundu ki, hamı özündəki Quran nüsxələrini gətirib heyətə təhvil verməlidir. Heyət üzvləri məşhur səhabələrin ifasında Quran ayələrini dinləyib müqayisə etdikdən sonra onları yazıya alırdılar. Beləliklə, bir müddətdən sonra dəqiqləşdirilmiş yeganə Quran nüsxəsi əmələ gəldi. Osman qalan nüsxələrin hamısını yandırdı. Hazırlanmış nüsxənin üzündən 5 surət köçürüldü. Bunlar xilafətin məşhur şəhərlərinə - Məkkə, Kufə, Diməşq və Bəsrəyə göndərildi. Nüsxələrdən biri Mədinədəki Peyğəmbər məscidinə qoyuldu. Daha bir nüsxəni isə Osman özündə saxladı. Bu hadisə miladi 651-ci ildə baş verdi.
XIV əsrdə yaşamış məşhur tarixçi İbn Kəsir Diməşqin came məscidində həmin Quranlardan birini görmüşdü. Deyilənlərə görə, bu Quran hicri 1310-cu ildə (miladi 1892-93-cü illərdə) baş vermiş yanğın nəticəsində məhv oldu. Osmana məxsusluğu iddia olunan başqa bir Quran nüsxəsi İstambulun Topqapı Muzeyində, Müqəddəs Əmanətlər Ekspozisiyasında nümayiş etdirilir. 1972-ci ildə Yəmənin Səna şəhərində də çox qədim Quran nüsxəsi aşkar edilmişdir. Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda (Sankt-Peterburq) saxlanılan daha bir qədim Quranın da vaxtilə Osman tərəfindən köçürülmüş nüsxələrdən biri olduğu ehtimal edilir. Daşkənddə mühafizə edilən Osman Quranı bunlardan daha məşhurdur. 
Xəlifə Osman ömrünün son dəqiqələrini Quran oxumaqla keçirmiş, evinə soxulan qatillər onu bu vəziyyətdə ikən qətlə yetirmişdilər. Rəvayətə görə, Osmanın qanı Quran vərəqlərinin üstünə tökülmüşdü.
Məşhur fərziyyələrin birinə görə, Osman ibn Affanın qətlindən sonra Əli ibn Əbu Talib həmin Quran nüsxəsini özünə götürür və Kufəyə gedərkən onu özü ilə aparır. XIV əsrdə Teymurləng Kufəni fəth edərkən, Quranı Səmərqəndə aparır. 1868-ci ilə kimə kitab Səmərqənddəki Xoca Əhrar türbəsində qalır. Bir rəvayətə görə, müqəddəs Quranı Səmərqəndə gətirən də Xoca Əhranın müridlərindən biri olub. Həmin mürid həcc səfərindən qayıdarkən, ağır xəstələnmiş İstambul valisini (və ya Osmanlı sultanını) sağaldır, mükafat əvəzinə Osman Quranının ona verilməsini xahiş edir.
Orta Asiya Rusiya qüvvələri tərəfindən işğal ediləndə, Osman Quranı Türküstan valisi tərəfindən alınıb Sankt-Peterburqa göndərilir və orada Kütləvi İmperator Kitabxanasının fonduna düşür. 1905-ci ildə Osman Quranının nəfis tərtibatla faksimile nəşri həyata keçirilir. Sovet inqilabından sonra, 1917-ci il dekabrın 19-da müsəlmanların xahişinə cavab olaraq, V.U.Leninin şəxsi göstərişi ilə müqəddəs kitab Ufadakı Ümumrusiya Müsəlman Şurasına verilir. 1924-cü ildə Osman Quranı Özbəkistanın paytaxtı Daşkəndə gətirilir, 1941-ci ildən 1989-cu ilə kimi Özbəkistan Xalqlarının Tarixi Muzeyində saxlanılır. 1989-cu ildə müqəddəs Quran nüsxəsi Özbəkistan Müsəlmanları Ruhani İdarəsinə təhvil verilir. Hal-hazırda Osman Quranı Daşkənd şəhərindəki "Həşt imam" kompleksində, X əsrdə yaşamış məşhur fəqih Əbu Bəkr Kəffal Şaşinin türbəsinin yanındakı Muyi-Mübarək mədrəsəsində mühafizə edilir. Yeri gəlmişkən, vaxtilə bu Quranın Səmərqəndə Şaşi tərəfindən gətirlidiyi barədə də fərziyyə mövcuddur. Muyi-Mübarək mədrəsəsində çoxlu qədim əlyazma kitabla yanaşı, Həzrət Mühəmməd Peyğəmbərə (s) aid edilən saç tükü də qorunur. 
Osman Quranının daşdan yonulmuş nəhəng rəhili Səmərqənddəki Bibi-xanım məscidinin həyətində yerləşir.
1997-ci ildə Osman Quranı YUNESKO tərəfindən ümumdünya əhəmiyyətli tarixi abidə elan edilmişdir.
Daşkənddəki Osman Quranı natamamdır, bütöv mətnin təqribən üçdən-bir hissəsini əhatə edir ("Bəqərə" surəsinin 7-ci ayəsindən başlayır və "Zuxruf" surəsinin 10-cu ayəsində bitir). Maral dərisindən hazırlanmış vərəqlərdəki sətirlərin sayı 8-lə 12 arasında dəyişir. İlkin ərəb qrafikası qaydalarına uyğun olaraq, yazı nöqtəsizdir.
Aparılmış ekpertiza tədqiqatları nəticəsində aşkar edilmişdir ki, bu nüsxə ən tezi miladi VIII əsrin axırlarında (və ya daha sonralar) köçürülmüş, vərəqlərdəki qan izləri isə saxta üsulla yaradılmışdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.