Cəmiyyət

“Coni” fili nə vaxt boğa bilsə…

15 İyul 2017 22:15
0 Şərh     Baxış: 2 175
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Millət vəkili Fazil Mustafa müsahibəsində deyib ki, "Məhəmməd Fizuli mərsiyə yazmaqla cahilliyin əsasını qoyub."

Məhəmməd Fizulini müdafiə eləmək fikrim yoxdur. Çünki yüz illərdir ki, bu dahi şəxsiyyət barədə tonlarla müdafiə işləri yazılıb, kitablar ortaya qoyulub. Hətta onların 1 faizini tərəzinin bir gözünə qoysaq Fizuli barədə bu cür sözlər söyləyənlərin çəkisindən ağır gələr.

Məsələ burasındadır ki, niyə Azərbaycanın tarixi şəxsiyyətlərinə qarşı bu cür sözlər deyilir? Təbi ki, düşüncələr fərqlidir. Ola bilsin ki, Fazil Mustafa da  bu qədər düşünə bilir. Amma...

Əmması budur ki, belə məsələləri ictimailəşdirib qarışqadan fil düzəldirlər. Guya Fazil Mustafanın Məhəmməd Fizuli haqqında nə isə deməsi bu dahi şəxsiyyətə hər hansı əskiklik gətirəcək. Fil demişkən yadıma bir lətifə düşdü. Qarışqalar filə hücum edirlər. Fil ayağa qalxır və bir dəfə yüngülcə sirkələnir. Bütün qarışqalar yerə səpələnir. Ancaq biri filin boğazından yapışıb qalır. Aşağıdakılar isə "Coni, boğ onu, boğ" deyərək haray salırlar.

Odur ki, narahat olmağa dəyməz. "Coni" nə vaxt fili boğa bilsə, o zaman Fizuli haqqında da kiminsə mənfi fikir səsləndirməsi ondan nəsə azalda bilər.

Milli.Az islam.az-a istinadən bildirir ki, sosial şəbəkələrdə Məhəmməd Fizulinin "müdafiəçilərinin" Fazil Mustafanın ünvanına olmazın təhqirlər yağdırdığının da şahidi oldum. Bax, bu lazımsız bir işdir. Yuxarıda qeyd etdiyim kimi, "haray-həşir" salmaq lazım deyil. Anlayıram, dəyərlərimizi müdafiə edirsiniz. Təbii ki, bu hər birimizin mənəvi borcudur. Amma dəyərləri müdafiə edəndə bu dəyərlərə toxunanın özünün dəyərinə nəzər salmaq lazımdır.

Bir müddət əvvəl Şah İsmayıl Xətai barəsində də eyni tipli sözlər işlədilmişdi. Bir azdan İmadəddin Nəsimi, sonra Əfzələddin Xəqani, axırda elə sıra klassiklərdən sonra müasirlərə də gəlib çıxacaq.

P.S. İmkan verin kim nə deyir desin. Böyük şəxsiyyətlər barədə həmişə dedi-qodu olub. Dedi-qodunu isə o şəxslərə əli çatmayanlar, onların nə dediklərini, nəyi niyə etdiklərini düzgün başa düşməyənlər ediblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.