Cəmiyyət

Yatsek Palkeviç: “Bakı. Şərqin qapısı. Bakı – Sovet İttifaqının ucqar paytaxtından dünyanın ən dinamik inkişaf edən metropoliyasına kimi”

16 İyun 2017 18:08
Baxış: 1 395
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Polşanın nüfuzlu mətbuat orqanlarından biri olan "Rzeczpospolita" qəzetində polşalı səyyah, tədqiqatçı, jurnalist və yazıçı Yatsek Palkeviçin Azərbaycan haqqında geniş məqaləsi nəşr edilmişdir. İyunun əvvəllərində Azərbaycana səfər etmiş Y.Palkeviç ölkəmizlə bağlı təəssüratlarını məqalədə polşalı oxucularla bölüşmüşdür.

Milli.Az xəbər verir ki, məqalədə Azərbaycanı müxtəlif mədəni və tarixi aspektlərdən təqdim edən Y.Palkeviç Bakıya gəldiyi zaman şəhərə heyran olduğunu bildirir və qeyd edir ki, hava limanında yeni terminal elmi-fantastik romanlarda olan cəlbedici kosmik gəmi kimi görünür, həmçinin dünyanın aparıcı memarları tərəfindən yaradılan və ölkənin keçmişi, bu günü və gələcəyini vurğulayan və şəhər panormasına füsunkarlıq qatan yeni tikililərlə isə şəhər özünün ikinci tarixi bumunu yaşayır. Bunu şəhər sakinləri də təsdiq edir.

"Mən məktəbdə oxuyarkən hər tərəfdə postsovet abu-havası hökm sürürdü. İndi isə şəhəri tanımaq mümkün deyil. Ölkənin mədəniyyət və incəsənət sahəsində nəaliyyətlərini təqdim edərək şəhərin görkəmini dəyişiblər. Gələcək buradadı", - 28 yaşlı müəllimə, Dilarə xanım deyir.

Y.Palkeviç məqaləsində valehedici layihələrin şəhərin ayrılmaz hissəsini təşkil etdiyini və Bakının tam olaraq "Şərqin Parisi" adına layiqliyini sübut etdiyini vurğulayır.

Müəllif Bakıda fəaliyyət göstərmiş polyak memarların xidmətlərini xüsusi vurğulayaraq, həmçinin müasir memarlıq abidələrinin də ümumi şəhərin görünüşünə yeni prestij qatdığını qeyd edir. Bu abidələr arasında isə xüsusi olaraq, digər binalardan olduqca fərqlənən və dünya şöhrətli memar Zaha Hadidin müəllifi olduğu Heydər Əliyev Mərkəzini qeyd edir.

"Təsiredici şüşə göydələnlər şəhərin prestijini artıraraq Bakının landşaftına uyğunlaşır. Özünəməxsusluğu ilə seçilən bina məni valeh etdi. Azərbaycanın lideri Heydər Əliyevin şərəfinə ucaldılmış Azərbaycan Mədəniyyət Mərkəzinin strukturunun yumşaq xətləri binanın daim hərəkətdə olması təəssüratını yaradır. Səfərdən əvvəl internetdə baxdığım çoxsaylı foto-şəkillər mənə heç lazım belə olmadı, çünki şəkillər bu müasir memarlığın mirvarisininin gücünü əks etmir".

Y.Palkeviç bu yaxınlarda tikilmiş Crystal Hall konsert zalını, onun yaxınlığında dalğalanan dünyanın ən böyük bayrağını, Bakıda keçirilən Avropa oyunları, Formula 1 Avropa Qran Pri yarışı, Mstislav Rostropoviç adına festivalı və digər möhtəbər beynəlxalq mədəniyyət tədbirlərini qeyd edərək bütün bunların sosial tərəqqinin, iqtisadi sabitliyin göstəricisi olduğunu bildirir. Müəllif həmçinin məqalədə Bakını Dübyala müqayisə edərək Dubayın öz cah-cəlalı ilə çox yüksək təsir bağışladığını bildirsə də Bakının İçəri Şəhəri kimi dəyərli yerə sahib olmaq üçün BƏƏ böyük var-dövlət verə biləcəyini də qeyd edir.

Gecə saatlarında da şəhərin çox füsunkar olduğunu bildirən müəllif neft sənayesində şəhərin əzəmətinin yeni simvolu olan, işıqlandırılmış "Flame Towers"in əksinin Xəzər dənizi üzərində görüntüsünə də valeh olduğunu qeyd edir. Müəllif həmçinin bildirir ki, bu gün necə ki, Parisi Eyfel qülləsiz təsəvvür etmək olmur, Bakını da "Flame Towers" olmadan təsəvvür etmək olmaz.

Azərbaycanda mədəni və tarixi layihələrə investisiyaların yatırıldığını, turizmin inkişafı yolunda ciddi addımların atıldığını qeyd edən Y.Palkeviç iqtisadiyyatın neft sənayesindən asılılığını azaltmaq məqsədilə son illərdə qeyri-neft sənayesinin inkişafına da xüsusi diqqət göstərildiyini, kənd təsərrüfatı və yeni texnologiyalara investisiyaların artdığını vurğulayır. Bu yaxınlarda Gürcüstandan keçməklə Bakı və Türkiyəni birləşdirəcək sürətli dəmiryol xəttinin açılmasına da çox az qaldığını müəllif qeyd edir. Azərbaycanda nəqliyyat daşınması sahəsində yeni layihə olan "Bakı dəniz limanı"nın həyata keçirilməsini də yüksək qiymətləndirən müəllif gələcəkdə bunun milyonlarla yük və konteynerlərin Bakı limanına çatdılmasının göstəricisi olduğunu qeyd edir.

Y.Palkeviç Azərbaycanın multikultural və dini tolerantlıq nümayiş edən bir ölkə olduğunu vurğulayaraq, dövlət qurumlarında, məhkəmə və məktəblərdə heç bir dini əlamətin olmadığını qeyd edir. Həmçinin qızlar üçün ilk məktəbin hələ keçən əsrin əvvəllərində Azərbaycanda açıldığını, 1918-ci ildə isə Azərbaycanda qadınlara səs hüququ verildiyini bildirir və bunun simvolu kimi Xarici İşlər Nazirliyinin yaxınlığında ucaldılmış "Azad qadın" heykəlini xüsusi olaraq vurğulayır.

"Azərbaycan müsəlmanların çoxluq təşkil etdiyi dünyəvi ölkələrdən biridir və dini tolerantlığın nümunəsi kimi özünü təqdim edir".

Ölkəmizin qədimliyini vurğulayan Y.Palkeviç taksi sürücüsü Əlinin "Ölkəmizin qədim olmasına baxmayaraq, o köhnəlmir" sözlərini qeyd edərək deyir: "Həqiqətən də ölkə qədimliyi ilə fəxr edə bilər. İki min illik tarix ona heç vaxt rəhm etməyib. Uzun illər işğallar və hökmranlıq obyekti olmuş Azərbaycanın tarixində bu hadisələr dərin yaralar qoymaqla yanaşı ictimai şüurda müxtəlif millətlər və dinlərlə əlaqənin möhkəmlənməsinə səbəb olan iz qoymuşdur".

Qeyd edək ki, məqalə Heydər Əliyev Mərkəzi və Flame Towersin gözəl şəkilləri ilə müşayiət olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.