Cəmiyyət

"Yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtləri" mövzusunda konfrans keçirilib

16 İyun 2017 13:09
Baxış: 381

Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə (MİTDİB) iyunun 16-da Bakı  şəhərində "Yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtləri" mövzusunda konfrans keçirilib. Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirə KİV, QHT nümayəndələri, internet-sosial şəbəkə fəalları qatılıblar.

Milli.Az bildirir ki, tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən "Yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtləri" mövzusunda konfrans və seminarların  təşkili" layihəsi çərçivəsində baş tutub.

Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki,  Layihə çərçivəsində Mingəçevirdə (Qərb bölgəsində fəaliyyət göstərən  jurnalistlər və internet fəalları üçün), Masallıda (Cənub bölgəsində fəaliyyət göstərən  jurnalistlər və internet fəalları üçün) seminarlar keçirilib. Həmçinin "Yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtləri" adlı vəsait hazırlanaraq çap edilib və seminar iştirakçılarına paylanıb: "Bakıda konfransın keçirilməsi isə, məsələnin daha geniş auditoriyaya çıxarılması və mövzunun aktual saxlanılmasına xidmət edir. Çünki xəbər istehsalçılarının "yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımını məhdudlaşdıran məqamlar"a yanaşmaları  problemlidir. Cinayət hadisələrinin iştirakçısına, yaxud qurbanına çevrilmiş yetkinlik yaşına çatmayanların ad və soyadlarının, ünvanlarının dəqiqliklə təqdim edilməsi, valideynlərinin, himayəçilərinin, hüquqi təmsilçlərinin rəyini nəzərə almadan bu tip məlumatların ictimailəşdirilməsi ciddi problemlərə yol açır, cinayət qurbanına çevrilmiş uşaqların gələcək həyatlarını ciddi çətinliklərlə qarşı-qarşıya qoyur. Bu baxımdan, keçirdiyimiz seminar KİV işçilərində, xüsusən internet üzərindən xəbər yayan informasiya istehsalçılarında yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtləri  barədə təsəvvür formalaşdırmaqdan ibarətdir".

Media eksperti Azər Həsrət yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtlərinin pozulması nəticəsində yaranan problemlər brədə məruzə edib. Azərbaycan Jurnalistlər Şəbəkəsinin sədri Ayaz Mirzəyev, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə, "Millətçilik" qəzetinin  redaktoru Sevda Əsgər, JuHİ-nin layihələr meneceri Nəzrin İlhamqızı (Ayralova), TUM İB sədri Çingiz Bayramov, "Region+" analitik jurnalının baş redaktoru Namiq Mailov, "Türküstan" qəzetinin baş redaktoru Aqil Camal, "Azadinform" İnformasiya Agentliyinin  baş redaktoru Niyaz Niftiyev, "Təhsil" Cəmiyyəti İB-nın koordinatoru Taleh Şahməmmədov   və digər çıxışçılar "KİV və  uşaq hüquqları" mövzusunda  gerçəkləşdirilən layihələrin faydalarından danışıblar.

Milli.Az

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.