Cəmiyyət

Qarabağdan Türkiyəyə könül körpüsü: “Jurnalistlərin gözü və sözü ilə...” - FOTO

18 Mart 2017 19:57
Baxış: 549

Türkiyənin bir qrup tanınmış media və jurnalistlər təşkilatlarının rəhbərləri Azərbaycanda səfərdədir

Türkiyə Cümhuriyyətinin bir qrup aparıcı media orqanlarının rəhbərləri Beynəlxalq Avrasiya Araşdırmaları İnstitutu İctimai Birliyinin rəhbəri, millət vəkili Qənirə Paşayevanın dəvəti ilə "Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri: jurnalistlərin gözü və sözü ilə..." adlı layihəsi çərçivəsində Azərbaycanda səfərdədir. Səfərin ilk günü qardaş Türkiyənin media mənsubları əvvəlcə Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin və tanınmış oftolmoloq alim Zərifə xanım Əliyevanın məzarlarını ziyarət ediblər. Daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatlarını itirən şəhidlərin xatirəsini yad edən qonaqlar 20 yanvar qətliamı və Qarabağ savaşında şəhid olan qəhrəman oğul və qızların məzarlarına gül dəstələri qoyublar. Media mənsubları həmçinin Türk şəhidliyini də ziyarət ediblər, dualar oxuyublar. Millət vəkili Qənirə Paşayeva Türkiyəli media mənsublarına 20 yanvar qətliamında və Ermənistanın hərbi təcavüzü nəticəsində minlərlə günahsız soydaşımızın həyatlarını itirdiyini diqqətə çatdırdı. O qeyd etdi ki, müharibə nəticəsində bir milyondan çox soydaşımızın məcburi köçkünə çevrildiyi Qarabağ münaqişəsi təkcə Azərbaycanın deyil, ümumilikdə türk dünyasının həssas məsələsidir.

Daha sonra Bakı şəhərinin görməli yerləri ilə tanış olan qonaqlar "İçərişəhər" dövlət tarix memarlıq qoruğu idarəsində olmuş, YUNESKO-nun Maddi Mədəni İrs siyahısına daxil olan tarixi memarlıq abidəsi ilə yaxından tanış olmuşlar. Qonaqlar həmçinin Xalça Muzeyini ziyarət etmişlər.

Antalya Gazeteciler Cemiyeti və Akdeniz Gazeteciler Federasyonu Başkanı Mevlüt Yeni, Antalya Gazeteciler Cemiyeti və Akdeniz Gazeteciler Federasyonu Başkanı, Türkiye Gazeteciler Konfederasyonu Genel Başkan Yardımcısı Mevlüt Yeni, Burdur Gazeteciler Cemiyeti Başkanı Kürşat Tuncel, Yenigün-Akdeniz Gazeteciler Federasyonu Genel Başkan Yardımcısı, Akdeniz Gazete Sahipleri Derneği Başkanı Ahmet Duran Yenigün, Akdeniz Gazeteciler Federasyonu Yönetim Kurulu üyesi Ali Buldu, Antalya Gazeteciler Cemiyeti Başkan Yardımcısı İdris Taş, Akdeniz Gazeteciler Federasyonu Genel Başkan Yardımcısı, Osmaniye Gazeteciler Cemiyeti Başkanı Ali Cihangir, Antalya Gazeteciler Cemiyeti Başkan Yardımcısı Mustafa Taşın iştirak etdiyi heyətlə ilk olaraq, Mətbuat Şurasında görüş keçirilib. Qonaqları salamlayan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Azərbaycan və Türkiyə arasında formalaşmış qardaşlıq və dostluq münasibətləri qədim tarixi köklərə malik olduğunu qeyd edib.

Türkiyə və Azərbaycan jurnalistlərinin iştirakı ilə bir çox toplantıların təşkil edildiyini diqqətə çatdıran Ə.Amaşov bildirib ki, qarşılıqlı media əməkdaşlığında mühüm həlqəni ortaq həqiqətlərimizin təbliği təşkil edir.

Türkiyəli media təmsilçilərinin ölkəmizə səfərinin təşəbbüskarı Milli Məclisin deputatı Qənirə Paşayeva bildirib ki, bu cür səfərlər hər iki ölkənin müxtəlif aspektlərdən tanıdılmasında, mühüm rol oynayır. O bildirib ki, Türkiyə jurnalistlərinin Azərbaycana səfəri iki ölkə arasında çoxtərəfli əməkdaşlıq örnək səciyyə daşıyır və bu, media müstəvisində həyata keçirilən tədbirlərlə, yeni birgə fəaliyyət mexanizmləri ilə də zənginləşməlidir. O, ümidvar olduğunu bildirib ki, bu səfər Azərbaycanın Türkiyə ictimaiyyətinə daha yaxından tanıdılmasında öz töhfəsini verəcək. Sonda Mətbuat Şurası və Türkiyə media mənsubları arasında əməkdaşlıq memorandumu imzalanıb.

Türkiyəli jurnalistlər Azərbaycan Yazıçılar Birliyində Güney Azərbaycan ədəbiyyatının tanınmış yazarı Səməd Behrənginin anısına düzənlənən tədbirdə iştirak ediblər. Tədbiri açıq elan edən AYB sədri Anar Səməd Behrənginin ədəbiyyatımızda roluna toxunub. Millət vəkili Qənirə Paşayeva Səməd Behrəngi yaradıcılığında mühüm yer tutan "Balaca qara balıq" hekayəsinə toxunub, o qeyd edib ki, yazarın məhz kiçikyaşlı oxucular üçün əsərlər yazmasının dərin mənası vardı. Çünki milli məfkurə və təlim-tərbiyənin formalaşması uşaqlıqdan başlayır.

Türkiyəli qonaqlar Beynəlxalq Mahmud Kaşğarlı Fondunun düzənlədiyi Mahmud Kaşğarlı mükafatlarının təqdimetmə mərasiminə də qatılıblar. Fondun rəhbəri, şair, tərcüməçi Elxan Zal böyük bir coğrafiyanı əhatə edən türk insanının bir-birini tanımasında, xalqlar arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsində ədəbiyyatla yanaşı, jurnalistlərin, yazarların üzərinə böyük vəzifələr düşür. Odur ki, bu cür səfərlər qardaş xalqları daha yaxından tanımaq üçün mühüm əhəmiyyət daşıyır.

Türkiyəli media mənsublarına Fondun adından fəxri diplom və plaketlər təqdim edilib.

Qonaqlar Dağlıq Qarabağın Azərbaycanlı icması İctimai Birliyinin rəhbəri Bayram Səfərovla görüşüblər. Jurnalistlərə Ermənistan-Azərbaycan münaqişəsi və onun tarixi kökləri, Qarabağın mədəniyyəti, tarixi barədə məlumat verilib. Bayram Səfərov qeyd edib ki, iyirmi ildən çoxdur ki, Ermənistan torpaqlarımızın 20 faizini işğal altında saxlayır və işğalçılıq siyasətindən əl çəkmir. İcmanın gördüyü işlər haqqında məlumat verən Bayram Səfərov sülh prosesinin nəticəsiz olacağı təqdirdə cənab Prezident, Ali Baş Komandanın əmri ilə hər bir azərbaycanlının torpaqlarımızı geri qaytarmaq üçün hazır olduğunu söylədi. Görüşdə həmçinin jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Millət vəkili Qənirə Paşayeva Qarabağın, özəlliklə də tarixi-mədəniyyət abidələri ilə zəngin Şuşanın Azərbaycan mədəniyyətinə böyük töhfələr verdiyini bildirdi. O bildirdi ki, milli musiqi sənətimizdə mühüm rolu olan Şuşa başda olmaqla Dağlıq Qarabağın işğal altında olması hamımızı narahat edir. Azərbaycan həqiqətlərinin, xüsusilə də Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında jurnalistlərin, medianın rolu əvəzsizdir. Qarabağ həqiqətləri türk insanına, türk dünyasına, xüusilə də gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır. Bu baxımdan da qələm sahiblərinin üzərinə mühüm vəzifələr düşür.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.