Cəmiyyət

"Ziyalı deyib efirə çıxartdıqlarının sayı 15-i keçmir" - Elçin Əlibəyli

19 Mart 2017 20:35
4 Şərh     Baxış: 5 148

"İzdivac verilişləri ilə televiziyalar saf ailə dəyərlərini nümayiş etdirmir, sadəcə tamaşa qururlar".

Milli.Az sherg.az-a istinadən bildirir ki, bunu evlilik verilişlərinin bağlanmasına münasibət bildirərkən tanınmış teleaparıcı, media eksperti Elçin Əlibəyli deyib.

O bildirib ki, toy sənayesinin Azərbaycan mədəniyyətinə, eləcə də televiziyaya vurduğu zərbənin təsirləri davam edir:

"İstəyərdim məsələyə belə yanaşaq ki, necə layihə olar, necə layihə olmaz. Birdəfəlik müəyyənləşdirək və televiziyalara yazaq göndərək. Siyasi məsələdə çox ciddi məhdudiyyətlər var. Siyasi, sosial, iqtisadi mövzularda layihələrin sayı çox azdır. Ona görə, kanallar məcbur qalır ki, əyləncəli verilişlər hazırlasınlar. Əyləncəli verilişlər isə yalnız musiqi, oxumaq həkim verilişlərindən ibarət deyil. İzdivac verilişləri olmalıdır və mən heç də bunun əleyhinə deyiləm. Bir qədər folklora nəzər yetirək. Qədim dövrdə qızlar, oğlanlar bulaq başına bir-birini görmək, bəyənmək üçün çıxırdı. Bulaq başı o dövrdə bir vasitə, yer idi ki, özlərini tanıdır, tanış olurdular. Təbii ki, xoşu gələn evlənirdi, gəlməyən evlənmirdi. İndi sosial şəbəkələrdə bu, özünü əks etdirir. İnsanlar sosial şəbəkələrdə danışırlar, tanış olurlar, fikir mübadiləsi aparırlar, sonunda isə bu evliliklə nəticələnə bilir.

Başqa məsələdir ki, necə tip insanlar çıxır və ya niyə televiziya bunu şoulaşdırır. Televiziya ona görə şoulaşdırır ki, bu verilişlərdə məqsəd saf ailə qurmaq niyyəti deyil, sırf əyləncə yaratmaqdır. Burada hətta ailəyə gedən yolu da saxlayırlar ki, bu izdivac alınmasın. Daha çox maraq yaransın ki, tamaşaçı da baxsın. Bu da, televiziyanın postmodernist mahiyyətindən irəli gəlir. Əslində televiziyanın tamaşalaşması baş verir. Televiziya teatrdan götürdüyü tamaşanı özündə qurub. Bizdə belə bir deyim var, "tamaşa qururlar" . Yadınızdadırsa, Məhərrəm ayında aşura günündə "şəbil çıxarmaq" deyilən belə bir şey var ki, yəni o hadisə necə baş verib, bunun tamaşası qurulur. Bu meydan teatrnın estatikasdır ki, onu televiziya özünə götürüb".

E. Əlibəylinin sözlərinə görə, bu tip verilişlərə tamaşaçı, media mütəxəssisi olaraq özü də baxmaq istəmir. Amma teleaparıcı bildirir ki, bu zaman televiziyanın qarşısında "biz tamaşaçıya onun əvəzinə nə verək?" sualı dayanır:

"Yalnız maarifləndirici verilişlər, hər hansısa sənədli filmlər, dəyərləri aşılayan bədii, estetik sövq gətirəcək əsərlərə baxmırlar. Və bunun çox gözəl sübutu odur ki, Bakıda Filarmoniya, böyük konsert zalları, konservatoriya var. Və caz festivalı keçirilir, o cümlədən onların video görüntüləri "Youtube" kanalında yerləşdirilib. Amma baxın görün hansı müğənnilərin baxış sayı milyonları keçir? Böyük bəstəkarlarımızın əsərlərinin baxış sayı heç yüzü keçmir. Yəni zorla elitar mədəniyyəti kütləyə sırımaq olmaz. Bu tək bizə deyil, bütün türk dünyasına aiddir. Kütləvi mədəniyyətlə elitar mədəniyyət arasında fərq var. Bəli razıyam,pop mədəniyyət mövcud olmalıdır. Amma tənzimləmə işləri aparılmalıdır. Bunu qadağan etmək çox gülməlidir. Sən onu qadağan edəcəksən, sabah kütlə özü üçün başqa bir şey tapacaq. Çünki kütlə əylənmək istəyir. Bu gün Azərbaycan kütləsinin əyləndiyi yeganə yer toydur. Fikir verin, artıq toy, xınayaxdı tamaşaya çevrilib. Bu da əslində kütləvi mədəniyyətdir. Sizə elə gəlir ki, toyda aş gələn mərasimləri, o mələklər, qılınclar və s. mədəniyyət filan deyil, bayağıdır. Amma bu artıq bayağı folklordur, mən folklorun əleyhinə deyiləm. Bizim elə gözəl folklor ənənələrimiz var ki, heyran qalırıq. Gəlin elə Novruz bayramının özünü götürək, kosa və keçəl oyunu kimi bayağı, məzmunsuz, heç bir idea yükü olmayan bir oyun göstərin, görüm bizim bundan başqa oyunumuz olmayıbmı? Əlbəttə, olubdur. Belə bir kitab var, "Azərbaycan xalqının el-oba oyunları". Bir baxın, orada necə gözəl oyunlarımız var. Həm fikir cəhətdən sosial mesajı olan, həm tərbiyəvi xarakteri olan oyunlar var. Lakin onlar yaşamır. Yaşayan nədir? Keçəlin və Kosanın "Çömçəni doldursana, kosanı yola salsana" dilənçiliyi... Bu, sosial dilənçilikdən başqa bir şey deyil. Amma biz bunu efirə çıxarırıq və bu sualı heç kim vermir. Biz bunu dəyər kimi təqdim edirik".

E.Əlibəyli bildirib ki, azad bir qadın və azad bir kişi, efirə çıxırlar, ailə həyatı qurmaq istəyirlər. Və bir-biri ilə tanış olurlar. Burada qüsurlu, qəbahətli bir şey yoxdur:

"Azərbaycan televiziyalarında bu tipli verilişləri bağlanmasının da səbəbi əxlaqında problem olan şəxslərin efirə çıxması oldu. Bunun üçün çox güclü nəzarət olmalıdır. Nəzarət sisteminin olması üçün burda hər şey pulıun başına gəlib çıxır. Hər hansısa televiziya layihəsini həyata keçirmək üçün onun komandasında ən azı 30-40 adam işləməlidir. Həmin 30-40 adam bələd olmalıdır ki, gələn qonaq nə danışa bilər, nə cür adamdır. Axı hər verilişdə təxmini 5 nəfər işləyir. Çoxu qeyri-peşəkarlar və həvəskarlardır. Çünki, maaş almırlar. Onların hamısı özünə prodüser deyir, redaktor deyir, onların efirə çıxartdığı adam necə olacaq? Azərbaycan televiziyalarında ziyalı deyib, şair deyib, yazıçı deyib efirə çıxartdıqları adamların sayı 15 nəfəri keçmir. 15 nəfərdən artıq yazıçı, şair yoxdur. Çünki tanıdıqları odur. Onlar oxumayıblar, onu da o biri prodüser deyib, ya da onun dəftəri bunların əlinə düşüb, orda nömrəsi var, oradan çağırır . Yəni bu komandalarla verilişləri təşkil etmək olmaz. Biz birinci növbədə televiziyalarımızı peşəkarlaşdırmalıyıq. Mən artıq 20 ildir bu sözü deyirəm ki, televiziya akademiyası qurulmalıdır. Burada peşəkar mütəxəssislər yetişdirilməlidir. Peşəkar redaktorlar olmalıdır . Bilirsiniz, peşəkar redaktor nədir? Bir evlilik verilişini səviyyəli qurmaq üçün onun özünün səviyyəsi, dünya görüşü, komandası olmalıdır. İnanın ki, bu zaman çox zövqlü, maraqlı, baxımlı veriliş ərsəyə gətirmək olar. Mən heç kimi tərifləmək və ya pisləmək niyyətində də deyiləm. Amma misal deyək, çox tənqidlər səslənə bilər, bəyənmək də olar, bəyənməmək də. Xoşqədəm Hidayətqızının və Zaur Baxşəliyevin bu gün canlı apardıqları verilişlər var. Az-çox orada müəyyən komanda işləyir deyə biz həmin komandanın işini görürük. Eyni zamanda hər iki aparıcının az-çox peşəkar olmağı, onların jurnalistikadan xəbərdar olmağı özünü biruzə verir, seçilir. Bu o demək deyil ki, mən onların fanatıyam. Belə bir deyim var ki, "Allahın haqqı Allaha, Veysəlin haqqı Veysələ" . Komanda normal işləyəndə sən işinin nəticəsini də görürsən. Məsələn, bir veriliş də var ki, o verilişi açıb baxanda burda üç nəfər adam işlədiyi mənə bəlli olur. Təəccübləndiyim bir məsələni sizə deyim. 20 ildir ki, televiziya tədqiqatı ilə məşğulam. Bir sinif yoldaşım var idi, 11-ci sinifdən peşə məktəbində oxumağa getdi. Ötən günlərdə görürəm, televiziyada həkim kimi tüklərin tökülməsini izah edir. Tibb Universitetini bitirməyib, sadəcə pulu var, aparatı var, aparatı gətirib göstərir. Tanıdığımdan deyə bilərəm ki, həmin verilişin aparıcısı da ümumiyyətlə, savadı olmayan adamdır və belə bir veriliş Azərbaycan televiziyasında yayımlanır.

Tibb verilişi ikiqat məsuliyyətli verilişdir, tibb verilişində komanda işləməlidir, orda resuslar olmalıdır. Rusiya televiziyaları, hətta dünya televiziya aparıcıları içərisində Qardon adlı çox məşhur bir aparıcı var. Onun intellektinə dünyada heç kim şübhə edə bilməz. Qardon çox intelektual və ağır layihələr həyata keçirirdi. Oondan sonra tok-şoular oldu, amma bu gün o ailə-məişət mövzusunda veriliş aparır. Və onun verilişində hətta ər arvadını döyür. Məncə, heç vaxt Qardon səviyyəsində olan bir aparıcı imkan verməzdi ki, onun verilişində ər arvadını döysün. Amma o bunu izah edir: "21-ci əsr qlobal kənd dövrünə qədəm qoyduğu üçün artıq dəyərlər dəyişib və məişət bizim əsas dəyərimizə çevrilib. O, hətta öz etdiyini əsaslandıra bilir, fikrini ifadə edə bilir. Amma bizim aparıcılardan soruşsaq, "mən efirə niyə çıxmışam?", "mən tamaşaçımdan nə istəyirəm?" sualını kim cavablandıra bilər? Ən çoxu 10 nəfər. Amma digərlərindən bu cavabı görmək olmaz, ola bilər mən çox uzun izah etdim. Amma bu gün evliliyi, meyxananı qadağan etməklə sabah "Survivor" layihəsini qadağan edəcəyik və sonda ev kinoteatrına bənzəyəcək".

E.Əlibəyli bu problemin çıxış yollarından danışıb:

"Niyə bizdə tematik kanallar yaranmır? Qadınlar var ki, saatlarla oturub bilyard verilişlərinə baxır. Bilyard həvəskarıdır. Kanallarımız mövzu baxımından bir-birinə bənzəyir. Əgər tematik kanallar yaransa, tarixi kanal, uşaq kanalı, yeniyetmə kanalı olmalıdır, niyə də olmasın? Axı, onun da həvəskarları var. Şəxsən mən özüm üçün deyirəm, "Discovery" kimi kanal Azərbaycanda mövcud olsa, nə qədər adam heyvanlarla, onların həyatı və yaşam tərzi ilə bağlı sənədli filmləri, animal planeti izləyər. Amma biz buna doğru hansı addım atırıq? Heç bir şey etmirik. Azərbaycanda əhalinin çoxu kənd təsərrüfatı ilə məşğul olur, ya da şəhərdə yaşayanların bağ evləri var . Bağ evləri ilə bağlı, bağda gül əkmək, əkinçilik etmək, həşəratlara-böcəklərə qarşı mübarizə aparmaqla bağlı kanal açmaq həm mümkündür, həm də gəlir gətirəcək".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Roker · 19 Mart 20:5200

    Rusiya televizyasi en boyuk tecrube meketebidir.

    Cavab yaz
  • Anonim
    Emi · 19 Mart 21:4830

    Qordon,Pozner xususi cekiye malik jurnalistlerdir.Ancaq bizim de hec de onlardan geri qslmayan Mir Sahinimiz var

    Cavab yaz
  • Anonim
    Elli · 19 Mart 22:1401

    Her sheyi gözel izzah edi. Bilinir ki savadi,intellektual seviyyesi ve dunya görushu chox mukemmeldir.

    Cavab yaz
    • Anonim
      arifə · 19 Mart 23:3740

      Danışır də amma öz verilişinde qonaqları qızışdırıb bir biri ilə dalaşdırırdı.

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.