Cəmiyyət

Hamı qolunu çirmələsin

19 Mart 2017 23:20
0 Şərh     Baxış: 863

"Qul əuzu birəbbin nəs" - "De ki, pənah aparıram insanların Rəbbinə"

("Nas" surəsi, ayə 1).
 
İnsanın təhlükələrdən özünü qorumaq üçün təkcə "əuzu" (pənah aparıram) deməsi yetmir. Belə ki, insan hər bir işdə, sözü və əməlində sinxronluq yaratmalıdır. Əgər bəndə xətalarından Allaha pənah aparırsa, gərək ki, xətalarını reallaşdırdığı müstəvilərdən də uzaq dursun.
Düşünün: özümə Kürün qabağında bir ev tikib, üstünə də "seldən, daşqından Allaha pənah aparıram" yazıramsa, bu, özümü aldatmadan başqa bir şey deyil. Hələ bu azmış kimi, sel-filan olanda da müsibət zamanı Allaha üsyan üçün ehtimal da yaradıram. Bu, bir həqiqətdir ki, insanlar əsasən Allahı pis zamanlarında xatırlayır. Belə xatırlama isə iki haldan kənar deyil: ya Allaha üsyan etmək, ya da ki, Ondan yardım diləmək.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, faktiki olaraq bütün müstəvilərdə Allaha sığınan insan, əməldə fəsaddan çəkinməlidir.
Bəzən etdiyimiz duaların qəbul olunmadığını düşünürük, halbuki duanın qəbulu üçün əməli hərəkətimiz belə olmur. Sadəcə dil ilə Yaradana istiqamətlənirik.
Nə qədər ki, sözlər elə söz olaraq dillərdə  gəzəcək və əmələ keçməyəcək - o qədər də inkişaf və tərəqqi yubanacaq və yaxud da heç vaxt olmayacaq.
Ən pisi isə budur ki, nəticə etibarilə demək olar ki, sosial şəbəkələr sözə xidmət edir, yəni daha nə yazım ki, like bol olsun və s. sindromları.
Ağlı başında olan hər bir vətəndaşımız üçün ölkənin təhsil səviyyəsi aydındır.
Hər növbəti il abituriyent imtahanlarında "0" bal toplayanlar, ana dilindən kəsilənlər az qalır həndəsi silsilə ilə artsın.
Müəllimlərin öz tədris etdikləri fənn üzrə attestasiya imtahanından kəsilməsi isə bir ayrı dərddir.
Ali təhsil müəssisələrinin demək olar ki, praktiki təhsil vermədiyi və dərslərin əsasən nəzəriyyə üzərində tədris edilməsi də məzunların karyerasında faydalı ola bilmir.
Qısası, xalq olaraq özümüz özümüzə gün ağlamasaq nə Con, nə də İvan bizə kömək olmayacaq.
Bu yaxınlarda sosial təhsil aksiyasına başlayarkən "Xeyirxah milyonçular erası bitib. İndi xeyirxah milyonlar erasıdır" şüarı da gündəmə gəldi. Sözün həqiqi mənasında bu məmləkətin, xalqın inkişaf və tərəqqisi üçün milyonlar əl-ələ verib, eyni mismara çəkic döyməlidir.
Artıq reallıq təklərin yox, cəmlərin fəaliyyətinə tabedir. Ölkə insanı kimliyindən asılı olmayaraq, uğurlu inkişaf üçün bir-birinə yardım etməlidir. Əks halda bu gəncliyin çətinliyi öz övladlarına artıqlaması ilə qismət olacaq.
Eramız "Xeyirxah milyonlar erası" ola bilər, amma zamanımız "Danışma! Et!" zamanıdır. Şəxsi təhsil səviyyəsini artırmaqla yanaşı, bacardıqca cəmiyyətin digər üzvlərinin də maariflənməsinə yardım etmək lazımdır.
Bəs deyilmi hər şey haqqında ancaq pafoslu danışmağımız?
Hər gün küçəni süpürən yaşlı qadınların halına acımaqla paralel, küçələri zibilləyiriksə demək ki, nələrsə yerində deyil.
Əgər batan şey hər nədirsə, dəyərlidirsə - onun batmasına tamaşa etmək olmaz. Hər kəs bacardığı qədər qolunu çirmələyib, əlini suya salmalıdır.
Sudan qorxmayaq, axı su aydınlıqdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.