Cəmiyyət

Uzaq yolların tozu, yorğun yolçuların izini bugünə nə daşıyır?

24 Aprel 2011 13:37
Baxış: 1 060
Ölkənin qədim karvan yolları üzərində yerləşməsi, əlverişli coğrafi mövqeyi və iqlimi ərazidə ticarətin geniş səviyyədə təşəkkülünə təkan verirdi. İqtisadi əlaqələrin tənzimlənməsində mühüm əhəmiyyət kəsb edən karvan yolları üzərində tacirlərin rahatlığı üçün hamamlar, kəhrizlər, məscidlərlə yanaşı, karvansaralar da inşa olunurdu.

Hələ orta əsrlərdə Azərbaycan ticarət mərkəzi kimi tanınırdı. Şərqlə Qərbin müxtəlif ölkələri ilə ticarət aparan Azərbaycandan neft, duz, ipək, yun, mis qablar və xalçalar müxtəlif ölkələrə ixrac olunurdu. Həmin dövrlərdə ölkəyə gələn tacirlər karvanlarının təhlükəsizliyi, onların ölkədə qala bilmələri üçün müxtəlif bölgələrdə karvansaralar tikilirdi. Əsrlər boyu böyük şəhərlərdə, o cümlədən də Böyük İpək Yolu üzərindəki karvansaralar bugünkü mehmanxana funksiyasını daşıyıb. O dövrdə karvansaralar 2 qrupa bölünürdü -şəhər və yolüstü karvansaralar. Yolüstü karvansaralar daha çox istehkamı, qalanı xatırladırdı. Qalın divarları olan həmin karvansaraların bir qapısı vardı və gecələr bağlanırdı. Şəhər karvansaralarının isə əsasən iki qapısı olub və daha yaxın məsafələrdə yerləşirdi.

İlk karvansaralar 5-6 min il əvvəl inşa olunmağa başlayıb. Tarixi mənbələrə görə, karvansaraların Azərbaycanın qədim və iri ticarət mərkəzlərində - Bakıda, Gəncədə, Şəkidə, Abşeron yarımadasında və başqa yerlərdə hələ orta əsrlərdən əvvəl fəaliyyət göstərib. Tarixi mənbələr bölgədə ilk karvansaraların e.ə. 6-3 minillikdə, yəni 5-6 min il əvvəl inşa olunduğu barədə xəbər verir. Eradan əvvəl 550-ci ildən 330-cu ilə kimi hökm sürmüş Əhəmənilər imperiyası qədim dövrün ən böyük imperiyalarından biri olub. Bu imperiya şimal-şərqi Afrikadan tutmuş (Misir də daxil olmaqla) Hindistana kimi, şərqdə Hind okeanından, cənubda İran körfəzindən tutmuş şimali Qafqaz dağlarına qədər böyük bir ərazini əhatə edirdi. Həmin dövrlərdə Azərbaycanın ərazisi də bu imperiyanın tərkibinə daxil idi. Eramızdan əvvəl 5 əsrdə yaşamış yunan tarixçisi Herodot Əhəmənilər imperiyasının tərkibində yaşayan 70 xalq və tayfanın adını çəkir. İran hökmdarı imperiyanın idarə olunmasını asanlaşdırmaq məqsədilə hərəkət üçün rahat yolların yaradılmasına və onların təhlükəsizliyinin təmin olunmasına xüsusi diqqət yetirirdi. Bu məqsədlə imperiya ərazisində əsas ticarət yollarında bir günlük yol məsafəsində karvansaralar və gözətçi dəstələri üçün məntəqələr tikilirdi.  

Bu gün Azərbaycanın, demək olar ki, əksər bölgələrində qədim karvansaraların qalıqlarına rast gəlinir. Müxtəlif ərazilərdən tapılan karvansara qalıqları eyni zamanda ərazinin tarixini öyrənməyə də imkan verir. Məsələn, Sumqayıt şəhəri ilə bağlı müxtəlif yazılı məlumatlarda 7-ci əsrin əvvəlində Sumqayıtın ərazisindən, Sumqayıtçayın hər iki sahili boyunca karvan yollarının keçdiyi bildirilir. Ərazidə arxeoloji qazıntılar zamanı aşkar olunmuş karvansara qalıqları bu fərziyyəni təsdiq edən əhəmiyyətli mənbədir. Bakı buxtasında suyun altında qalmış Karvansara adasına əsasən belə nəticəyə gəlmək olar ki, 12-13 əsrlərdə Xəzərin səviyyəsi bugünkündən çox aşağı olub. Bu həm də Xəzərin tarixini öyrənməyə imkan verir.

Ermənilərin tarixi Azərbaycan torpaqlarına nə vaxt, necə köçürülməsi barədə çox yazılıb. Amma bəlkə çoxları bilmir ki, tarixin müxtəlif dövrlərində Azərbaycana köçürülən ermənilər bir müddət qədim tarixi tikililərdə - karvansaralarda məskunlaşıblar.

Azərbaycan Dövlət Arxivindəki mənbələrdən məlum olur ki, Naxçıvan şəhərində çoxlu sayda tikililər - məscid, bazar, dükan, hamam, körpü olub. Bunlardan ikisi karvansara olub. Karvansaraların birində 31 ədəd dükan, digər yarıuçuq vəziyyətdə olan karvansarada isə köçürülmüş ermənilər məskunlaşıbmış. Bu, ermənilərin bu torpaqlara sonradan gəldiklərinə dair yüzlərlə sübutdan biridir.

BAKININ KARVANSARALARI

Quru və dəniz yollarının qovuşduğu əlverişli yerdə yerləşən, zəngin təbii sərvətləri olan Bakı orta əsrlərdə Qərblə Şərq arasında tranzit ticarət mərkəzi rolunu oynayırdı. Şəhərin əsas gəlir mənbəyi ticarət idi. Bölgədə ticarətin inkişafına Şirvanşahlar, şəhər hakimləri və tacirlərin özləri nəzarət edirdilər. Karvansaralarda şəhərə gələn tacirlərin qalmaları, mallarını saxlamaları üçün hər cür şərait yaradılırdı. Tacirlər xüsusi tikililərdə - karvansaralarda yaşayırdılar. Burada onların və mallarının təhlükəsizliyi təmin olunurdu. Karvansaralar bir növ qalanı xatırladırdılar. Onların qapalı həyəti hündür lal divarla əhatə olunmuşdu və gecələr kilidlənən bir qapısı var idi. Bakı karvansaraları ticarət üçün də uyğunlaşdırılmışdı. Çox vaxt karvansaralar eyni ölkədən gələn tacirlərə xidmət edir və məhz onlar üçün tikilirdi.

Karvansaraların yanında bu tacirlərin dini etiqadına uyğun məbədlər də inşa olunurdu. Bakıda Buxara, Pakistan, Hindistan tacirləri üçün tikilmiş karvansaralar indiyədək qalıb. Karvansaralar sovet sistemində ölkəyə gələn turistlərin səyahət etdiyi əsas məkanlardan olub. Bu gün də əcnəbi turistlər bu tikililərə maraq göstərirlər. İçərişəhərdə yerləşən karvansaraların bəziləri, restoran, mehmanxana və başqa formada fəaliyyətlə yanaşı, tarixi abidə kimi də insanların ekskursiya etdikləri yerlərdən biridir. İçərişəhərin tanınmış karvansaralarından ən çox maraq göstəriləni Qız qalasının yaxınlığında yerləşən Multani və Buxara karvansaralarıdır. Adıçəkilən abidələr "Restoran-karvansara kompleksi" adı altında fəaliyyət göstərir. Hər iki karvansara ölkə əhəmiyyətli memarlıq abidəsi kimi qorunur.

MULTANİ KARVANSARASI

hindlilərin yadigarı sayılır və bu, İçərişəhər, Qız Qalasının yaxınlığında üzbəüz qoşa karvansaralardan biri olmaqla Multani tikilmə üslubuna görə qədim Bakı memarlığına xüsusi rəng qatır. Ənənəvi karvansara üslubundan fərqli formada tikilən və Suraxanı Atəşgahını xatırladan Multani vaxtilə 16-cı əsrdə Bakıya gəlmiş hindlilər tərəfindən inşa edilib. O zaman Hindistanda eyniadlı kənd mövcud imiş. Hazırda isə bu kənd Pakistanda yerləşir. 1949-cu ildə Pakistan Hindistanın tərkibindən ayrıldıqda bu kənd də Pakistan tərəfə düşür.

Bu baxımdan Multani karvansarasının memarlıq üslubu ilə Suraxanıda hindlilər tərəfindən tikilən Atəşgahın arasında mühüm oxşarlıqlar var. Sadəcə, fərq ondan ibarətdir ki, Atəşgah karvansaraya nisbətən böyük olmaqla yanaşı, həm də onun ortasında alov yanır. əyə daxil olduqda isə, göz önündə tamamilə başqa bir aləm canlanır. Tiklinin aşağı mərtəbəsi yerin altında yerləşir. Üç böyük zaldan ibarət olan və tacirlərin satacaqları heyvanları saxlamaq üçün nəzərdə tutulan alt mərtəbənin üç qapısı var. Tacir öz heyvanlarını yalnız dənizə tərəf açılan qapıdan zirzəmiyə daxil edə bilərdi. Bunun özü də səbəbsiz deyil. Belə ki, dəniz tərəfdən İçərişəhərə daxil olanda yol yuxarı qalxdığından, salonun digər qapısından yalnız tacirlər pilləkənlə yuxarı, yəni qonaq otaqlarına qalxa bilərmişlər. Alt mərtəbənin digər zalının qapısı Qız qalasına açılır. Karvansarada "Sim-sim" adlanan zalın eyni adlı qapısı da qeyri-adi təsir bağışlayır. Ona görə ki, qapı "Əlibaba və qırx quldur" filmindəki məşhur "Sim-sim" qapısını xatırladır.

Multani karvansarası öz qədimliyini demək olar ki, olduğu kimi qoruyub saxlayıb. Sadəcə, daşlar bir qədər ovulub tökülüb. Divarlarda qədim Azərbaycan xalçaları, bəzək əşyaları, xalça və kilimlər, qədim Bakını təsvir edən rəsmlər asılıb. Burada isə əsas məqsəd karvansaraya gələn əcnəbilərdə Azərbaycanın qədim və zəngin tarixi haqqında təsəvvür yaratmaqdır. "Sim-sim" zalının girişindəki kiçik dəhlizdə Pakistanın sabiq prezidenti Pərviz Müşərrəfin karvansaraya bağışladığı hədiyyələr var. Hədiyyələr saxlanılan dolabın üzərində "Pakistanın Multani şəhərindən mətbəx ləvazimatları" yazılıb. Hədiyyələr keramik stolüstü lampa, gül vazası, keramik kassa və piyalə, keramik boşqab, su qazanı, gül vazası, çay dəsti, qazança, ağzı açıq qazan, güzgüdən ibarətdir.

Orta əsrlərdə karvansaraya gələn tacirlər öz heyvanlarını yerləşdirdikdən sonra digər zala keçib pilləkənlə yuxarı - qonaq otaqlarına qalxarmışlar. Bu pilləkən ikinci mərtəbənin həyətinə çıxır. Həyətdə qonaq otaqları yerləşir. Qeyd edək ki, Multani karvansarası 70-ci illərdən "Restoran-karvansara kompleksi" adı altında fəaliyyət göstərir. Hazırda isə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli memarlıq abidəsi kimi qorunur.
Məsələn, adətən karvansaralar dairəvi formada tikilir, alt və üst qatlar daxil olmaqla, ikimərtəbəli olurdu. Lakin bu karvansaranın memarlıq üslubu fərqlidir.

Orta əsr memarlıq üslubuna əsasən, otaqların qızdırıcı sistemi bir-biri ilə əlaqəli olub. Bu qızdırıcı sistem isə olduqca gözəl quraşdırılıb. Hər otağın divarının altında buxarı var və onun bacası divarın içərisində yerləşdirilib. Açıq alov bütün divarı qızdırır və beləliklə də bir buxarı iki otağı çox normal şəkildə istilədir. Soyuq aylarda otaqlar hər zaman isti olur. İndi buxarı müasirləşərək, odunla deyil, qazla yandırılsa da, sistem olduğu kimi qalır.

Karvansara elə bir üslubda tikilib ki, qış vaxtı otaqlar isti, yayda isə sərin olur. Ümumiyyətlə, isti aylarda da kondisionerdən çox nadir hallarda istifadə edilir. Demək olar ki, otaqların quruluşu və içərisində olan əşyalar da eynidir. Məsələn, otağın qarşısında olan kiçik dəhlizin yuxarısında şəbəkə formasında kiçik daş pəncərə bütün otaqlarda mövcuddur. Bu pəncərə ilin bütün fəsillərində açıq olur və otaqların havasını tənzimləyir. Qədim xalçalar, müttəkkələr, kilimlər, divarlar boyu düzülmüş qədim keramik boşqablar əcnəbi qonaqlara əsl Azərbaycan tarixini və mədəniyyətini təqdim edir. Hətta 1992-ci ildə Bakıya səfər edən Böyük Britaniyanın keçmiş baş naziri Marqaret Tetçer də karvansaraya gəlib və bu otaqlardan birində nahar edib.

BUXARA KARVANSARASI

15-ci əsrə aid edilir və Multani ilə üzbəüz tikilib. Tarixçilərin bildirdiyinə görə, bu karvansara o zaman Orta Asiyadan Bakıya gələn tacirlər tərəfindən inşa edilib. Elə tikilinin adı da həmin dövrdə Özbəkistanın paytaxtı olmuş Buxara şəhərinin adından götürülüb. Bu karvansaranın bir mərtəbədən ibarət olması deməyə əsas verir ki, tikilinin digər mərtəbəsi yerin altında qalıb. Ona görə ki, bütün Şərq karvansaralarının özünəməxsus memarlq quruluşu olub: alt mərtəbə anbar kimi istifadə olunar, yuxarı mərtəbədə qonaq otaqları, həyətində isə hovuzu olardı.

 Multanidən fərqli olaraq 17 otaqdan ibarət olan Buxara karvansarası dairəvi formada tikilib. Həyətin ortasında bütün Şərq karvansaralarına məxsus hovuz yerləşir. Bu hovuzun özəlliyi ondan ibarətdir ki, tikildiyi dövrdən bəri, yəni 15-ci əsrdə olduğu kimi qorunub saxlanılır. Onun tikilmə üslubu hələ də insanlarda təəccüb və maraq doğurur. Belə ki, su fontandan axıb tökülsə də, hovuz dolmur və su müəyyən səviyyədə qalır. Burda sistem elə quraşdırılıb ki, suyun hara və necə axıb tökülməsi bəlli deyil.

Karvansaranın həyətində diqqəti cəlb edən mənzərə qədim geyimlərimiz, əl işlərimizdən ibarət olan qalereyadır. Karvansaraya turistlərin axınının həddindən artıq çox olduğunu nəzərə alıb belə bir qalereya təşkil ediblər. Karvansarada deyirlər ki, mart ayında mövsüm başlayır və demək olar ki, gün ərzində 3-4 turist qrupu qəbul olunur. Dəvə karvansaranın loqosudur
Bu karvansaraya da ölkəyə səfər edən prezidentlər və prezidentin qonaqları daxil olmaqla, yüksək səviyyəli qonaqlar gəlir.

Buxara karvansarası kvadrat formalı olsa da, həyəti səkkizguşəlidir. Perimetr üzrə tikilmiş eyvanlar və otaqlar, hücrələrlə əhatələnib.

Səkkizüzlü rahat həyət, gündəlik ticarət əməliyyatlarından sonra səyyahların və tacirlərin toplaşdığı açıq səma altındakı zal bura xüsusi gözəllik verir. Düz çərçivəyə alınmış həyətin daxili məkanının bütün perimetri boyu kompozisiyanın əsas hissəsini təşkil edir. 1964-cü ildə aparılmış təmir-bərpa işləri karvansaranı sonradan əlavə edilmiş tikililərdən və laylardan tamamilə xilas etdi. Bu da onun ətraf tikililər fonunda irihəcmli quruluşunu üzə çıxarmağa imkan verdi. Arxeoloji qazıntılar nəticəsində karvansaranın altından Bakını su ilə təmin edən xəttin keçdiyi aşkar olunub.
Buradakı Xan karvansarası (o eyni zamanda Kiçik karvansara kimi də tanınır) 15-ci əsrin sonu, 16-cı əsrin əvvəllərində tikilib. O da kvadrat şəklində inşa edilib və digərləri ilə eynilik təşkil edən detallardan ibarətdir. Karvansaranın şimal və cənub girişləri portal formasındadır. Əsas giriş portalı orta əsrlərdə dəniz tərəfdən olub. Cənub tərəfdən karvansaranın fasadı ikimərtəbəli olub, möhtəşəm istehkam görüntüsünə malikdir. Orta əsrlərdə karvansara ticarət küçəsi tərəfdən, həyətlə birbaşa əlaqəsi olmayan dükanlarla əhatə olunub. Ehtimal olunur ki, bu tikili karvansara kimi fəaliyyət göstərməmişdən öncə Came məscidinin mədrəsəsi və onun həyətindəki hücrələrdən ibarət olub.

MİƏCİK, YOXSA QARAÇI KARVANSARASI

Bu karvansara Abşeron rayonunun, Pirəkəşkül kəndi yaxınlığında orta əsrlərə aid memarlıq abidəsidir. Qədim Bakı-Şamaxı karvan yolunun üstündədir. 19-cu əsrdən karvan yolunun ticari əhəmiyyətini itirməsi ilə əlaqədar olaraq istifadəsiz qalıb. Sonralar köçəri qaraçılar vaxtaşırı burada məskən saldıqlarından yerli əhali karvansaranı Qaraçı karvansarası adlandırıb. Mənbələrdə isə abidə Miəcik karvansarası adlanır.

Karvansarada qonaq və xidmətçilər üçün otaqlar, təsərrüfat binaları var. Qaraçı karvansarası əhəng daşından tikilib. Karvansaranın darvazası üzərindəki kitabədə Şirvanşah Xəlilullah adı yazılıb. Kitabənin paleoqrafiyası və Şirvanşahın titullarına əsasən onun 2-ci Xəlilullah (1524-1535) olduğunu söyləmək olar.

Daha bir karvansara isə Bakıdakı indiki "Beşmərtəbə" kimi bilinən binanın yerində Abbasqulu Bakıxanovun qızı Töhrə xanıma məxsus olan karvansara idi. Bu karvansaraya Xanım Karvansarası deyirdilər. Bu bir mərtəbəli karvansaranın qarşısında (təxminən indiki Füzuli heykəlinin yerində) şəhərin əsas su mənbələrindən olan yeraltı bulaqlar var idi. Səkkiz metrə dərinlikdə olan bu bulaqlardan İçərişəhərə xüsusi Hüseynquluxan kərgizi (su kəməri) çəkilmişdi.
1903-cü ildə şəhər "upravası" burdakı bazarı ləğv etmək qərarı aldı. Bunun əsl səbəbi antisanitariya və idarə olunmaz kriminogen vəziyyət idi. Bir səbəb də yaxınlıqda olan Bazarnı küçəsindəki (keçmiş indiki Hüsü Hacıyev küçəsi) dükanların ucuz bazar ilə rəqabət apara bilməməsi idi. Nəhayət bazar dağıdıldı, yol genişləndirildi və daha sonra burdan konka (atlı tramvay) relsləri salındı.

Sonralar burdakı bütün tiryəkxanalar söküldü, bazar dağıdılaraq park salındı və nəhayət karvansara xarabalığı yerində "Beşmərtəbə" kimi bilinən bina tikildi.
Qədim tarixi yol bələdçiləri olan bu karvansaralar həm də əsrlərin sınaqlarından çıxmış və zəmanəmizə gəlib çatmış memarlıq abidələridir. Bu həm də Azərbaycan xalqının mədəni irsinin zənginliyindən xəbər verir.

"525-ci qəzet"
loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.