Cəmiyyət

Bakı üzərindəki tozlu hava səhhətimizə necə təsir edir?

7 Aprel 2011 11:01
Baxış: 1 195
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bir neçə gün əvvəl ərəb səhralarındakı toz burulğanı Bakıda da özünü göstərdi. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometerologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun yaydığı məlumatda bildirilirdi ki, ərəb səhralarındakı toz burulğanı nəticəsində toz qatı atmosferin yuxarı təbəqələrinə qalxıb. Bunun nəticəsində aprelin 4-dən 5-nə keçən gecə çirkli yağışın yağması müşahidə olunub. Nazirliyin mütəxəssislərinin apardığı monitorinq nəticəsində müəyyən olunub ki, Bakının hava atmosferində tozlanma normadan 1,5-2,5 dəfə çox olub.

Qeyd edək ki, 2009-cu il iyun ayının son iki günündə də oxşar təbiət hadisəsi olmuşdu. O zaman da Türkmənistandan gələn güclü axın bu cür tozlu-çiskinli hava yaratmışdı. Bundan başqa, Bakıda aparılan tikintilər də şəhərə toz-torpaq yayır. Ekoloq və həkimlərin fikrincə, hər hansı səbəbdən havanın tərkibi dəyişərsə, havanın zəhərlənməsinə gətirib çıxarır. Havada karbon qazının miqdarının artması isə insanlarda bəzi xəstəlikləri yaradır.

Toz qatının insanların səhhətinə mənfi təsir etdiyini deyən həkim-professor Adil Qeybulla istənilən halda onun insan orqanizmi üçün ziyanlı olduğu qənaətindədir: "Toz qatının mənşəyi ilə bağlı rəsmi açıqlama verilməyib. Hər halda, bu tozun tərkibi araşdırılıb, ictimaiyyətə məlumat verilməlidir. Bu toz hissəcikləri tənəffüs yollarına çökür və nəticədə asbest və başqa maddələr insan orqanizminə daxil olur. İmmuniteti zəif olan insanlara toz daha pis təsir göstərir. Tənəffüs yollarında problemi olan insanlar üçün də belə toz daha təhlükəlidir. Belə tozlu havalarda insanlar məlumatlandırılmalıdır. Bu cür havada mütləq maskadan istifadə edilməlidir. Hamilə qadınlara və uşaqlara da bu cür hava mənfi təsir edir". Onun sözlərinə görə, toz qatı insanlarda ağciyər xərçənginin yaranmasına gətirə bilər.

Psixoloq Asəf Kərimov da tozlu havanın ziyanlı təsirlərindən danışır: "Bu cür toz qatı insanların ən əvvəl əsəb sisteminə təsir edir. Havada toz qatının olması psixoloji problemlər yaradır və insanların psixoloji durumu pozulur. Bu da insanların əhval-ruhiyyəsinə ciddi təsir edir. Pis hava təbii ki, hamıya, xüsusilə də meteohəssas insanlara mənfi təsir edir. Xüsusən astma xəstəliyi və allergiyası olan insanlara dəyişkən hava müəyyən qədər problemlər yaradır. Gözlərlə bağlı yaz kataraktası deyilən bir xəstəlik var. Bu cür havaların belə xəstələrə də pis təsiri var. Bu adi hava şəraiti deyil. Ona görə insanlar ehtiyatlı olmalıdırlar".  

"Yeni Müsavat"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.