Cəmiyyət

Gülər Əhmədova: "Gəl və gözlərimin içinə bax. "Quran"a əl bas ki, mənə pul vermisən" - YENİLƏNİB - FOTO

28 Oktyabr 2013 16:22
Baxış: 3 399
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

16:22

Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə baxışı günün ikinci yarısında davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə Gülər Əhmədova ifadəsini davam etdirib.

G.Əhmədova Sevinc Babayevanın Türkiyədə sərbəst yaşadığını deyib: "Ona Məryəm Solmaz adını mən verməmişəm, nə də pasport almamışam. İstintaq Elşad Abdullayevlə əlaqə yaratdığı kimi, Sevinc Babayeva ilə də əlaqə yarada bilərdi. Sevinc Türkiyədə salona gedib, mağazaları gəzib. Onun oğlu Ayxan Məmmədov özünü məlumatlı adam kimi göstərməyə cəhd edir, barəmdə yalanlarla dolu müsahibələr verir. Bununla bağlı vəkilim istintaq orqanına vəsatət verib ki, onun əməlinə hüququ qiymət verilsin və barəsində tədbir görülsün. Bizim vəsatət təmin olunub. Lakin nəticəsi yoxdur. Həmin

qərar bu günə kimi icra olunmayıb. İstintaqa nə mane olur ki, Ayxan Məmmədovdan dediklərinin sübutunu istəmir? Mən Sevinc Babayevaya Allah xatirinə kömək etmişəm, bütün bunlar mənim ağlıma gəlməzdi ki, gəlib burda dayanacağıq".
 

İfadəsinə davam edən G. Əhmədova daha sonra bunları deyib: "Elşad Abdullayevin videoları yayılandan sonra Sevinc Babayeva mənim yanıma gələrək bildirdi ki, Elsevər onu tutduracaq. Mən də tələb etdim ki, gedib prokurorluqda ifadə versin. Lakin dedi ki, xəstədir, ifadə verə bilməyəcək, Türkiyəyə müalicə üçün gedəcək. Sevinc Türkiyəyə gedəndə mənə iki mesaj yazıb, bütün günahlarını etiraf edib. Sevincin bu işdə əsas şahid olduğunu bildiyim üçün hara getdiyini öyrəndim. Lakin prokurorluq onun Azərbaycana gətirilməsi üçün heç bir iş görmədi. Onunla telefon əlaqəsi də yaradılmadı. Əgər mən Sevincə pislik etsəydim, o Əvəz Zeynallının məhkəməsində gəlib özünü şəhid etməzdi".
 

İfadəsində G.Əhmədova seçicilərinə, şəhid ailələrinə, ona və ailəsinə mənəvi dəstək verən şəxslərə təşəkkür edib.

O, həmçinin məhkəmədə E. Abdullayevə müraciət edib: "On aydır ki, həbsdəyəm, arxamda da heç kim yoxdur. Gəl və gözlərimin içinə bax. "Quran"a əl bas ki, mənə pul vermisən. Mən sənə qarşı heç vaxt jarqondan, tərbiyəsiz sözlərdən istifadə etməmişəm. Düşmənçiliyi kişi kimi elə. Çox qəzəbli vaxtlarım olub, lakin Sevinc Babayevanı əfv etmişəm".

İfadəsinin sonunda isə G.Əhmədova bunları deyib: "Yekunda bildirirəm ki, ittiham əsassızdır. Mən cinayət törətməmişəm. Xahiş edirəm mənə bəraət verin".

Hakim ifadəsini başa çatdıran Gülər Əhmədovaya proses iştirakçılarının suallarına cavab verməyi təklif edib.

Lakin G.Əhmədova özünü yaxşı hiss etmədiyini, məhkəmənin təxirə salınmasını xahiş edib.

Onun xahişi nəzərə alınıb və proses oktyabrın 31-nə təxirə salınıb.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G.Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.

G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirləndirilir.


---------
15:28


Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə baxışı günün ikinci yarısında davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə Gülər Əhmədova ifadəsini davam etdirib.

Hakim ifadəsini başa çatdıran Gülər Əhmədovaya proses iştirakçılarının suallarına cavab verməyi təklif edib.

Lakin G.Əhmədova özünü yaxşı hiss etmədiyini, məhkəmənin təxirə salınmasını xahiş edib. Onun xahişi nəzərə alınıb və proses oktyabrın 31-nə təxirə salınıb.


---------
13:54


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlisultan Osmanovun sədrliyi ilə həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə baxışı başlayıb.

APA-nın məlumatına görə, prosesdə məhkəmə istintaqının başlanmasına qərar verilib. Dövlət ittihamçısı Eldar Həmzəyev ittiham aktını elan edib. Daha sonra Gülər Əhmədova ifadə verərək özünü qətiyyən təqsirli bilmədiyini deyib.
 
G. Əhmədova KİV-də barəsində fantastik yazılar yazıldığını bildirib: "Mən onların heç birinə reaksiya vermirəm. Vicdanlarına və Allaha buraxıram. Yaza-yaza hadisələri bir ananın həbs olunmasına gətirib çıxardılar. Məni KİV-də gedən materiallara görə həbs elədilər. Bu təxəyyülə əsaslanan yazılarla bağlı istintaq jurnalistlərdən heç nə soruşmadı. Mənim nüfuzuma zərbə vuraraq elə bir obraz yaratdılar ki, guya mən Bin Ladenəm. Xahiş edirəm jurnalistlərdən nə deyirəm, onu yazsınlar. Ya da proses jurnalistlərsiz keçirilsin. Mənə, anama, övladlarıma olan olub. Yazanda düzgün yazın. Hər gün 7-8 dərman qəbul edirəm. Bu dərmanların təsirindən məni yuxu basır və anlaqsız vəziyyətə düşürəm".
 
Daha sonra G.Əhmədova sərbəst ifadə verib. O, ifadəsində deyib ki, KİV-də yazılanlardan iki gün sonra deputat mandatından imtina barədə MSK-ya müraciət edib və ondan sonra komissiya qərar verib: "Mən bu addımı demokratiya naminə atdım. Təəssüf edirəm ki, heç kim bunu demokratik addım kimi nəzərə almadı. Bu demokratiyanın təntənəsi idi. Lakin KİV bunu elə təqdim etdi ki, guya mən özümü günahkar bildiyim üçün belə etmişəm".
 
G. Əhmədova daha sonra Elşad Abdullayevlə tanışlığından danışıb, onu bəzi dövlət tədbirlərində gördüyünü, bir yerdə olduqlarını deyib: "Sevinc Babayevanı isə partiyanın qurultayında tanımışam. Mənim onunla elə də yaxın münasibətim olmayıb. Məndən qohumları ilə bağlı yardım istəyib, mən də kömək etmişəm. Elşad Abdullayevin yaydığı videolardan sonra insult keçirdim, dəfələrlə təcili yardım çağırdılar. Həmin videoya mən də baxmışam, onlar montaj olunub. Elşad Abdullayevlə bağlı o zamanlar mənə şikayətlər edilirdi. Elşad tələbələrdən pulu müəllimlər, vasitəçilərlə alırdı, lakin qaytarmırdı. Onların içində həbsə düşənlər, intihar edənlər oldu. Sevinc Babayeva da bu məsələlərlə bağlı mənə müraciət etmişdi. Sevinc seçki vaxtı mənim rəsmi vəkilim olmayıb. Lakin mənə köməklik edib. O da məndən xahiş etmişdi ki, Elşadla danışım, pulunu qaytarsın. Mən də bununla bağlı danışmağa razılıq verdim. Elşadla da camaatın pulunun qaytarılmasından danışmışam. Həmin görüntülər montaj olunub. Səs tembrindən istifadə edilərək əlavə cümlələr qurulub. Onlar deyirlər ki, videolar beş saatlıqdır. Amma digər hissələrini yaymırlar. Mən Sevincin arxasınca çox şey demək istəmirəm. Ölən adamın arxasınca ya yaxşı danışarlar, ya da heç danışmazlar. Sağ olsaydı, çox şey danışardım. Mən axirətimi fikirləşən adamam. Belə şeylərin günahıma yazılmasını istəmirəm. Hər zaman kimsəsiz uşaqlara, qadınlara kömək etmişəm, evimdə saxlamışam. Bəxtiyar Vahabzadənin həkim kürəkəni var, ondan soruşa bilərsiniz. Onun yanında kimsəsiz uşağı əməliyyat etdirmişəm. Gecələr də yanında qalmışam. Bunları Allaha xatir eləmişəm. Ona görə də mənim Sevinc Babayevaya yardım etməyim adi bir şeydir. Keçmiş nazir Füzuli Ələkbərov mənə deyirdi ki, MM-in hər iclasında sosial yardım problemlərdən danışıram. Mən də deyirdim ki, mən bunları deməliyəm".
 
Daha sonra G.Əhmədova S.Babayeva ilə E.Abdullayevin çox yaxın olduqlarını deyib. "Çox xahiş edirəm məni onlarla eyni siyahıya salmayın, biz başqa-başqa adamlarıq. Mən Konstitusiya üçün canımı qoymuşam. Xahiş edirəm ki, Konstitusiyanı pozmayaq. Elşadın yaydığı videolar Konstitusiyaya ziddir. Elşad mənə müraciət edərək deyir ki, gizli videoları çıxarım. Mənim isə heç bir gizli videom yoxdur. Elşad oturub Fransada, elə bil naz atır. Sevinc də ölüb, qalmışam ortada. Mənim vəziyyətim tragikomikdir. Bilmirəm, gülüm, ya ağlayım? Hərdən ağlamışam, hərdən gülmüşəm. Tutmusunuz, əcəb eləmisiniz. Bütün polislər, prokurorlar qardaşımdır. Amma xahiş edirəm, ittiham aktında olan qanun pozuntularını aradan götürək. Elşad adi bir yalançıdır".
 
Məhkəmədə nahar fasiləsi elan olunub.
 
Proses günün ikinci yarısında davam etdiriləcək.
 
Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.
 
G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirləndirilir.
 
----------
12:45

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq millət vəkili Gülər Əhmədovaya qarşı növbəti məhkəmə prosesi başlayıb. Milli.Az modern.az-a istinadən xəbər verir ki, ötən məhkəmədə Gülər Əhmədova haqqında seçilmiş həbs-qəti imkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəmişdi: "Mənim evimdə 8 yaşlı uşağım var. O, anasız böyüyür. Ev dustaqlığını sadəcə, balama görə istəyirəm ki, o anasız böyüməsin".

Lakin ev dustaqlığı ilə bağlı iddia təmin olunmayıb.

Xatırladaq ki, Gülər Əhmədova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.2 (cinayət haqqında məlumat verməmək və məlumatı gizlətmək) və 178.3.2 (geniş miqyasda törədilmiş dələduzluq) maddələri ilə təqsirli bilinir.

Milli.Az


16:22


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.