Cəmiyyət

“Məktəbdən kənar seçimlə məktəbin qaydaları fərqlidir”

14 Oktyabr 2026 10:41
Baxış: 598
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Məktəblərdə vahid geyim forması ilə bağlı qərarın birmənalı qarşılanmaması insanların məsələyə fərqli baxışlarından irəli gəlir".

Bunu Milli.Az-a açıqlamasında deputat Fazil Mustafa deyib.

Onun sözlərinə görə, dini baxımdan yanaşdıqda, dini Quran üzərindən anlayan, məsələlərə rasional yanaşan insanlar olduğu kimi, dini daha çox ideologiya kimi qəbul edən və onun yalnız inanc tərəfi üzərində düşünən insanlar da var.

Deputat qeyd edib ki, Quranı oxumaqla yanaşı, onun mənasını dərk edərək yaşamağa çalışan insanlar da mövcuddur. Onun fikrincə, Quranda müxtəlif əmrlər və tövsiyələr var. Hicab da Quranda yer alan tövsiyələrdən biridir. Lakin bəzi insanlar müəyyən tövsiyələri özləri üçün əmrə çevirir və onları müqəddəsləşdirməyə çalışırlar. Bu yanaşma isə yanlış dini anlayışın formalaşmasına səbəb ola bilər.

Fazil Mustafa bildirib ki, İslamda bu cür atributlar mövcud olsa da, onların hər hansı birinə əməl edilməməsi ilə bağlı eyni qaydada cəza nəzərdə tutulmur. Onun sözlərinə görə, Quranda cəzası müəyyən edilmiş əmrlər də var. Lakin konkret bir məsələ ilə bağlı belə bir tələb yoxdursa, bu, tövsiyə xarakterli məsələ kimi qiymətləndirilməlidir. Deputat hesab edir ki, dini məsələlərlə bağlı cəmiyyətdə fikir ayrılıqlarının yaranmasının səbəblərindən biri də bu fərqli yanaşmalardır.

Vahid məktəbli forması məsələsinə toxunan deputat vurğulayıb ki, məktəblərdə vahid geyim qaydalarının müəyyənləşdirilməsi heç kimin inancının tənqid olunması demək deyil:

"Əgər bu bürünmək, örtünmək insanın seçimidir, bu seçimə hörmətlə yanaşılmalıdır. Lakin söhbət küçədən və ya hansısa təhlükə mənbəyi ola biləcək yerdən deyil, hər kəsin təhsil almaq üçün bir araya gəldiyi məktəbdən gedir. Məktəb geyimi və ya müəyyən davranışlar üzrə qeyri-bərabərlik yaratmaq doğru yanaşma deyil".

Onun sözlərinə görə, dövlət bu istiqamətdə müvafiq addımlar atır və burada söhbət kiminsə dini inancından getmir. Sadəcə, İslam etiqadına bağlı insanların sayının çox olması səbəbindən məsələ daha qabarıq şəkildə özünü göstərir.

Fazil Mustafa qeyd edib ki, müəllimlik insanlara bilik öyrətmək kimi mühüm missiyanı özündə birləşdirir. Onun fikrincə, diqqəti yalnız dinin müəyyən atributuna yönəltmək, bununla da şagird yetişdirmək anlayışından uzaqlaşmaq insanın özünə zərər vurması deməkdir:

"Məktəblərdə bununla bağlı heç bir zorakılıq halı baş vermir. Sadəcə, müəllimlərə tövsiyə olunur ki, bu addımı atsınlar və gəlib dərslərini keçsinlər. Məsələni bu qədər şişirtmək ideoloji mahiyyət daşıyır. Bir qrup insan hansısa ideologiyaya özünü inandırdığı üçün bu yanaşmadan imtina edə bilmir".

Deputatın sözlərinə görə, məktəb hər kəs üçün bir yuva, ev və ailədir. Bu ailənin daxilində müəyyən edilmiş qaydalara riayət etmək vacibdir. Onun fikrincə, məktəbdən kənarda hicab bağlamaqla bağlı seçimlə məktəbin daxilində müəyyən olunmuş qaydalara əməl etmək məsələsi bir-birindən fərqləndirilməlidir. 

Müəllif: Mina Mikayılova 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.