Cəmiyyət

Masazırda əvvəl üçmərtəbə planlaşdırılan bina səkkiz mərtəbəyə çatıb

20 Avqust 2026 12:20
Baxış: 318
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Abşeron rayonunun Masazır qəsəbəsində, Niyazi küçəsində aparılan tikinti işləri ərazidə yaşayan sakinlərin narazılığına səbəb olub.

Milli.Az xəbər verir ki, sakinlərin sözlərinə görə, tikinti şirkəti ərazidə əvvəlcə üçmərtəbəli bina inşa ediləcəyini bildirib. Lakin sonradan layihəyə dəyişiklik edilib və binanın mərtəbələrinin sayı artırılıb. Hazırda tikintinin səkkizinci mərtəbəyə qədər davam etdiyi bildirilir.

Vətəndaşlar deyirlər ki, binanın hündürlüyünün artırılması onların gündəlik həyatına ciddi təsir göstərib. Xüsusilə tikili ilə fərdi yaşayış evləri arasındakı məsafənin olduqca az olması sakinlərdə narahatlıq yaradıb.

Şikayətçilərdən birinin sözlərinə görə, bina ilə evləri arasında təxminən 2-3 metr məsafə var. Bu səbəbdən ailələr, xüsusilə də uşaqların həyətə çıxarılması məsələsində özlərini təhlükəsiz hiss etmirlər.

Narazılıq yalnız tikilinin mərtəbə sayının artırılması ilə bağlı deyil. Sakinlərin iddiasına əsasən, tikinti işləri zamanı küçənin yol örtüyü də yararsız vəziyyətə salınıb. Bundan başqa, ərazidən keçən kanalizasiya xəttinin zədələndiyi və nəticədə çirkab sularının küçəyə axdığı bildirilir. Bu vəziyyət gediş-gəlişi də çətinləşdirib.

Ərazidə ağacların kəsilməsi və quruması ilə bağlı da sakinlər tərəfindən narazılıq ifadə olunur. Onların sözlərinə görə, tikinti başlamazdan əvvəl ərazidə çoxlu sayda ağac olduğu halda, hazırda yalnız bir neçə ağac qalıb.

Sakinlərin əsas tələbi maddi kompensasiya deyil. Onlar yolun əvvəlki vəziyyətinə qaytarılmasını, kanalizasiya probleminin aradan qaldırılmasını və təhlükəsizlik tədbirlərinin görülməsini istəyirlər.

Vətəndaşlar aidiyyəti dövlət qurumlarına müraciət edərək tikintinin qanuniliyinin araşdırılmasını, işlərin dayandırılmasını və ya ilkin razılaşdırıldığı bildirilən üçmərtəbəli layihə çərçivəsində məhdudlaşdırılmasını istəyirlər.

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)

 
 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.