Azərbaycanda daşınmaz əmlakın icbari sığortası sahəsində yeni qanunvericilik təşəbbüsü hazırlanıb və hökumətlə razılaşdırılıb.
Milli.Az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının baş direktoru Vüsal Qurbanov jurnalistlərin suallarını cavablandırarkən deyib.
Yeni konsepsiya sığorta sisteminin daha effektiv və şəffaf işləməsini hədəfləyir.
Yeniliyə əsasən, sığorta məbləği əmlakın bazar dəyərinə daha yaxın şəkildə müəyyən ediləcək.
Qeyd edib ki, bunun üçün xüsusi hesablama mexanizmi tətbiq olunacaq:
"Əmlakın yerləşdiyi region üzrə 1 kvadratmetrin bazar dəyəri yaşayış sahəsinin ümumi kvadratına vurulacaq".
Nəzərə çatdırıb ki, həmçinin sistemin elektronlaşdırılması və məlumat bazalarının inteqrasiyası nəzərdə tutulur. Bildirib ki, bu prosesdə İcbari Sığorta Bürosu və digər dövlət qurumlarının məlumat bazaları birləşdiriləcək:
"Yeni yanaşma həmçinin zəlzələ, sel kimi katastrofik risklərin daha düzgün qiymətləndirilməsinə və dövlət büdcəsinə düşən yükün azaldılmasına xidmət edəcək".
Mina Mikayılova
Milli.Az





