Səkkiz ay öncə akademik Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində ayaq barmaqları amputasiya edilmiş 67 yaşlı qadının indi digər ayağında qanqren yarandığı bildirilir.
Milli.Az xəbər verir ki, pasiyentin yaxınları iddia edirlər ki, yenidən həmin tibb müəssisəsinə müraciət etsələr də, həkim Ruslan Əliyev xəstəni qəbul etməyib və ağır vəziyyətdə olan qadın beş saat təcili tibbi yardım avtomobilində gözləməli olub.
Hadisə ilə bağlı mərkəzin dəhlizində çəkilən görüntülər sosial şəbəkələrdə yayılaraq geniş müzakirələrə səbəb olub. Bildirilir ki, Fatimə Hacıyevanın ayaq barmaqları təxminən səkkiz ay əvvəl məhz Ruslan Əliyev tərəfindən amputasiya edilib. Hazırda isə onun digər ayağında qanqrenin yarandığı qeyd olunur.
Yaxınlarının sözlərinə görə, vəziyyəti kritik olan xəstənin təcili əməliyyatı ləngidilir. Həmçinin iddia edilir ki, əvvəl əməliyyatı aparan həkim sonrakı mərhələlərdə xəstəni qəbul etməkdən yayınır.
Fatimə Hacıyevanın qızı Fidan Rəhimova bildirir ki, məsələ ilə bağlı dəfələrlə mərkəzin baş həkimi Nazim Hacıyevə müraciət etsələr də, müalicə istiqamətində ciddi addımlar atılmayıb.
Baş həkim Nazim Hacıyev isə açıqlamasında qeyd edib ki, yaşlı qadının ayağında quru qanqren mövcuddur və artıq bərpaedici əməliyyat mümkün deyil. Onun sözlərinə görə, alternativ olaraq damarların açılması yolu ilə ayağın tam itirilməsinin qarşısını almaq ehtimalı var.
O, həmçinin xəstəyə qarşı laqeyd münasibət göstərilməsi ilə bağlı iddiaları qəbul etməyib. Bildirib ki, pasiyentin müayinəsi hazırda xəstəxanada davam edir və yekun qərar bütün yoxlamalar başa çatdıqdan sonra veriləcək.
Asya
Milli.Az





