Cəmiyyət

Müqavilə ilə "kupça"dakı kvadrat düz gəlmir - Təzminat ala bilərsiz

17 Aprel 2025 09:56
Baxış: 1 434
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son dövrlərdə yeni tikilmiş çoxmənzilli binalarda mənzil alan vətəndaşlar çıxarışda (kupçada) göstərilən sahə ilə faktiki istifadə etdikləri sahə arasında ciddi fərqlərlə qarşılaşırlar.

Bəs alıcılar nəyə diqqət etməlidir?

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev açıqlama verib.

Ekspertin sözlərinə görə, mənzillər ilkin mərhələdə alıcıya müqavilə əsasında təqdim olunur və həmin müqavilədə göstərilən ümumi sahə daha geniş olur. Lakin sonradan verilən çıxarışlarda bu sahə az göstərilə bilər. Belə hallarda fərq adətən 10-15 kvadratmetr təşkil edir.

"Çıxarış hazırlanarkən bəzi köməkçi sahələr - məsələn, divar qalınlığı, eyvan, məhəccər və digər texniki elementlər ümumi sahəyə daxil edilmir. Nəticədə, müqavilədə qeyd olunan sahə ilə rəsmi sənəddə əks olunan ölçü arasında fərq yaranır", - deyə Elnur Fərzəliyev bildirib.

Hüquqşünas Hikmət Əliyev isə məsələyə hüquqi aspektdən yanaşaraq bildirib ki, belə hallarda vətəndaşların hüquqları pozulmuş sayılır və onlar bu fərqin - yəni sənəddə göstərilməyən sahənin dəyərinin ödənilməsi üçün məhkəməyə müraciət edə bilərlər. Onun sözlərinə görə, məhkəmə bu hallarda müqavilə və ekspertiza rəyləri əsasında qərar çıxara bilər:

"Mənzil almazdan əvvəl alıcılar müqavilədə göstərilən sahənin hansı elementləri əhatə etdiyini dəqiqləşdirməli, çıxarış verilməzdən öncə texniki planla tanış olmalı, "ümumi sahə" və "yaşayış sahəsi" anlayışları arasındakı fərqi nəzərə almalı, həmçinin zərurət yarandıqda hüquqi məsləhət alaraq lazım gəldikdə məhkəməyə müraciət etməlidirlər".

Əmlak sahəsində mütəxəssislər bildirirlər ki, bu kimi uyğunsuzluqlar, xüsusən də tikinti şirkətlərinin məsuliyyətsiz davranışı fonunda tez-tez baş verir və alıcılar daha diqqətli olmalıdırlar. 

Asya
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.