Cəmiyyət

Türkiyədə ulu öndər Heydər Əliyevə həsr olunmuş konfrans təşkil ediləcək

9 Dekabr 2022 07:00
Baxış: 426

Türkiyədə səfərdə olan Türk Ağsaqqalları Birliyinin (TAİB) nümayəndələri Ankara Dövlət Universitetini ziyarət ediblər.

TAİB-dən Trend-ə verilən məlumata görə, Universitetin rektoru, professor Necdet Ünüvar azərbaycanlı dostları Ankarada salamlamaqdan məmnun olduğunu bildirib. Professor qeyd edib ki, Ankara Universitetinin Azərbaycanla əlaqələri kifayət qədər genişdir. Həmçinin bu əlaqələrin inkişafına vətəndaş cəmiyyəti institutları da töhfələr verə bilər. İki qardaş ölkə arasında elm, təhsil və humanitar sahələr üzrə əməkdaşlığın dinamik inkişafından söz açan Necdet Ünüvar mövcud münasibətlərin digər Türk dövlətlərinə də nümunə olduğunu vurğulayıb.

Göstərilən isti münasibətə görə rektora təşəkkür edən TAİB-in nümayəndələri Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının inkişafı üçün dövlət səviyyəsində atılan addımlar və həyata keçirilən proqramlardan danışaraq mövcud imkanlardan istifadə etməklə Türk dünyasının ictimai təşkilatları ilə əlaqələri dərinləşdirməyin mümkünlüyünə diqqət yönəldiblər.

Ankara Universiteti ilə mümkün birgə layihələr ətrafında müzakirələrin aparıldığı görüşdə rektorun diqqətinə çatdırılıb ki, növbəti il Türkiyədə TAİB tərəfindən ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfrans təşkil ediləcək. Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı Bakıda təşkil olunacaq konfransa hazırlıq işlərindən də söz açan TAİB nümayəndələri hər iki tədbirdə Ankara Universitetinin də yaxından iştirak edəcəyinə ümidvar olduqlarını deyiblər. Necdet Ünüvar TAİB-in təşəbbüsünü yüksək qiymətləndirərək "Heydər Əliyev 100" konfransının Ankara Universitetində də təşkil olunmasını təklif edib. Təklifi məmnuniyyətlə qarşılayan TAİB nümayəndələri konfransın yüksək səviyyədə təşkili üçün bütün zəruri addımları atmağa hazır olduqlarını bildiriblər.

Rektor Necdet Ünüvar qonaqların nəzərinə çatdırıb ki, Ankara Universitetində ulu öndər Heydər Əliyevin 2001-ci ildə əkdiyi ağac da var və bu, onlar üçün dahi şəxsiyyətin ziyarətindən qalmış əziz xatirələrdən biridir.

Qeyd edək ki, Universitet rəhbərliyi tərəfindən ağacın kimin tərəfindən əkildiyini göstərən xüsusi lövhə və Azərbaycanın müxtəlif bölgələrindən, o cümlədən işğaldan azad olunmuş şəhərlərimizdən gətirilmiş torpaqların qorunduğu guşə də hazırlanıb. Rektor bildirib ki, hazırda guşəyə əlavə etmək üçün Şuşa torpağını gözləyirlər.

Milli.Az

5 ilədək dəyişməz 14,5%-dən zaminsiz, komissiyasız 40 000 manatadək kredit
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics