Cəmiyyət

Dayanacaqlarda ödəmə terminalları niyə tapılmır?

19 Oktyabr 2022 16:04
Baxış: 1 479
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son günlər paytaxt sakinlər dayanacaqlarda mövcud olan ödəniş terminallarının yoxa çıxmasından şikayətlənirlər. Belə ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) onlayn ödəniş sistemi istifadəyə verildikdən sonra dayanacaqlarda olan ödəmə terminalları götürülməyə başlanılıb.

Bakı şəhərində ümumilikdə pavilyon tipli 1543 avtobus dayanacağı mövcuddur. Bu avtobus dayanacaqlarından cəmi 50 ədədində "BakıKART"ın yükləmə aparatları mövcuddur, 197 ədəd dayanacaqda isə "MilliÖN" ödəmə terminalı yerləşir. Bunlar da əsasən Bakı ətrafı ərazilərdə olan dayanacaqlardır. Dayanacaqlarda ödəmə terminallarının olmaması isə vətəndaşlara əlavə çətinliklər yaradır.

Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev Trend-ə açıqlamasında bildirib ki, hazırda sərnişinlərin BakıKartın balansını artıra bilməsi üçün geniş imkanları var. Bunu həm internet üzərindən etmək mümkündür, həm də bütün iri və kiçik ticarət mərkəzlərində, iaşə obyektlərində olan MilliÖn terminalları vasitəsi ilə. Hazırda Bakı şəhərində BakıKart ödənişini qəbul edən 1400-ə yaxın MilliÖn ödəmə terminalı var. Əvvəllər isə bu rəqəm 250-ə yaxın idi", - deyə o, əlavə edib.

"PashaPay" şirkətindən isə Trend-in sorğusuna cavab olaraq bildirilib ki, hər hansısa dayanacaqda "MilliÖN" ödəmə terminallarının yığışdırılması texniki təmirlə əlaqədardır.

"Çox zaman dayanacaqlarda "MilliÖN" ödəmə terminallarına bilərəkdən kütləvi halda zərər yetirilir, nəticədə terminalar texniki baxımdan yararsız hala düşür. Terminalların təmiri prosesi isə kifayət qədər vaxt alan prosesdir. Lakin şirkət olaraq vətəndaşların rahatlığını hər zaman əsas tuturuq. Əgər hansısa ərazidə təmir səbəbilə "MilliÖN" ödəmə terminalı yığışdırılırsa, mütləq yaxınlıqda olan marketlərdə, iaşə obyektlərində və ya yeraltı keçidlərdə "MilliÖN" ödəmə terminalı mövcud olur. Bütün təmir işləri vətəndaşlarımızın rahatlığı nəzərə alınaraq planlaşdırılır və aparılır", - deyə məlumatda qeyd olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.