Şou-biznes

41 yaşlı "Milli Beyonce" əslində kimdir? - FOTOSESSİYA

26 Yanvar 2012 13:08
0 Şərh     Baxış: 6 904
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Yanvarın 26-da Azərbaycanın xalq artisti, tanınmış estrada müğənnisi, pop-diva və son günlər Milli Beyonce adını yaraşdırdığımız Aygün Kazımova özünün növbəti ad gününü qeyd edir. Milli.Az-dan təbrik mesajını gecə saatlarında alan xanım Kazımova, onu təbrik edənlərin saysız-hesabsız olduğunu da diqqətə çatdırdı.

"Sevənlərimdən xoş sözlər eşitmək o qədər gözəldir ki... Diqqətinizə görə var olun. Məni yaşadan sizin sevginizdir", - Milli Beyonce belə dedi.

Sevimli ulduza uğurlarının davamlı olmasını, ürəyindəki bütün istəklərinin tez bir zamanda həyata keçməsini arzulayıb "Facebook" sosial şəbəkəsində, sadiq fanatlarının onun adına açdıqları "VİP" profilində yayımlanmış məlumatı bəzi əlavələrlə diqqətinizə çatdırırıq. "Milli Beyonce nağılı" adı verdiyimiz geniş ulduz hekayəsini maraqla qarşılaycağınıza əminik.

Kazımova Aygün Ələsgər qızı 26 yanvar 1971-ci (Qaban ili) ildə Bakı şəhəri Nizami rayonu 1 nömrəli doğum evində (Dolça bürcü altında) dünyaya gəlib. Ailənin dördüncü - sonuncu övladıdır. Dünyaya gəlməsi planlaşdırılmayan Aygün 7 aylığında ikən vaxtsız doğulub. Atası Ələsgər bəy doğum evinə heç Aygünü götürməyə belə getməyib. Onu evə anası Fizzə xanım və nənəsi birgə gətiriblər. İlk günlər acığından Aygünün üzünə belə baxmayan atası bir gün ötəri olaraq körpə Aygünün gül üzünə baxır və həyəcan keçirir. Çünki körpə Aygünün Böyük Vətən Müharibəsinə gedib-qayıtmayan qardaşına çox bənzədiyini görür...

Həmin gündən atası balaca Aygünü "əlinin içində" saxlamağa başlayır, onun bütün istəklərini yerinə yetirir və onu çox ərköyün böyüdür.

Balaca Aygün 1977-ci ildə 12 saylı məktəbin 1-ci sinfinə qədəm qoyur. Tezliklə o, bütün müəllimlərinin və sinif yoldaşlarının sevimlisinə çevrilir. Məktəbin ən vacib tədbirlərində Aygünün mahnılar ifa etməsi onu bu illərdə daha da həvəsləndirir. Aygünün mahnı oxumasını anası Fizzə xanım istəməsə də, atası: "Hələ uşaqdır, qoy oxusun" deyirmiş.

8-ci sinifdə oxuyarkən atasını itirən məktəbli qızcığaz - Aygünün çox çətin anları başlayıb.
Hələ orta məktəbdə təhsil alarkən o, həndbol üzrə yığma komandanın qapıçısı və kapitanı idi. Aygünün həndbol komandasında iştirakı və komanda yoldaşlarıyla oyunları yığmanın bir çox uğurlar qazanmasına səbəb olub. Aygünün komandadakı məharətli oyunu yığmanın bir çox yarışlardan alnıaçıq-üzüağ çıxmasına kömək olub. Lakin bu komandada sona qədər kapitanlıq etmək yeniyetmə Aygünə qismət olmur. Ailə problemləri, sənət eşqi Aygünün idmandan ayrılmasına səbəb olur...

1986-cı ildə Mədəni Maarif texnikumunda oxuyan Aygünün təhsili müəyyən səbəblərdən yarımçıq qalır. O dövrlərdə Aygün "Qaya" Vokal İnstrumental ansamblının solisti olaraq fəaliyyət göstərir.

Uşaq ikən, ilk dəfə olaraq Xeyransa Məmmədovanın "Ana kür" mahnısı ilə müğənni olmağa qərar verən Aygün 1988-ci ildə "Bakı Payızı" müsabiqəsinə qatılmaqla böyük səhnəyə ilk addımını atır. "Yarım eşitsin məni" mahnısıyla 1-ci yerə layiq görülən Aygün bu müsabiqədə bir çox dahilərin diqqətini özünə cəlb edə bilir.

Müsabiqənin redaktoru Mikayil Vəkilov Aygünü ilk dəfə dinləyərkən, "Bu qız kimdirsə, xalq artistidir" deyir. Müsabiqədən sonra onu artıq hamı tanımağa başlayır.

Müsabiqəyə qədər "Ozan" qrupunda və Azərbaycanın ən yaxşı bəstəkarlarından birisi olan Vaqif Gərayzadənin "Aypara" qrupunda solist kimi çalışan Aygün, sonradan ilk addımlarını Cavanşir Quliyev, Eldar Mansurov kimi böyük bəstəkarlarla davam etdirir. Aygünü AYGÜN edən, əsasən onun adları çəkilən üç müəllimi olmuşdur. Aygün müsahibələrində ən sevimli musiqi müəllimləri olaraq həmişə Vaqif Gərayzadə, Cavanşir Quliyev və Eldar Mansurovun adını fəxrlə, xüsusilə qeyd edir. Bu üç bəstəkarla Aygün böyük layihələr həyata keçirir, neçə-neçə musiqi şedevrlərinin, neçə-neçə super hitlərin ortaya çıxmasına səbəb olur. Aygünün ifasında səslənən hər bir mahnı tezliklə sevilir, tez yadda qalır, dillər əzbərinə çevrilir.

Dahi bəstəkar Tofiq Quliyevin müsahibələrində "Aygün Azərbaycan estrada musiqisi üçün əsl tapıntıdır" deməsi Aygünə qol-qanad olur və o, bütün çətinliklərə baxmayaraq sənətdə, böyük səhnədə iri addımlarla addımlayacağını özünə söz verir.

1989-cu ildə 24 dekabda gənclik sevgisi - keçmiş həyat yoldaşı İlqar İbrahimovla evdən qaçır. 1990-cı ilin 7 oktyabrında gözəl-göyçək körpə qızı İlqarə dünyaya gəlir. Çox qısa müddət sonra Aygün 1991-ci ildə həyat yoldaşından ayrılır.

1993-cü ildə, gənc Aygün növbəti həyat zərbəsini alır. O, anası Fizzə xanımı da itirir.
Mərhələli şəkildə başına gələn çətinliklərə, aldığı zərbələrə baxmayaraq Aygün 1989-cu ildə Yurmalada keçirilən musiqi müsabiqəsində, 1992-ci ildə "Asiyanın səsi", 1996-cı ildə "Türkvizyon" müsabiqələrində də Azərbaycanı layiqincə təmsil edir.

Başına gələnlərdən qurtuluş yolu kimi, Aygün növbəti evliliyə üz tutur. 1994-cü ildə Rza Quliyevlə ailə quran Aygün yenidən səhnədən uzaqlaşmalı olur. Bu evliliyi də Aygün xanıma xoşbəxtlik gətirmir...

1998-ci ilin Yeni İl bayramında, Aygün uzun fasilədən sonra Dövlət Televiziyasının efirinə çıxır. Bəyaz geyimdə - həzin "Mavi dünyamsan" mahnısını ifa etməsi onun səhnəyə yenidən qayıdışı idi.

Amma 1998-ci ildə Aygünün həyat yoldaşı həbs olunur. Bununla da Aygünə növbəti həyat zərbəsi dəyir. Lakin ona da AYGÜN deyərlər... O sınmır və həyat yollarında iri addımlarla önə gedir..

1998-ci ildə Aygünün "Gecələr keçir", "Vokaliz" mahnıları və bu mahnılara çəkilən kliplər böyük səs-sədaya səbəb olur. Ardınca onun yarımçılpaq şəkilləri mətbuatda yayımlanır və Aygün bununla özü haqqında daha da böyük söz-söhbətlərin danışılmasına səbəb olur. Bu layihələr Aygünün - "toxum"ları yeni-yeni səpilən şou-biznesdə böyük partlayışla çıxışı idi. Həmin dövrlərdə onun haqqında danışılan bütün qeyri-etik söz-söhbətlərə Zeynəb Xanlarova son qoyur. Xalq artistimizin efirdə "Aygünə hər şey yaraşır və biz onu belə qəbul eləmişik" deməsi Aygünə çox böyük dəstək olur.

1999-cu ilin 10 aprel tarixində, Heydər Əliyev Sarayında onun ilk böyük - "Aygün, bir gün" adlı solo-konserti baş tutdu və Aygün bununla daha da populyarlaşdı, sevildi. Onun haqqında gəzməyən şayiə, deyilməyən söz yox idi. Amma o haqqında daha çox söz-söhbət gəzməsi üçün, haqqında daha çox danışılması üçün əlindən gələni edirdi. Saçlarını hər dəfə bir rəngə, bir formaya salırdı, hər dəfə yeni bir imicdə, yeni bir geyimdə, yeni obrazlarla efirə çıxırdı. Bütün bunlara öyrəşən Azərbaycan publikası isə Aygünün hər çıxışda nə isə şok hərəkətlər edəcəyini əvvəlcədən bilir və bunu səbrsizliklə, maraqla gözləyir.

2000-ci ildə Heydər Əliyev Sarayında "Ya devuşka vostoçnaya" adlı solo-konserti onun Azərbaycanda ən aktual və ən sevilən insan olduğunun bir daha sübutuna çevrildi. Bu ildə ilin müğənnisi, ilin konserti "Aygün - bir gün", ilin hiti "Gecələr" Qrand milli mükafatına layiq görülür.

Bu illərdə Aygün Kazımova 2 dəfə ilin müğənnisi, ilin konserti, 3 dəfə ilin ən hit mahnısı "Gecələr keçir" , "Ya i tı" , "Şəklimi çək" Qrand milli mükafatına layiq görülür.

2001-ci ildə 2 il birlikdə olduğu sevgilisindən ayrıldıqdan sonra depressiyaya düşən Aygün bir daha sevənlərinə sözün həqiqi mənasında həyəcan yaşatdı. Sentyabrın əvvəlində Sankt-Peterburqa yola düşən Aygün çox böyük bir riskə əl atdı. 8 saatlıq plastik əməliyyata həyatı bahasına imza atdı. Bu əməliyyat Aygünün son nəfəsi bahasına başa gələ bilərdi... Ona görə də Aygün, rejissorluğunu Ülviyyə Könülə həvalə etdiyi əməliyyat kadrlarının çəkilməsini və Xanım İsmayılqızının "Tez gəl" mahnısına çəkilən klip şəklində tamaşaçılara təqdim edilməsini vəsiyyət edir. Bir sözlə - əsl dəhşət!

Çox keçmədən 2001-ci il 24 noyabr tarixində onun "Qeyri-adi şou - Şəklimi çək" adlı solo-konserti Heydər Əliyev adına idman və konsert kompleksində baş tutdu. Konsertə 40 dərəcə qızdırma ilə çıxan Aygün əsl şounun nə demək olduğunu bir daha göstərdi və yenə də nömrə 1 olduğunu təsdiqlədi.

2002-ci ildə "Best Model of the World" model yarışmasının prezidenti, türkiyəli iş adamı Erkan Özərmanın seçimi ilə "Best Model of Azerbaijan - 2002" müsabiqəsinə təşkilatçılıq edən Aygün bir neçə ay gündəmi məşğul etməyi bacardı. Türkiyəli model Mert Kılıc ilə "aşk yaşadığını" deyən Aygün müsabiqəyə böyük reytinq qazandırdı. Yarışma bitəndən sonra "Mert aşkı" da bitdi. Bu müsabiqəyə Türkiyədən və Rusiyadan qonaqlar da dəvət olunmuşdu. Həmin müsabiqə yüksək səviyyədə təşkil olduğuna görə 94 ölkə arasında birinci yerə layiq görüldü.

2002-ci il dekabrın 24-ü Aygün "Azərbaycan Respublikasının əməkdar artisti" adına layiq görüldü.

Əvvəlki illərə nisbətən, 2002-2003-cü illər Aygün üçün çox uğurlu illər hesab oluna bilər. Məhz bu illərdə Aygün tez-tez qardaş Türkiyə dövlətinə işgüzar və yaradıcılıq səfərləri edir, Türkiyə məşhurlarının verilişlərinə dəvət alır və hər dəvət aldığı verilişdə səviyyəli şəkildə Azərbaycan qızının da əsl şou göstərə bildiyini türk publikasına çatdırırdı.
2003-cü ildə "Vətən anadır", "Bir söz yetər" mahnılarına çəkdirdiyi klipləriylə özünü rejissor kimi sınadı və kliplər çox uğurlu alındı.

2004-cü ildə meyxanaçı Namiq Qaraçuxurlu ilə "Sevdi ürək" adlı ilk dueti böyük marağa səbəb oldu. Daha sonralar bir çox duetlər ifa edən cütlük ayrı-ayrılıqda da fəaliyyətlərini davam etdirirlər.

2005-ci ildə "Məşədi İbad-94" filmində xarakterinə uyğun Sənəm obrazını canlandırdı. Həmin ildə Arif Qazıyevin çəkdiyi "Xarı bülbüllər" filmində yaratdığı Xan qızı Natəvan obrazıyla aktrisa kimi, bəstələdiyi "Sevərsənmi", "Bir gün" mahnıları ilə bəstəkar kimi də özünü sınamış oldu.

2006-cı ilin 26 yanvarında, Moskvanın böyük Kreml sarayında verdiyi möhtəşəm konsertilə həm də öz 35 illik yubileyini xarici həmvətənləri ilə qeyd etmiş oldu. Məşhur və sevilən rus müğənnisi Filip Kirkorov ilə "Salma" duetini ifa etməsi və Filip Kirkorovun səhnədə Aygünün qarşısında diz çökərək Azərbaycana, Azərbaycan xalqına - Azərbaycan qızı Aygünə öz eşqini bildirməsi əməkdar artistimizin növbəti uğuru idi.

2006-cı ilin 3 may tarixində, nəhayət ki, Heydər Əliyev Sarayında "Xarı bülbüllər" filminin təqdimatı keçirilir. Təqdimat əvvəlcə filmin tamaşaçılara nümayişi, muğam ifaçılarının və sonda Aygün xanımın "Azərbaycan" mahnısını ifa etməsi ilə keçirilir.
2006-cı ilin 24 noyabr tarixində, Aygün xanımın ikinci dəfə təşkilatçılığı ilə "Best Model of Azerbaijan - 2006" model müsabiqəsi keçirilir. Budəfəki yarışmaya da xaricdən fəxri qonaqlar dəvət olunmuş, onlar yüksək səviyyədə qarşılanmış və təbii ki, Aygün xanımın simasında Azərbaycan qonaqpərvərliyinin bir daha şahidi olmuşlar. Yarışmanın nəticəsində seçilmiş qalib cütlük həmişəki kimi Türkiyəyə - Azərbaycanı təmsil etmək üçün göndərilmiş, ad qazanıb Vətənə qayıtmışlar.

2007-ci ilin 20 iyun tarixində, Azərbaycanda - xalq artistimiz Zeynəb Xanlarovadan sonra böyük məsuliyyəti öz üzərinə götürərək Tofiq Bəhrəmov adına Respublika stadionunda verdiyi "Öpsən" adlı konserti də Divamızın növbəti hay-küylü layihəsi oldu.
Azərbaycanın ən məşhur, ən sevilən, ən rəğbət bəslənilən müğənnisi qazandığı bütün uğurlara görə ilk öncə Allaha, sonra müəllimləri Vaqif Gərayzadə, Eldar Mansurov, Cavanşir Quliyevə və etdiyi hər bir addımı qiymətləndirdiyi, layiqincə dəyərləndirdiyi, dəstəklədiyi üçün pərəstişkar - fanat ordusuna borclu olduğunu bildirir...

Milli Beyonce-u öz imzasını musiqi tarixinə həm də hitlər sevdirən müğənni kimi yazdırıb. İfa etdiyi yüzlərlə mahnı hit-paradlarda bu gün də səslənməkdədir. "Düşün məni", "Səssiz sinema" mahnılarına çəkdirdiyi bahalı kliplər də xalq artistinin adına yazılmış möhtəşəm layihələr cərgəsindədir.

Aygün xanımın ümumilikdə 10 albomu, onun iştirakı ilə 40-a yaxın klipi işıq üzü görüb. Bir neçə xarici ölkədə və vətəndə konsert layihələri ilə çıxışları olub:

1999 - 10 aprel - Heydər Əliyev Sarayı - "Aygün, bir gün - Gecələr"
2000 - Heydər Əliyev Sarayı - "Ya devuşka vostoçnaya"
2001 - Heydər Əliyev Sarayı - "Aygün & Mustafa Sandal"
2001 - 23 noyabr - Heydər Əliyev adına idman-konsert kompleksi - "Qeyri-adi şou - Şəklimi çək"
2002 - 5 aprel - Heydər Əliyev Sarayı - "Aygün & Lolita - Jenskie istorii"
2002 - 5 may - Heydər Əliyev Sarayı - "Gələrsiz-görərsiz"
2003 - 24 may - Heydər Əliyev Sarayı "Aygün & Nez - Stereo effekt"
2005 - 28 may - Rusiya - Novossibirsk - "Ya devuşka vostoçnaya"
2006 - 26 yanvar - Moskva - Kreml - "Ya devuşka vostoçnaya - 20 il səhnədə"
2007 - 20 iyun - Tofiq Bəhramov adına respublika stadionu - "Öpsən"

Aygün xanımın sevdiyi rənglər : Firuzəyi, narıncı, ağ ...
Yeməklər: Azərbaycan mətbəxi - dovğa, plov, Şəki pitisi, qutab və s.
Bəstəkarları : Cavanşir Quliyev, Vaqif Gərayzadə, Eldar Mansurov...

Aygün Azərbaycan estradası tarixində gündəmi uzun müddətdir əlində saxlamağı bacaran ən səs-küylü müğənnidir. Aygün bütün Azərbaycan xalqının sevimlisidir. Vaxtaşırı bir çox hərəkətləri düzgün anlaşılmasa da, zaman keçdikcə qəbul olunmuşdur. İndi də bir çox hərəkətləri səs-küyə səbəb olsa da, sonradan qəbul edilir. Hamı Aygünü dəcəl, şıltaq qız obrazında görür, belə də qəbul edir.

Aygünün mümkün olan bütün tele-radio layihələrin ilk və ya təntənəli xüsusi buraxılışlarının fəxri qonağı, dövlət tədbirlərinin ən gözlənilən siması olması da təsadüfi deyildir... Bir çox layihələr Aygünün adı və ya iştirakı ilə həyata keçirilir. Geyindiyi hər bir geyimi dəbə mindirən, sürdüyü hər bir avtomobili qadınlara sevdirən Aygün Kazımovadır. Məhz onun etdiyi bir çox hərəkətlər Azərbaycanda bir müddət sonra, demək olar ki, əksər qızların hərəkətinə çevrilir. Çünki Azərbaycanda faktiki olaraq ən reytinqli, ən çox maraq doğuran və sevilən sənətçi Aygün Kazımovadır.

O, başına gələnlərlə "Həyat qadını" obrazını istəmədən "oynayan", həyat zərbələrinin qarşısında mərdi-mərdanə sinə gərən birisidir, o Şərq qızıdır, o Azərbaycanda şounu biznesə çevirən, şou-biznesin əsasını qoyanlardandır, o, ən cavan korifeyimizdir, o "canlı əfsanəmiz"dir, o, sadəcə adı gələndə hamının diqqətini yayındıran Aygündür...

Şahin Cavadsoy
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.







































Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.