Şou-biznes

“O kişilər evdəki xanımlarını düşünməyib küçəyə çıxanlardır” - FOTO

23 Oktyabr 2019 13:04
4 Şərh     Baxış: 5 020
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az müğənni Natavan Həbibinin qafqazinfo-ya müsahibəsini təqdim edir:

- Natavan Həbibi neçə aydır ki, ana statusu qazanıb. Sizin üçün ana olmaq nə deməkdir? Həyatınızda nə cür dəyişiklik oldu?

- Mən də ana olan hər kəs kimi eyni hissləri yaşayıram. Hamı üçün övladı "ən"lərdəndir. Bu hissləri doyunca yaşayıram. Şükür edirəm ki, bunu gördüm. Allah hər kəsə nəsib etsin. 1 il yarımdır ki, iş rejimindən çox uzaqlaşmışam. İndi yavaş-yavaş özümü həmin rejimə salmağa məcburam. Çünki işlərimiz çoxdur. Artıq başlamaq lazımdır. Amma çətindir. Ona görə ki, evdən bayıra çıxa bilmirəm. Zeyd üçün çox darıxıram. Bilirəm ki, o da narahat olur, mənə çox bağlıdır. Mənimlə birgə yatır, ətrim olmasa yata bilmir. Belə narahatlıqlar var. Amma nənəsi, xalası, xalası qızı onunladır. Bu səbəbdən rahat evdən çıxıb işlərimi görə bilirəm. Çox şükür ki, ailəm mənə kömək olur.

- Zeyd artıq 5 aylıqdır. Xeyli çəki almışdız, onlardan necə xilas olduz?

- 22 kilo kökəlmişdim. İki ay ərzində öz çəkimə qayıtdım. İndi çəkim 44 kiloqramdır. Yemək yemədim.

- Oğlunuz olan günü instaqramda bir foto paylaşdız. Həmin şəkil sosial şəbəkələrdə müzakirələrə səbəb oldu. Çünki tanınmaz idiz.

- O foto bir az fotoşoplu idi. Həmin gün ölürdüm, insanların mənim görünüşümü müzakirə etməkləri o anda vecimə deyildi. Gözəl düşməməyimin dərdini çəkmirdim. Həmin gün qucağımdakı Zeyd mənim gözəlliyim idi, ən gözəl qadın idim. Ümumiyyətlə, fikirləşirdim ki, bu dəqiqə partlayacam. Çox şişmişdim. Burnum, barmaqlarım, başım şişmişdi. Mən belə şey görməmişdim. Təhlükəli hamiləlik dövrü keçirmişdim. Uşaq da təhlükədə idi. Ona görə də "Natavan nə günə düşdü?!" fikirləri mənə maraqlı deyildi. Amma insanlara çox sevinməyə imkan vermədim, indi yaxşıyam. Əslində çoxları sevindi. Onlardan gözləmirdim. Elə bildilər ki, xarab oldum. Gözəlliyim oğluma getdi. Uşaq maşallah, gözəldir (gülür). Gözəl ömür yaşasın. Mən realist insanam. O gün elə idim, bu gün də beləyəm.

- Həqiqətən, hiss olunur ki, siz ana olmağı çox istəyirdiz. Hətta Azərbaycanda belə bir fikir var ki, uşaq üçün ailə qururlar. Bununla razısız?

-  Mən sırf ailə qurmaq istədiyimə görə ailə qurdum. Amma sırf övlad olsun deyə ailə qurmağı çoxdan edə bilərdim. Çünki heç vaxt sevilmədiyimi hiss etməmişəm. Həmişə diqqətin içində olmuşam. Hər zaman evlilik təklifləri olub. Amma nədənsə bu nöqtəyə gəlib çata bilmirdim. Necə oldusa, birdən oldu... Heç nə öncədən planlaşdırılmamışdı.

- Yeri gəlmişkən, tez-tez müzakirə olunan mövzular var: "Qadın ana olmaq üçün yaranıb", "bir qadın gələcəyin anasıdır" və bu kimi başqa misallar eşidirik. Qızları belə tərbiyə edirlər. Siz necə düşünürsüz, qadının əsas funksiyası ana olmaqdır?

- İstəməzdim ki, qadınla kişini bölək. Hamımız insanıq və hər kəsin bir qisməti var. Kim  nəyi yaşamalıdırsa, onu da yaşayacaq. Bizim missiyamız, funksiyamız varsa ya onu yerinə yetirəcəyik, ya da alınmayacaq. Əslində hər insan hansısa missiya üçün dünyaya gəlir. Mən belə düşünürəm.

Amma bunları bölək ki, qadın ancaq uşaq dünyaya gətirməlidir, kişi ancaq pul qazanmalıdır. Həyat elə bir şeydir ki, bilmək olmur ailəni kim saxlaya bilər. Ona görə də, klişe olmasın. "Kişinin işi yoxdursa, evdə uşaqlarına baxırsa, o kişi deyil!", "Uşağı olmursa, o qadından boşanmaq lazımdır" kimi sözlər eşidirik. Bu kimi keyfiyyətlər insanların gözündə qiymətlənsə, bəlkə də həyat asan olar. Hər insan xoşbəxt olmalıdır. Qadının övladı olmursa, onu gözümçıxdıya salmaq lazım deyil.

- Söz düşmüşkən, Azərbaycanda sənətçilər övladları ilə bağlı açıqlamaları ilə gündəmə gəlirlər. Biabır olurlar desək, daha doğru olar.  Kimisi "qızımı universitetə qoymaram", kimisi isə "oğluma bakirə olmayan qız almaram" kimi fikirlər səsləndirirlər. Sizdəmi övladınızın yerinə qərar verəcəksiz?

- Hər insan dünyanı necə görürsə, inanın ki, onun həyatı elə olacaq. Sən insanlardan pislik, zalımlıq gözləyirsənsə, enerjin qarşındakı insanda biruzə verəcək. Və həmin şəxs sənə pislik edəcək. Bunlar bir az şüuraltı məsələlərdir, istəmədən yaşayırıq. Yaşadığım, gördüyüm şeylərdən sizə danışacam. Elə kişilər var ki, deyirlər oğluma filan qızı almaram. Həmin kişilər də oğluna onlardan betər qızlar alırlar. Özləri də bunu bilir, həyatlarından da narazıdırlar. Belə oldu, çox qızları barmaqla göstərən adamın ailəsinə betər qız düşdü. Deyir ki, nə edim, oğlum sevdi! Mən heç vaxt böyük danışmıram ki, mən filan şeyi etmərəm. Edərəm! Hansı insan sizə desə ki, mən özümü yaxşı tanıyıram. İnanmayın! Dünyada belə biri yoxdur. Ara söhbətlərdə insanlar bu sözdən daha çox istifadə edir. Xeyr, heç bir insan özünü yaxşı tanımır. Sən bilmirsən ki, hansı stiuasiyada özünü necə aparacaqsan. Sənin başına elə bir hadisə gələr ki, özün gözləmədən ani bir hərəkət edə bilərsən. Ya sağ qalmaq, ya əzizini xilas etmək üçün elə hərəkətlər edərsən ki... İnsanın özünü tanıma qədəri var.

Deyirlər ki, mən müğənni qız almaram. Kim necə istəyirsə, həyatı elə olsun. İstəməyən oğlunu sənətçi ilə evləndirməsin, qızını da universitetə qoymasın. Təki onların istədiyi kimi hər şey yaxşı nəticələnsin. Onlar o tərəfdən düşünüb deyirlər. Sadəcə olaraq həyat bumeranqdır. Hansısa sözü deyirsənsə, özünə qayıdır. Ona görə də, "heç vaxt heç vaxt demə" məsələsi çox düzdür. Qismət elə gətirəcək ki, demədiyini edəcəksən.

Ümumiyyətlə, heç kimin adından qərar vermək düzgün deyil. Uşaqları  uşaqlıqdan şəxsiyyət kimi böyütmək lazımdır ki, onların öz fikri, baxışı olsun. Tanıyanlar bilir, mənim hər şeyə öz fikrim var. Yadıma gəlmir ki, çoxluqla bir fikirdə olum və nəyəsə görə axınla gedim. Və adətən valideynlər uşaq adına qərar verirlər, övlad böyüyəndən sonra həmin qərardan lap uzaq düşür. Misal üçün, uşaq kiçik yaşlarından musiqi ilə məşğul olur və böyüyəndə görür ki, bu sahə ona yaddır. Tamam başqa bir sahəyə sıfırdan başlayır. Məncə, uşaqlara kiçik yaşlardan diqqət yetirməli, meyli nəyədirsə, o sahə üzrə dəstək olmaq lazımdır. Uşağın qərarı ilə addımlar atmaq lazımdır.

- Mədəniyyət üzvləri niyə ailə və ya ümumi dəyərlərdən danışarkən nümunə ola bilmirlər? Misal üçün Akif İslamzadə kitablardan sitat gətirərək deyir ki, cəhənnəmdə olanların əksəriyyəti qadınlardır.

- Düşünürəm ki, insan nəyi yaxşı bilirsə, ondan danışmalıdır. Məlumatı varsa, danışa bilər. Dünyada yaşayan heç bir canlı müəyyən edə bilməz ki, bu həyatda günahkar kimdir və o dünyada kim cəhənnəmdə, cənnətdə olacaq. Biz insan olaraq bu haqda danışmamalıyıq. Bəzən insan həyatda çox səhvlər buraxa bilər. Biz bunları günah adlandırırıq. Buna da haqqımız yoxdur. Ona görə də, bildiyimizi danışmalıyıq. Amma incəsənətdə olan insanlar kitablarda oxuyur, bütün dünyada gedən proseslərlə maraqlanırlar. Yəni insandan insana, tərbiyədən tərbiyəyə fərq var. Zatən görürsüz ki, kim nə bilir, kim nə danışır.

- Yəqin ki, izləmisiz. 1 həftə ərzində 10-a yaxın qadın əri tərəfindən şiddətə məruz qalıb. Leyla uşaqlarının gözü qarşısında 20 bıçaq zərbəsi ilə əri tərəfindən öldürülüb. Sosial şəbəkələrdə həştaqlar yaradıldı, kampaniyalara start verildi. Maraqlıdır, siz də "yaxşı at özünə qamçı vurdurmaz" düşüncəsindəsiz?

- Bu mövzuya bir az dərindən başlamaq istəyirəm. İndi hər insanın cibində öz kanalı var. Yəni bu, bir TV kanalıdır. Hər bir insan düşünür ki, onun bir fikri varsa, bu fikir mütləq kiməsə lazımdır. Dünyada bu, bir xəstəlik kimi şeydir. Hamı sosial şəbəkələrdə reklam arxasıyla qaçır. Və hər kəs öz fikrini bildirir ki, mən də varam, mənim də fikrim var, qulaq asın! Bunu başqa cür adlandıra bilmirəm. İnsanlar bir şey yazarkən düşünmür ki, sənin ailənin də  başına səhəri bu cür hadisələr gələ bilər. Bunu necə demək olar ki, "yaxşı at...." İnsan öz övladını gözünün qarşısına gətirməlidir. O da kiminsə balasıdır, valideyni var! İkinci bir məsələ odur ki, qarşı tərəfə heç kim o haqqı verməyib ki, insana belə zülm versin. Özü də uşaqların gözü qarşısında... Sən o uşaqları şikəst etdin, onlar indi yarı adamdılar... Gözünün qabağında hadisə yaşandı, həyatı boyu bunu xatırlayacaqlar. Necə şəxsiyyətlər böyüyəcək? Nə biləcəyik ki, onlar böyüyüb kim olacaq? Allah köməkləri olsun. Söhbət başqadır. Hər kəs boş-boş, sadəcə danışmaq üçün danışır. Amma heç kim özünü o insanların yerinə qoyub dərindən düşünmür. Bu, faciədir, faciə! Sosial şəbəkələrdə necə yaza bilərsiz ki, əcəb edib, "yaxşı at özünə...". İQ məsələsi var. Məktəb, dünyagörüşü, tərbiyə lazımdır. Dərin baxmaq lazımdır. Belə getsə, problemlər çoxalacaq. Çünki inkişaf yoxdur, biz çox geriyə gedirik. Bu cür insanların fikirləri standart fikir halına çevriləcək. Bakı 60-ci illərdə caz mərkəzi idi, indi isə insanlar qadını öldürənə haqq qazandırır. Mən bilərəkdən bu məsələi yarımçıq qoyuram, təkrarlamıram. Vəssalam!

- İncəsənət üzvləri arasında da siz dediyiniz kütlə düşüncəsi var. Bəlkə onlar özləri də şiddətə məruz qaldıqları üçün şiddətə son kampaniyalarına qoşulmurlar.  

- Düz bir dənədir. Onu o tərəf - bu tərəfə çevirsən də cəmi bir düz var. İndi artistlik edib şou göstərənlər hər sahədə belədir. Müəllimlərin, həkimlərin arasında otur, həmin sözləri eşidəcəksən. Yəni rəqabət, pul arxasıyla qaçmaq, eyni həyat tərzi, problemlər... Hamıda eynidir.

- Şiddət qurbanların həyatına baxanda görünür ki, onlar işləməyən, iqtisadi cəhətdən ərinə bağlı insanlardır. Amma müğənnilərdə belə şey yoxdur. Eləsi var ki, bütov bir nəsli dolandırır. Bəs onlar niyə dözürlər?

- Bəzən sevgiyə görə... Sevgiyə görə insan məcbur olur. Çıxışsız olduqlarına görə. Elə qızlar var ki, evə qayıda bilməz, uşaqlarını tək böyüdə bilməzlər. Əslində "böyüdə bilməzlər" sözü yoxdur! Sadəcə olaraq insanlar qorxur. Daha doğrusu, iri addım atmaqdan çəkinirlər. Yetər ki, addım atsınlar. Hələ bir ictimaiyyətdə bur cür fikirlər var: "Gəlinim işləməsin". Niyə bunu pis yozursan? Gəlin hara gedir ki, işləməyə? Məktəbdə müəllimə olacaq. Yaxşı qızdırsa, yaxşı müəllimə olacaq. Başqa tərəfi də var. Deyirlər ki, mən gəlinimə güvənirəm, ətrafına yox. Bu sözlərlə razılaşıram. Misal üçün, mən Vaqif Gərayzadənin yanına gəlib pul qazanandan sonra bacıma dedim ki, işləmə. Çünki getdiyi, işlədiyi yerlərin insanlarına güvənmirəm. Düz də edirəm! Onlar evdəki xanımlarını düşünməyib küçəyə çıxan kişilərdir. Sabah onun bacısı, qızı işə gedəcək, onun kimisi qarşısına çıxacaq. Başqasının qızına başqa gözlə baxan... Həyat bumeranqdır, yenə deyirəm! Kim nə edirsə, mütləq bunu yaşayacaq. Yaşatmısansa, yaşamadan ölməyəcəksən!

- Bu yaxınlarda efirdə bir fikir səsləndi ki, evdə xanımına kömək edən kişi kişi deyil. Bu barədə nə düşünürsüz?

- Bu nə deməkdir? Hər kəs söz xatirinə standartı təkrarlayır. Elə deyən adam kömək etməsin. Bunu səsləndirmək mütləqdir? Elə insanlar, kişilər var var ki, milyonlar qazanır, amma ailəsini sevir, xanımına kömək etməyi sevir. Elə kişilərimiz var ki, dünyanın oliqarxıdır. Ancaq hobbiləri mətbəxtdə yemək bişirməkdir. Xanımı bişirir, o da yardım edir.

Necə ki? Mən evdə iş görüm, kömək etməyə çağırım. Cavab gəlsin ki, etmirəm, onda yaxşı kişi olur?! Hə, sən çox "yaxşı" kişisən, mən köməksiz qalmışam. Elə olur? Cavab budur da, çox "yaxşı" kişisən, xanımın evdə əziyyətdən üzüldü! Kömək etmə, get divanda uzan! Burda nə var ki? Bu standart kəlimələrə qarşıyam. "Olmaz" nə deməkdir? Kim deyib, hansı kitabda yazılıb ki, olmaz? Kimin ailəsində varsa, Allah onların köməkləri olsun! Siz niyə klişe qoyursuz? Bu fikirlər azalmalıdır.

İnsanlar deyir ki, mən belə düşünürəmsə, belə də olmalıdır. Xeyr, sən elə düşünürsən! Vəssalam! Biz qoşula bilərik, yaxud da əksinə! Bu, bizim haqqımızdır. Sən belə fikirlər niyə səsləndirirsən ki, bir də fikirlərinə kimsə müdaxilə etsin?! Belə düşünürsən, belə də yaşa. İnsanlar çox vaxt həyatlarını çətinləşdirməyə meyillidirlər. Bəlkə də bu sözləri reklam üçün deyirlər. Görürlər gündəm olur və hər kəs onları söyür. Ay Allah, marağa baxın!

-  Bir qadın ikinci dəfə niyə bağışlayır? Bağışlamaq, yenidən qayıtmaq çətindir?

- Bəs kişi niyə ikinci dəfə bağışlayır? Qadınla kişi bir-birindən çox fərqlənir? Qətiyyən fərq yoxdur. Oğlanlar qızlardan çox sevir, ağlayır və tək qalmaq istəyir. İnsanlar hamısı eynidir. Hamı eyni sevir, ağlayır, kədərlənir. Hisslər eynidir.

- Bir az da mədəniyyət sahəsindən danışaq. Noyabr ayında "Altın Kelebek" mükafat gecəsinin milli seçim turları başlayacaq, namizədlər də bəllidir. Natavan, sizin adınız niyə siyahıya salınmır?

- Keçən il mənə təklif gəlmişdi. Sadəcə olaraq bu oyunlarda özümü görmürəm. İstəmirəm, mənə maraqlı deyil! Təklif gələndə detallı soruşmadım. Nədənsə bizimkilər orada bir-birini qırırlar. Niyə bu qədər müzakirəli, skandallı və aqressiv mükafat tədbiridir? Bu mükafata görə mənə nə verəcəklər, nə qazanacam? Heç nə! Bəs bu dava nəyin üstündədir? Hamı bir-bir getsin. Hamını göndərək! Türklərin qarşısında biabır oluruq. Ya bir nəfər seçilsin, səviyyəli bir şəkildə göndərilsin. Yoxsa burada namizədlər qoyub, bir-birini qırdırırlar. Bu nə deməkdir?  Məncə hər şeyin üstündə söz-söhbət yaratmaq olmaz. Bir bura qalmışdı ki, qalmaqallarımızdan xəbər tutsunlar. Niyə bizi qarşı qarşıya qoyurlar? Hansımız pis oxuyuruq? Hansımızın hiti yoxdur ki? Niyə mən burada rəqabət aparmalıyam? Biz illah istəyirik ki, SMS olsun, pul qazanaq. Yazıq incəsənət, musiqi və müğənnilər!

- Çoxdandır ki, siz tərəfdə sakitlikdir. Nə qalmaqal var, nə də ki, söz-söhbət. Fırtınaqabağı sakitlikdir?

- Mənə kimsə niyə görə söz atsın ki? Vaxtilə zərbə vuranlar çox idi. Hamı görürdü ki, həmin problemin nəticəsində mənə söz atırdılar. Bizdə sözatma yox, müharibə idi. Başqa söhbətlər var idi... Hər kəs hər şeyi biləndən sonra mənə qarşı olan və mənim onlara göstərdiyim münasibəti görmüsüz. Mənə edilən hörməti gözəl qaytarıram və yaxud əksinə... Düşünmürəm ki, indən sonra yenidən nəsə baş verə bilər. Mən hamını çox istəyirəm.

- İndi elə bil ki, hamıdan uzaqlaşmısız.

- Çünki hamını indi tanıdım. Uzaqlaşmaq məqsədli şəkildə deyil. Siz də görürdüz ki, hər zaman uzaq olmuşam. Sadəcə olaraq sözüm olanda deyirdim və gedirdim. İndi də fikrim başqa yerlərdədir. Övladım və işlərimlə məşğulam. Sadəcə olaraq instaqram standart olub, hamı hər kəsin bütün addımını orda görür. Amma bu sənətdə olan dostlarımla tez-tez görüşürəm, sosial şəbəkəyə bunu yansıtmırıq. Meylim yoxdur.

- Keyfiyyətli musiqiçilər siyahısı soruşulanda ilk ağlagələnlərdənsiz. Amma nədənsə, sizi toy bazarında görmürük.

- Çünki toy bazarında Natavan Həbibi adlı ifaçı tamamilə "burulub".  Mən bunu sınamışam və bir neçə təşkilatçıya zəng vurmuşam. Yanımda olan şəxs yığıb deyib ki, toya Natavan lazımdır. Biri deyir ki, toylara getmir. Digərinə yığdıq, Bakıda olduğum halda söylədi ki, burada yoxam. O birindən soruşanda isə problemli biri olduğumu, toyda foto çəkdirməyə filan icazə vermədiyimi bildirdi.

Mənə bunu deyirdilər və bunu etdim, tamaşaçılarıma verilən cavabları eşitdim. Bir neçə inandırıcı səbəblər gətirirlər. İnsanlar məni çox çətin tapırlar. Səbəbini bilmirəm. Artıq bu bazarda müəyyən insanlar var ki, təşkilatçı kimi tanınırlar. Və toy sahibləri hər şeyi onlardan soruşurlar.

- Bu, nə ilə bağlıdır?

- Hər kimdirsə, keçmişdə olan söhbətlərə görə belə edirlər. Səbəblar var. Amma bunlar hamısı düşünür ki, Natavanın pulu var, çörəyimə bais olurlar. Allah cavablarını verəcək.

- "Natavanın pulu var" mifi necə formalaşıb?

- Məndə borc götürmək anlayışı da yoxdur! Nədə ki, borc vermirəm. Kiməsə verirəmsə, o pulu unuduram. Xoşlamıram ki, yadımda saxlayım. Bir neçə dəfə borc vermişəm. Amma qaytarmadılar, bu zaman insan gözümdən düşür. Dəqiq insan deyilmişlər. Sözsüz ki, pulu alardım. Amma onların yerinə mən utanırdım. Bundan sonra borc vermirəm.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.