Şou-biznes

"Açıq fotolarımdan sonra cinsi azlıqlar mənə çox pis şeylər yazırdılar" - FOTO

25 May 2019 18:15
1 Şərh     Baxış: 6 122
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az Azərbaycanı "Avroviziya-2019" beynəlxalq mahnı yarışmasında təmsil edən müğənni Çingiz Mustafayevin oxu.az-a müsahibəsini təqdim edir:

- Çingiz, builki yarışmada səs-küylü hadisələr bir-birini əvəzlədi. Səncə, sənə qarşı haqsızlıq oldu?

- Mən əvvəldən bunların olacağını gözə almışdım. Bilirdim ki, bu hadisələr baş verə bilər. Lakin buna baxmayaraq, onlar haqqında fikirləşmirdim. Mən ancaq birinci yeri qazanmağı hədəfləmişdim. Bu, yaxşı çıxış etməyimə çox kömək oldu. 

- Müsabiqədə Azərbaycana qarşı iki dəfə kobud səhv buraxıldı. Öncə bayrağımız tərs qoyuldu, daha sonra yayımlanan postkartda ölkəmizin xəritəsi Qarabağsız və Naxçıvansız nümayiş olundu. Bizim üçün kifayət qədər həssas olan bu hadisə ilə bağlı sən nəə düşünürsən?

- Bildiyim qədər, bu hadisə araşdırılır. Bununla bağlı şikayət olub, araşdırma aparılır. Orada da bununla bağlı çox böyük qalmaqal oldu. Çünki bu, normal hadisə deyil. Ola bilsin bilməyərəkdən olub, bəlkə də təxribatdır. Şəxsən mən təxribat olduğuna inanmıram. Böyük ehtimalla bu, xaricilərin ehtiyatsızlığı ucbatından baş verib.

- Bir neçə gün öncə səslərin yenidən hesablanaraq, dəyişilməsi müzakirələrə səbəb oldu. Çingiz öncə 297 xalla yeddinci pillədəydisə, səslərin yenidən hesablanması onu 302 xalla səkkizinci pilləyə saldı. Bu hadisəni isə lağa qoydun. Niyə birinci olmaq üçün can atdığın yarışmanı sonradan məsxərəyə qoyub, lağ edirsən?

- Çünki bizə qarşı bu yarışmada haqsızlıqlar oldu. Biz birinci yeri qazanmaq istəyirdik. 7-ci yer bizim deyildi, 8-ci yer isə 100% bizim deyil idi. Ona görə "İnstagram" səhifəmdə yazdım ki, yarışma bitib, amma hələ də yer dəyişiklikləri olur. Bu nə dərəcə də düzgündür? Ölkə daxilində bir yarışma olsaydı, dərd yarı, amma bu böyük bir müsabiqədir. Başa düşmürəm ki, nələr baş verir və bilmirəm hələ gələn həftə nələr dəyişiləcək. Saxtakarlıq oldu deyə bilmərəm, amma bizim yerimiz 7-ci deyil idi. Avropada yaşayan həmvətənlərimiz mənə kifayət qədər səs verdilər. Düşünürəm ki, yarışmada səslər düzgün hesablanmayıb. Bu məqamları isə artıq hər kəs gördü. Mənim nəsə deməyimə ehtiyac yoxdur. 

- Yarışmada 492 xalla Hollandiyaya "Avroviziya" sevinci bəxş edən Dunkan Laurensin qalibiyyətliyini necə dəyərləndirirsən?

- Mahnısı yaxşı idi, lakin səhnəsi zəif idi. Düşünürəm bizim mahnımız daha yaxşı idi. Biz qalib gələcəyimizi düşünürdük. Amma belə alındı. Yəqin ki, belə məsləhət idi. Əsas odur ki, biz yaxşı çıxış etdik. Ölkəmizi layiqincə təmsil etdik. Yarışma bitsə də mənə bir musiqiçi kimi yetərincə təlabat var. Avropadan çoxlu sayda yeni təkliflər almışam. Tezliklə Avropaya yol alacağam. Sənətimi orada davam etdirəcəyəm. 

- Müsabiqə boyunca nəinki səsini, eləcə də əzələlərini nümayiş etdirmək üçün kamera önünə keçib açıq-saçıq fotolar çəkdirdin. Deyirlər ki, Çingiz bu cür fotolarla cinsi azlıqların diqqətini cəlb etmək istəyirdi... Düz deyirlər?

- Etiraf edim ki, daha da açıq şəkillər çəkdirməyimi işləyirdilər. Piarımla məşğul olan insan şalvarsız fotolar istəyirdi. Dedim ki, çılpaq şəkillər çəkdirə bilərəm, amma üstümü nə iləsə örtmək şərti ilə. Onsuz da biz dənizə gedəndə yarıçılpaq vəziyyətdə oluruq və elə fotolar çəkdirib paylaşırıq.

Bu yarışmada ifaçının görünüşü böyük önəm daşıyır. Məndən olsaydı bu cür addım atmazdım. Sadəcə piarla məşğul olan insan söylədi ki, belə fotoların çəkilməsi yarışma üçün mütləqdir. Mən də razılaşdım.

- Bu yolla "Avroviziya"nın cinsi azlıq fanatlarından dəstək və səs almaq iddiaları ilə bağlı heç nə demədin..

- İnanın səmimiyyətimə, mən bu fotolardan sonra "İnstagram" səhifəmə girə bilmirdim. Çünki orada oxuyub, gördüklərim heç xoş deyildi. Elə şəkillər və smslər göndərirdilər ki, "İnstagram"a qorxa-qorxa girirdim. 

- Məsələn sənə nə yazırdılar?

- Çox pis şeylər yazırdılar. "Ye beni Recep, öp beni Recep" (gülür). Bu cür fotoları çəkdirməkdə məqsədim, tək cinsi azlıqlardan deyil, həm də normal insanların diqqətini cəlb etmək idi. Əgər sənin bədən quruluşun buna imkan verirsə, qarnın önə çıxmayıbsa, bədənində qüsur yoxdursa, bu cür şəkillər çəkib yaymaqda da qəbahət yoxdur. Bunu adi insanlar da normal qarşılayıb, bəyənirlər. Fotolarıma baxıb, aktiv şəkildə like və şərhlər yazırdılar. Etiraf edim ki, mənim bu cür açıq-saçıq fotosessiyam Avropada böyük səs-küyə səbəb oldu. 

- Paylaşdığın fotolar arasında bir şəkil diqqətimi çəkdi. Səhnə öncəsi kulisdə sakitcə oturub, özün özünlə danışırdın. Özünü sakitləşdirirdin, yoxsa Allaha dua edirdin?

- Allaha dua edirdim. Çünki səsimdə problemlər var idi. Son günü səsim sözümə baxmadı. Bir sözlə "işləmədi". Amma başa düşdüm ki, bu səhnəyə bir daha qayıdıb, qayıtmayacağım bəlli deyil. Ona görə səhnədə maksimum həzz ala bilmək üçün əlimdən gələni etdim. Səhnədə qətiyyən həyəcanlı deyildim. İki dəfə psixoloqun yanına getdim. Sonra isə gördüm ki, buna ehtiyac yoxdur. Psixoloji olaraq özümü yaxşı hiss edirdim. 

- Komadanız böyük idi. Onlarla yola gedə bilirdin? 

- Bəzən yola getmirdim, sözümüz çəp gəlirdi. Lakin axıra yaxın hər şey möhtəşəm idi. Heç vaxtımız yox idi savaşmağa. Bütün komanda birinciliyə köklənmişdi.

- "Avroviziya"nın builki özəl qonağı Madonna idi. Onunla ünsiyyət qura bildimmi?

- Onun çıxışı zamanı mən zalı tərk etdim. Baxmaq istəmirdim. Çünki maraqlı deyildi. Ona görə yox ki, mən özümdən razıyam, sadəcə Madonnaya qarşı simpaniyam yoxdur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.