Şou-biznes

"Toppuş bacı"nın xəstəliyi ilə reytinq tutmaq, Rəqsanənin jurnalistə pul "atmağı", Elzanın bankir axtarmağı, Könülün iti - HƏFTƏBECƏR

24 Sentyabr 2018 00:45
10 Şərh     Baxış: 8 518
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (190-cı say) təqdim edir.

Yadınızdadırsa, Samir Piriyevlə Niyam Səlami Türkiyədə şərik restoran açmışdılar. Daha doğrusu, yer icarəyə götürüb işlədirmişlər. İndi biznes batıb, Samir Niyamı, Niyam Samiri ittiham edir. Samir Piriyevin dediklərindən:

"Mən Niyama inanıb getmişdim o işə. Çünki, mən o işi bilmirdim. O, məni inandırıb demişdi ki, mən bu işi bilirəm. İşi o görürdü, mən görmürdüm. Çox pul qoymamışdıq. Yer arenda idi. Dəyən ziyan mənə dəydi".

Sizi inandırıram ki, bu işə başlamazdan əvvəl onlar bir-birini babat tərifləyiblər. Deyiblər ki, sən qardaşsan, sən ürəksən. O biri də qayıdıb ki, sən qardaşdan da yaxınsan, sirdaşsan, ay nə bilim bağsan, bostansan. İndi görürsünüzmü açıqlamaları? Kim məni qınayır, dünəndən qınasın. Amma türkün məsəli, ağzına mikrofon dəyənlərin hələ heç birindən düz söz eşitməmişəm. Bu gün sənə işi düşər, olarsan ən yaxın adamı. Sabah işi həll olunar, heç yadına düşməzsən. Əslində, bir az da şəxsi təcrübəmə arxalanıb belə danışıram.

Əməkdar artist Məlahət Abbasova ATV kanalında yayımlanan "Bizimləsən" proqramını tənqid edib. Deməli, məsələ belədir. Aktrisa Tünzalə Əliyevanın xərçəng xəstəliyindən əziyyət çəkdiyi xəbəri yayıldı. Sonradan aktrisa açıqlama verdi ki, əməliyyat olundum, indi hər şey yaxşıdır. Sonradan aktrisa başladı hər gün "Bizimləsən" verilişində peyda olmağa. Hətta efirlərin birində aparıcı Zaur Baxşəliyev T.Əliyevanın mənzillə bağlı kredit borcunun olduğunu dilə gətirdi. İndi camaat bilmir ki, bu pulu "Toppuş bacı"nın kreditini bağlamaq üçün göndərir, yoxsa xəstəliyinin müalicəsinə. Məlahət Abbasova da elə bunu deyir:

"Tünzalə Əliyevaya yardım etmək istəyirsizsə, onu bu qədər stresə soxmaq lazım deyil. Yaşadığı hər stres ona ziyandır. Tünzalə xanımın əhval-ruhiyyəsini yüksəltmək, ürək-dirək vermək lazımdır. Kameralar qarşısında onu bu qədər aciz göstərmək, ağlatmaq və stresə soxmaq ən böyük pislikdir. Tünzalə Əliyevanın xəstəliyindən reytinq qazanmasınlar, günahdır".

Bu fikirləri mən desəydim, hər kəs qınayacaqdı, hətta bəlkə qohum-əqrəbamdan da bəziləri deyəcəkdi ki, Zaurun paxıllığını çəkirsən. Soruşacaqdım ki, axı niyə? Deyəcəkdilər ki, o efirə hamam xalatında çıxa bilir, amma sən bacarmırsan. O efirdə lazım olsa dombalaq aşır, amma sən getdiyin efirlərdə elə şeylər eləmirsən. Yaxşı ki bu sözü həm Türkiyədə, həm də Azərbaycanda yetərincə məşhur olan Məlahət Abbasova deyib. Yəni, onun Zaura paxıllıq etməyi ümumiyyətlə ağlabatan deyil.

O gün jurnalist Ülviyyə Alovlu yazmışdı ki, Rəqsanə ona pul "atıb". Ardınca da deyib ki, haramı olsun. Belə başa düşdüm ki, Alovlu puldan əlini üzüb, indi heç olmasa ürəyini boşaltmağa çalışır. Doğrudanmı, Rəqsanə qanunlar qarşısında at oynadır? Bu yerdə Kərimin polis bölməsində iki nəfərə üzr istətdirməyi yadıma düşdü. Azca düşünün, niyəsini biləcəksiniz.

Elza Seyidcahan ikinci dəfə ailə qurmaq məsələsinə münasibət bildirib. Amma hiss olunur ki, münasibət bildirəndə halı başqa cür olub. Sitat: "Mənim kişilər kişisi olan sənətim var. Hansı kişi məni belə geyindirib, bəziyib-düzəyər, yedizdirər? Özü də ömür boyu... Tək məni yox, ailəmi də..."

Elza xanım, işlətdiyiniz "kişilər kişisi" ifadəsi var ha, bax o ifadə Azərbaycandakı beş milyona yaxın kişini təhqir etməkdir. Sizin sənətiniz ərinizin, oğlunuzun, yaxınlarınızın yanında kişilər kişisi ola bilər, amma başqalarının yox. O ki qaldı kiminsə sizi və ailənizi geyindirməyinə, bəzəyib-düzəməyinə, belə anladım ki, sizə babat bir bankir lazımdır, ər yox. Ümid edirəm ki, bu cümlələri 52 yaşlı qadına ağıl öyrətmək kimi anlamayacaqsız. Ancaq çox istərdim ki, növbəti dəfə belə səhvlərə yol verməyəsiniz.

Deyəsən Anar Nağılbaz ölməklə canını həm öz valideynlərindən, həm də keçmiş həyat yoldaşından qurtarıb. Atası Rizvan Cəbiyev deyib ki, oğlumu Anjelika öldürdü. Mənə qaranlıq qalır. indi bu müzakirənin önəmi varmı? Siz necə düşünürsüz? Tutaq ki, Anjelika öldürüb. Hüquq-mühafizə orqanlarına müraciət etmək olmazmı?

Xalq artisti Könül Xasıyeva bahalı it alıbmış. Ay rəhmətliyin nəvəsi, camaat burda sənin müalicənə pul yığır, sən də gedib o tərəfdə it alırsan. Adam bilmir nə desin ki, nə şiş yansın, nə kabab. Çünki Könül xanım böyük sənətkardı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.