Şou-biznes

"Onsuz qala bilmirəm, bütün ruhumu..." - 38 yaşında subay olan Samir Cavadzadə SİRLƏRİNİ AÇDI - FOTO

19 Sentyabr 2018 08:08
1 Şərh     Baxış: 6 572
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Efirlərdə "Samir tənbəldir" deməklə tamaşaçılarımı qaçırtmağa cəhd edirlər. Bəziləri bunu bilərəkdən etmişdi, məqsədyönlü idi. Hətta onların açıqlamasından sonra işlərimdə müəyyən problemlər yaranmışdı.

Ümumiyyətlə, heç vaxt göstərişi sevən müğənnilərdən olmamışam, tamaşaçının qarşısına çıxıb "baxın, mən filankəslə eyni məclisdə oldum", - deməmişəm. Yeni mahnım varsa, efirə çıxıb sırf onun təqdimatı ilə məşğul oluram".

Milli.Az bildirir ki, bu sözləri müğənni Samir Cavadzadə publika.az-a verdiyi müsahibəsində səsləndirib.

- Bu yaxınlarda səhhətinizdə problemlərin olması ilə bağlı xəbərlər yayılmışdı. Hazırda özünüzü necə hiss edirsiniz?

- Öd kisəsi ilə bağlı problemim vardı, indi yaxşıyam. Müalicəm davam edir.

- Həkim hansı qadağaları qoyub?

- Ən əsası pəhriz saxlamalıyam. Əməl edirəm, onsuz da yeməyə meyilli deyiləm. Həkimin tapşırıqlarını rahat şəkildə yerinə yetirə bilirəm.

- Sağlam həyat tərzi sürürsünüz?

- Yuxu rejiminə əməl etdiyimi demək olmaz, buna baxmayaraq, uşaqlıqdan bəri ən çox qidama fikir vermişəm. Ümumiyyətlə, yağlı qidaları sevmirəm, çox ət həvəskarı deyiləm. Əslində ət yeməyi təzə öyrənmişəm.

- Vegetarian idiniz?

- İl yarım vegetarian oldum. Rusiyada yaşayanda bir çox ətdən imtina etmişdim. Heç kim birdən-birə özbaşına vegetarian olmur, bu proses yavaş-yavaş, mərhələli şəkildə baş verir.

- Donuz əti yemirsiniz?

- Yox. Çünki çox ziyanlıdır, onu yemək olar?

- Samir bəy, keçək yaradıcılıq söhbətlərinə. Həmkarlarınız sənətiniz haqqında adətən yüksək fikirlər söyləyir, lakin az məhsuldar olmağınızı irad tuturlar. Bütün bunlar sizə psixoloji təsir göstərir?

- Efirdə "Samir tənbəldir", - deməklə onlar tamaşaçılarımı qaçırdırlar. Bəziləri bunu bilərəkdən etmişdi, məqsədyönlü idi. Hətta onların açıqlamasından sonra işlərimdə müəyyən problemlər yaranmışdı.

Ümumiyyətlə, heç vaxt göstərişi sevən müğənnilərdən olmamışam, tamaşaçının qarşısına çıxıb "baxın, mən filankəslə eyni məclisdə oldum", - deməmişəm. Yeni mahnım varsa, efirə çıxıb sırf onun təqdimatı ilə məşğul oluram.

- Azərbaycanın musiqi tarixinə düşmək üçün tez-tez mahnı yazdırmaq vacibdir?

- Elə toyuq var ki, gündə heç bir dəfə yumurtalamır. Mahnı yaradıcı işdir, hər dəfə keyfiyyətli iş ortaya çıxarmaq olmur. Məhsuldarlıq gördüyün işin kəmiyyəti yox, keyfiyyəti ilə ölçülür. Əgər kimsə tez-tez mahnı yazdırırsa və bütün mahnıları hit ola bilirsə, bundan əla nə ola bilər? Lakin biz bilirik ki, bu, davamlı olaraq baş tutan iş deyil. Tamaşaçını bezdirmək olmaz.

- Bəzən gözəl səsi olan sənətçilər toy bazarını doldurmaq üçün bayağı mahnılar ifa edir. Siz icazə vermirsiniz ki, repertuarınız ucuz mahnılarla "kirlənsin".

- Təşəkkür edirəm. Musiqi və sözlərin bir-birini tamamlamasına diqqət edirəm. Əsas odur ki, sözləri düzgün tələffüz edib tamaşaçıya çatdıra bilim. Dinləyici mahnıya qulaq asarkən sözləri aydın şəkildə eşitməli və başa düşməlidir.

- Bir neçə ay əvvəl ifanızda Eldar Mansurovun "Bayatılar" mahnısının ingilis dilində versiyası təqdim olundu. Yeni mövsümdə pərəstişkarlarınızı nə ilə sevindirməyi düşünürsünüz?

- Bütün ruhumu titrədən yeni bir mahnı üzərində çalışıram. Müəllifi Murad Zeynallıdır. Mahnıya qulaq asıb uzun müddət susdum... "Yalançı gülüşləri, saxta görüşləri boş ver, Salamı belə düşünüb insanları boş ver" misraları qəlbimin sarı simlərinə toxundu.

- Adətən kiməsə etibarımız sarsılanda biz "boş verməyi" öyrənirik...

- Bəli, saxta və süni adamların varlığı məcbur edir ki, onları "boş verib" öz yoluna davam edəsən. Artıq boş verməyi öyrənmişəm. Deyərdim ki, belə daha rahat və yaxşıdır.

- Hansısa musiqi əsəri və ya mahnı yox, sadəcə qəlbinizin səsini dinləmək və özünüzlə baş-başa qalmaq istədiyiniz anlar olur?

- Təbii ki olur, lakin musiqisiz çox qala bilmirəm. Tez-tez instrumental musiqilər dinləyirəm. Onun melodiyası özümü anlamağa, nə istədiyimi tapmağa, qəlbimdəkiləri daha yaxşı eşitməyə kömək edir. Saatlarla instrumental musiqiyə qulaq asaraq xəyallar qura bilərəm. Bu zaman beynimdə gələcək üçün hansısa ideyalar yaranır, improvizələr edirəm.

- "Səni deyirlər" fləşmobunun əsas məqsədi özlüyündə alqışlana bilər. Maraqlıdır ki, belə bir mahnının hər hansı yüksək sənət nümunəsindən daha sürətlə yayılması və populyar olması bir musiqiçi kimi sizi narahat edir?

- Bu fləşmobu bir-iki dəfə gördüm, ritmi elədir ki, qulaq asanda dəlilik etmək istəyirsən, hər halda bir müddət sonra marağını itirdi. Toyda deyib gülmək, istənilən mahnıda oynamaq olar, lakin efir mədəniyyətinin öz qaydaları var. Toyu efirə gətirmək lazım deyil. Efirlərin maraqlı mövzulara və verilişlərə ehtiyacı var. Efirdə eyni tip müzakirələr, eyni adamlar tamaşaçıları da yorub.

- Samir Cavadzadə yaşamaq və yaratmaq eşqini kimdən və ya nədən alır?

- Musiqidən!

- Bəs yaxınlar və doğmalar?

- Təbii ki, onların varlığı olmasa, heç o musiqi də mənə lazım deyil. Həyatımın elə anları olub ki, həmin anda yaxınlarım, ailəm və ya dostlarım mənə kömək edə bilməyib. Belə anlarda məni depressiyadan çıxaran yeganə təsəlli aləti - yalnız musiqi olub.

- Keçmişdən silib atmaq istədiyiniz səhvləriniz çox olub?

- Başımız divara dəyməsə, ağıllanmırıq. Fikirləşmirəm ki, kiməsə bilərəkdən ziyan vermişəm. Kiminsə xətrinə dəyəndə onun əzabını ən birinci öz içimdə yaşayıram. Səhv etmişəmsə, həmişə üzr istəmişəm. Eqoist deyiləm, "bağışla" sözünü deməyi bacarıram və icazə vermirəm ki, kimsə mənə qarşı hörmətsizlik etsin.

Özümə qarşı səhvlərim olub. Təbii ki, indiki ağlım olsaydı, onları etməzdim. Bilirəm ki, onları düzəltmək mümkün deyil, odur ki, keçmiş səhvlərin verdiyi peşmançılıq hissi ilə yaşamıram, irəli baxıram.

- Demək istəyirsiniz ki, günahsız mələksiniz?

- Əlbəttə ki, mələk deyiləm. Hər halda məni daim narahat edən pis əməl və günah yiyəsi deyiləm.

- İnsanlara qarşı həmişə ədalətli olmağa səy göstərirsiniz. Bəs həyat sizə qarşı həmişə ədalətli davranırmı?

- Uşaqları çox sevirəm... Terrorlarda, müharibələrdə öldürülən körpələri görəndə həyatın nəinki mənə, bütün dünyaya qarşı qəddar davrandığı qənaətinə gəlirəm.

- Həyatınızda hansı dəyişikliyi etmək istərdiniz?

- Ha istəyirəm ki, soyuqqanlı olum və zəhrimar sifətlə gəzim, nədənsə məndə alınmır.

- Heyvanlara şiddət xəbərləri eşidəndə hansı hissi keçirirsiniz?

- Qəzəblənirəm, bu çirkin əməli edəni dərhal parçalamaq istəyirəm.

- 38 yaşınız var, amma sizə baxanda 24-dən çox vermək olmaz.

- Sağlam qidalanıram, insan ruhunun hansı vəziyyətdə olması da böyük rol oynayır.

- Qadının hansı xüsusiyyəti kişini bezdirir?

- Az deyinsinlər (gülür). Kişilər sevmir ki, qadın onun həyatına müdaxilə etsin, bütün işlərinə qarışsın, daim başına fırlansın. Fakt olaraq 70 faiz belədir.

- Bilirik ki, "subaylıq sultanlıqdır". Bəs bu təklik sizi darıxdırmır?

- Dünyaya tək gəlmişik, tək də gedəcəyik. Yaxın gələcəkdə evlənməyi düşünmürəm.

- Vicdanınız sizi gecələr rahat yatmağa icazə verir?

- Bəzən həmkarlarım mənə "Bunun rahatlığı məni öldürəcək" deyir. Mənə bu rahatlığı bəxş edən vicdanımdır. Heç kimi incitmirəm, bu səbəbdən belə rahatam. Pislik etməyən insanın vicdanı həmişə sakitdir.

- Dostluq edəcəyiniz insanları necə seçirsiniz?

- Bir müddət sınağa çəkirəm. Yalan danışdığını bilsəm də, özümü elə aparıram ki, guya xəbərim yoxdur. Mənə maraqlıdır ki, bu insan nə vaxta kimi yalan danışmağa davam edəcək... Kənara çəkilib müşahidə edirəm.

Yeri gəlmişkən, dostlarıma məsləhət verməyi xoşlamıram, onlardan sadəcə sadiqlik tələb edirəm.

- Falçılara inanırsınız?

- Keçmiş və ya gələcəklə bağlı nələrisə düz deyən öncəgörücülər var. Kimlərsə bunu şeytan əməli adlandırır, kimlərsə vergi. Ümumilikdə falçılara inanmıram, onlarda sadəcə 6-cı hiss daha güclü inkişaf edib.

- Unuda bilmədiyiniz insana nə söyləmək istərdiniz?

- Unuda bilmirəm, unuda bilmirəm... (oxuyur) Əgər həmin insan həyatımda yoxdursa, onun üçün niyə mahnı oxumalıyam ki (gülür)? Bir müddət keçir, hər kəs unudur və öz həyatına davam edir.

- Riskli insansınız?

- Risk hər addımımda mənimlədir.

- Həll edə bilmədiyiniz problemləriniz çoxdur?

- Xırda problemlərdən qıcıqlanıram. Böyük problemlə üzləşəndə başıayıq oluram, çalışıram ki, onları ağılla yoluna qoyum.

- Bu söhbətin sonunu siz tamamlayın. Yaxşı gündə, pis gündə...

- Özümüzü itirməyək!

- Məntiqli diləkdir. Vaxt ayırıb suallarımıza cavab verdiyiniz üçün minnətdaram.

- Xoş oldu.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.