Şou-biznes

Azərbaycanlı teleaparıcı: "22 yaşım olanda ailə həyatı qurmuşam, həyat yoldaşım öz sinif yoldaşımdır" - FOTO

13 Avqust 2018 21:00
8 Şərh     Baxış: 20 544
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Teleaparıcı Murad Haşımovun Milli.Az-a müsahibəsi.

- Murad, hal-hazırda yay istirahətindəsiniz. İstirahətiniz necə keçir?

- Mən iyul ayının 16-na kimi ARB-in canlı efirində oldum. Hal-hazırda isə yay məzuniyyətindəyəm. Türkiyəyə gedib, ailəmlə birlikdə orada yay tətilimi keçirdim. İnşallah yeni mövsümə yüksək ruh yüksəkliyi ilə qayıtmağı planlaşdırırıq.

- Keçən mövsüm "Günə doğru" və "Yaşamaq gözəldir" verilişləri ilə tamaşaçıların qarşısına çıxdınız. Yeni mövsümdə də eyni verilişlərlə efirə qayıdacaqsınız?

- Bütün komanda olaraq ötən mövsümə nəzər yetirəcəyik, artıq olan nələrsə verilişdə olmayacaq, nəyə ehtiyac varsa onlar bərpa olunacaq. Hansı verilişlə efirə qayıdacağımı isə tam dəqiq deyə bilmərəm.

- İki verilişdən yorulmursunuz?

- Təbii ki, bəzən yoruluruq. Mənim bir verilişim cümə günü, digəri isə şənbə günü bitir. Həftə sonunu səbirsizliklə gözləyirəm. Nifrət etdiyim hadisə həftə sonuna bir işin düşməsidir. O ki qaldı yorulmağa... Yorulmaq da işin gedişatından asılıdır. İnsan işindən həzz alırsa, o yorulmur. Mən həm məsələnin maddi, həm də mənəvi tərəfini nəzərdə tuturam.

- İş prossesində əsəbi, gərgin olduğunuz anlar olur?

- İş prossesində əsəb, stress bir o qədər də yaşamırıq. Çünki kollektivdə bir-birimizi tanıyırıq, bir- birimizin xasiyyətinə bələdik. Zarafat etməyi, deyib-gülməyi bacarıram. Kənardan məni tanımayanlar adətən deyirlər ki, özündən razı, qaba bir tipsən. Mənimlə yaxından tanış olandan sonra fikirləri dəyişir.

- Elə bir xüsusiyyətiniz varmı ondan həqiqətən razısınız?

- Düzü özümü haqlı saydığım məsələlərdə "at kimi" dirənən bir tipəm. Bəzən özümü çox doğru bilirəm. Ola bilər ki, nə vaxtsa səhv düşünürəm, amma özümü peşəkar bildiyim məsələlərdə özündən razı kimi görünə bilərəm.

- Bir müddət əvvəl sizi AZTV-də görürdük. Adətən teleaparıcılar region telekanalından paytaxt telekanalına gəlir, sizdə isə əksinə oldu.

- Mən televiziya aləmində ilk dəfə Kanal S (indiki ARB) televiziyasında çalışmağa başlamışam. Sonradan ümumi, bəzən isə fərqli sahələrdə işləmişəm. Daha sonra isə Aztv-də Mədəniyyət kanalının efirində "Buta" mədəniyyət xəbərlərini təqdim edirdim. Aztv-ni tərk edəndən sonra ardıcıl olaraq Araz fm, İnteraz və yenidən Region TV-yə gəldim. Bu televiziya mənim üçün çox doğmadır.

- Region kanalına gələndən sonra hansı imkanlarınız məhdud oldu?

- Televiziyanın təqdim etdiyi şərait və bəzi məsələlər var ki, onlar insanı qane etdisə region və paytaxtın fərqi yoxdur. Mən artıq bir neçə ildir ki, ARB kanalındayam. Harda oluramsa-olum ümumi abu-hava eynidir. Mənim Bakıda olmağım sadəcə şəhər, mühit fərqi olacaq. Səhər tıxacda gözləyəcəkdimsə, indi gözləmirəm. Ölkənin ictimai-siyasi həyatı daha çox Bakıda cərəyan edir, ola bilər ki, bu baxımdan bir az bu mühitdən geri qalmışam.

- Regionda insanlara daha çox yaxınsınız. Bu kimi hallardan sıxılan insansınız yoxsa?

- Xeyr, sıxılmıram. Şəkidə insanların əksəriyyəti bir-birini tanıyır. Və illah da efir simasısansa çox adam səni tanıyır. Sadəcə olaraq insan özünə diqqət edərək hərəkət etməlidir. Oturuşuna, duruşuna diqqət etməlidir. Sən özünü necə təqdim edirsənsə, hamının gözündə o insansan. Sabah o səni  efirdə görəndə deyəcək ki, həyatda tam başqadır, efirdə başqa.

- Regiona gələndən sonra paytaxt televiziyalarından iş təklifi aldınız?

- Bəli, çox olub. O təkliflər bu gün də var. Amma bütün məsələlər maddi və iş prinsipləri ilə bağlı deyil. İnsanın bağlı olduğu bir yer, yurd var. Tam hər şeydən əli üzüləndə və ehtiyac içində olanda insan harasa gedə bilər. Ona görə də hələ ki, bu haqda düşünmürəm.

- Həmkarlarınızın hansı xüsusiyyətini bəyənmirsiniz?

- Nə qədər ki, kameraya baxanda o kameranı adam kimi yox, əşya kimi görürlərsə bunun özü böyük problemdir. Kameraya baxanda onun adam olduğunu hiss edən teleaparıcı xoşbəxt teleaparıcıdır. Təəssüflər olsun ki, aramızda bunu duya bilməyənlərimiz var. Oxumuruq, mütaliə etmirik. Özümü də mütaliə etməyən həmkarlarımın içinə daxil edirəm. Bu təkcə televiziya aparıcılarında yox, özünü efirdə göstərmək istəyən insanların əksəriyyətində biruzə verir.

- Kənardan öz səhvlərinizi görürsünüz?

- Görməyə çalışıram. Həyatımda bir neçə insan var ki, onların tənqidi mənim üçün çox önəmlidir. Onların tənqidindən sonra özümə dəfələrlə baxıram. Özümə tək baxıram, əyər-əksikləri düzəltməyə çalışıram.

- Efirdə nəyi etməzsiniz?

- Gündəlik həyatımızda məni ailəmin, sevdiklərimin, tamaşaçılarımın yanında utandıracaq heç nəyi  etmərəm. Etməməyə də çalışıram. Sabah mənim də övladlarım böyüyəcək, onlar mənə görə niyə kiminsə yanında gözü kölgəli olmalıdır ki? Əsla bu cür hərəkətlərə yol vermərəm!

- Mən bilirəm ki, iki qız övladınız var. İstərdinizmi sizin sahənizi davam etdirsinlər?

- Mən televiziyadan da əvvəl peşəkar səsləndirmə ilə məşğulam. Əsas sənətim məhz budur. Böyük qızım artıq bir neçə reklam çarxını səsləndirib. O tərəfdən davamçı yetişdirməyə çalışıram. Amma televiziyada olmasını istəmərəm.

- Bəlkə sizə qarşı çıxdı, onda necə olacaq?

- Hər halda mənim qızım istəklərini atası ilə müzakirə edər. Çünki mən ona belə tərbiyə verirəm. O məndən nə vaxtsa fikrimi soruşsa, istiqamət verməyimi istəsə mən ona "yox" deyərəm.

- Onlara ürəyiniz istədiyiniz qədər vaxt ayıra bilirsiniz?

- Uşaqlarla əylənən və uşaqlarla oynayan tip deyiləm. Amma çalışıram ki, onlarla vaxt keçirim.

- Gənc yaşda ailə həyatı qurmusuz?

- Bəli, 22 yaşım olanda ailə həyatı qurmuşam. Öz istəyim ilə olub, məcburiyyətdən olmayıb. Həyat yoldaşım öz sinif yoldaşımdır.

- Şou tipli veriliş aparmaq istərdiniz?

- Peşəkar aparıcı hər tərzdə efiri təqdim edə bilməlidir. Amma şou verilişini "bozbaş qazanı" verilişi kimi təqdim edəcəklərsə, istəmərəm. Bunu hər bir tamaşaçının izləyəcəyi formada edəcəksənsə etmək olar. Bizim "Günə doğru" verilişi əslində şoudur, xəbər şousudur. Şərt o deyil ki, şou deyəndə sırf şou-biznes, müğənnilər, bayağılıq, çal-çağır yada düşməlidir.

- Xüsusi, dəyişilməz imici olan teleaparıcılardansınız. Dəyişikliyi xoşlamırsınız yoxsa dəyişdiyiniz zaman tamaşaçılarınızı itirməkdən qorxursunuz?

- Xeyr, sadəcə olaraq özümə yaraşdırmaram deyə saçımı qısaltmıram. Çünki 10 ildən çox olar ki, gözüm buna öyrəşib. Həm də öz bərbərim özüməm. Artıq 15 ilə yaxındır ki, saçımı özüm kəsirəm.

- Bu zarafatdır? (gülür).

- Xeyr, ciddiyəm. Məktəbi bitirirdik, dostlarımızla mərcləşdik ki, kim ali məktəbə daxil olsa öz saçını kəsdirəcək, kim daxil olmasa saçını saxlayacaq. Mərcləşdiyim dostlarımın hər biri universitetə daxil oldu, mən birinci turdan kəsildim. O ərəfədə də mənim saçım uzanmışdı, gözüm artıq buna öyrəşmişdi. Sabah ARB-dən desələr ki, sən daha bizim efirə yaramırsan, gedib özümə bərbər salonu açıb işləyəcəyəm (gülür).

Əli Novruzəliyev
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.