Şou-biznes

Aybəniz Haşımova Gəncədəki hadisələrdən danışdı: “Özümə gələ bilmirəm…”

11 İyul 2018 18:12
9 Şərh     Baxış: 5 771
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Gəncəli olaraq, hadisələr zamanı çəkilən videoları göz yaşı içərisində izlədim. Heç istəməzdim ki, millətim o vəziyyətə düşsün. Bir anlıq ölmək istədim. Kaş, dünən yaşananları görməzdim".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri əməkdar artist Aybəniz Haşımova deyib.

O, bildirib ki, Gəncədə baş verən iğtişaşa üzülür: "Mən Gəncədə böyümüşəm, o torpaqların ən gözəl dövrünün uşağıyam. Bütün uşaqlığım  gözümün önünə gəldi. Dünən Gəncədə ağlıma gəlməyən hadisələri gördüm. Bu, məni çox ağrıtdı. Burada ən böyük bəla "Dədə Qorqud"da Qazan xanın dediyi kimi, öz qılıncımız öz başımızı kəsdi. Bu, məni çox yandırdı".

A.Haşımova tez-tez Gəncədəki ailə üzvləri ilə danışdığını da deyib: "Çox narahatam, bütün qohum-əqrəbam Gəncədədir. Bütün gəncəlilər mənim doğmamdır. Fərqi yoxdur qohumluq bağı var, ya yox. Davamlı qohumlarımla əlaqə saxlayıram. Gəncənin ümumi halından narahatam. İstəmərəm, nəinki, Gəncədə, Azərbaycanın hansısa bölgəsində millətimin burnu qanasın. Onların birinin burnunun qanaması mənim ölümümə səbəb ola bilər. Bu durumda çox həssasam. İnsanlar təxribatlara uymasın. Düşmən baxıb sevinir. Gəncəlilərimdən xahiş edirəm ki, səbirli olsunlar. Ölkəmizin prezidenti var. Prezidentimiz hər şeyi yoluna qoya bilən prezidentdir. Bu hadisələri də yoluna qoyacaq. Mən musiqiçiyəm, siyasətçi deyiləm. Amma belə hadisələri görəndə düşünürəm ki, bu nə faciədir, nə biabırçılıqdır? Biz bu zülmü niyə çəkirik? Biz gücümüzü toplayıb, Qarabağa doğru getməliyik, torpaqlarımızı düşməndən azad etməliyik. Bir-birimizin qanını tökmək bizə yaraşmaz".

Əməkdar artist ötən gün sözügedən hadisələrə görə səhhətinin pisləşdiyini də deyib: "Mənə pis olsun, xalqıma təki yaxşı olsun. Dünəndən özümə gələ bilmirəm. Ağlayıram. Nə qədər təzyiq dərmanı içmişəm. Təcili yardım çağırmışıq. Bu cür hadisələrə soyuqqanlı yanaşa bilmirəm. İnanıram ki, tezliklə hər şey yoluna düşəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.