Şou-biznes

Nazəninin yasdakı videosu, Rəqsanənin ətrafı, Səmranın sinəsi - HƏFTƏBECƏR

28 May 2018 09:15
22 Şərh     Baxış: 9 359
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (173-cü say) təqdim edir.

Ötən həftə də itkiylə yadda qaldı. Əməkdar artist Zöhrə Abdullayevanın yeganə övladı - oğlu İsrafil beynin xərçəngindən vəfat etdi. Oxucular və öz adımızdan Zöhrə xanıma başsağlığı veririk.

Bu arada Nazənin də vəfat etmiş qardaşı barədə danışıb. Əslində, işin kökünə az da olsa bələdəm. Ancaq əvvəlcə Nazəninin sitatını oxuyaq:

"Onu itirməyimə mənim qədər yana bilərsiniz? Beş özüm ağırlığında ona xərc çəkdim. Nələr etdim. Amma olmadı. Heç kim mənim qədər dərd çəkməz. Amma o qədər tənqid yazırlar ki... Elə bil mənim dərdimi bunlar çəkir. Cahil insanlardır hamısı. Nə edirsən söyürlər".

Nazənin xanım, cahil insan deyib hər kəsi təhqir etmək olmaz. Qardaşınız vəfat edib, Allah rəhmət eləsin! Doğrudan da, qardaş, bacı çox ağırdır. Ancaq, sözün düzü, qardaşınıza çəkdiyiniz xərci deyə bilməsəm də, yas mərasimindən çəkilən selfilər və videoları görmüşəm. Bəli, doğrudan da, yas mərasiminə böyük xərc çəkmişdiniz. Allah sizdən razı olsun. Ancaq bir insanın qardaşına çəkdiyi xərci efirdə deməsi mənə qaranlıq qalır. Hətta insanlar sərt tənqid etsələr belə, bəzi şeylər var ki, onlar efir üçün deyil. Sənətçi tanıyıram ki, gündəlik cibxərci beş yüz manatdır, amma qardaşı, bacısı, yaxınları kirayədə, yataqxanada qalır. Yəni, müğənni tayfasını az-çox tanıyırıq da.

Müğənni Rəqsanənin qızı Aysun bu yaxınlarda çox cəsarətli addımla yadımda qalıb. Yəqin ki, çəkdiyi videoya əksəriyyətiniz baxmışdınız. Deyib ki, həyatımda baş verən hər şeyi birinci anam bilir. Deyirəm, gör indi Rəqsanə nələr bilir e. Dərhal başqa yerə yozmayın. Aysun iyirmi yaşında gənc qızdır. Yəni bu yaşa qədər nə sirri olubsa, anası bilir də. O mənada dedim.

"Maşın" şounun ilk anonsu da yayımlanıb. Azca da səbr edin, görək bu bir ayda daha kimlərin əsl üzünü görəcəyik.

Səməd Səmədovla keçmiş həyat yoldaşı arasında baş verənlər barədə dəfələrlə yazmışdım və xalq artistini tənqid etmişdim. İş elə gətirdi ki, bir neçə gün öncə Səməd müəllimlə üz-üzə görüşdük. Etiraf etdi ki, keçmiş həyat yoldaşı barədə dedikləri kişiyə yaraşan sözlər deyildi. Etirafın özü də böyük mədəniyyətdir. Əhsən! Ümid edirəm ki, Səməd Səmədov öz təbirincə desək, bir daha kişiyə yaraşmayan hərəkət etməyəcək.

Yadınızdadırsa, repçi Cin (Ceyhun Zeynalov) Rəqsanənin ifa etdiyi "Bivəfa" mahnısını oxumuşdu. Mahnı da özbək bəstəkarınındır. Rəqsanə o gün çıxıb deyib ki, iyirmi dəqiqəyə ətrafım Cini başa saldı ki, çaşma. Mən hər dəfə deyəndə ki, sənət adamlarından yazmaq deputatı, naziri tənqid etməkdən daha çətindir, heç kim inanmır. Bilirsiz niyə? Məsələn, bilirsən ki, nazirdi, deputatdı, vəzifəsi, pulu var. Yəni, təxmini gücündən xəbərdarsan da. Ancaq bir də görürsən ki, ölkənin 2785-ci müğənnisinin arxasından ağılagəlməz adlar çıxır. Rəqsanənin dedikləri də, əslində, məhz buna işarədir. Şübhəsiz ki, Rəqsanə yetərincə tanınır, özünə görə pərəstişkarları da var. Ancaq iyirmi dəqiqəyə repçini "başa saldıra" bilirsə, deməli, vəziyyət başqa cürdür. Rəqsanə repçini iyirmi dəqiqəyə başa saldırırsa, indi görün fəxri adı, titulları olanlar adamı nə günə qoydurar e.

"Eurovision" təmsilçimiz Səmranın sinə dekoltesini tənqid ediblər. Camaatı başa düşmək olmur da. Gözəl insanlar, əgər siz bir adamı lüt görmüsünüzsə, onun sinəsini görməkdə nə qəbahət var ki? Sinə o boyda bədənin on faizidir. Yüz faizi göstərəndə dillənmədiniz, indi on faizə tənqid yağdırırsız? Lap mühasibsayağı söhbət oldu e.

Bu həftə aparıcı Nanə də müğənniliyə başladı. Deyəcək sözüm yoxdur, sadəcə, xalqımıza gözaydınlığı vermək istədim.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.