Şou-biznes

Nüşabəni təkləmək, Damlanın Qulpqoyana konserti, qucaqdakı Aysel - HƏFTƏBECƏR

23 Aprel 2018 09:15
41 Şərh     Baxış: 6 789
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (168-ci say) təqdim edir.

O gün bir tanış mənə deyir ki, axır vaxtlar tənqidin dozasını azaltmısan. İstədim deyəm ki, zalım oğlu, arvadın qorxusundan saat altıdan sonra həyətə düşmürsən, məni cəsarətsizlikdə qınayırsan? Sən heç bilirsənmi ki, tənqid etdiyim adamların arxasında hansı pullar və kimlər dayanır? Nəysə...

Əməkdar artist Nüşabə Ələsgərlinin 2007-ci ildə oğluna etdiyi kiçik toyun görüntüləri yayılıb. Özü də nə az, nə çox, düz on bir ildən sonra. Əslində, müddətin on bir, yaxud yetmiş səkkiz il olmasının önəmi yoxdur. Əsas olan hadisənin mahiyyətidir. Əgər doğrudan da çox önəmli hadisə olsaydı, bu görüntüləri yayanlara şəxsən təşəkkür edərdim. Bilməyənlərə xatırladım ki, həmin videoda İbrahim Tatlısəslə müğənni Tunar Rəhmanoğlu duet oxuyur. Nüşabə Ələsgərli də bir ətək pul xərcləyib övladının toyuna oxumaq üçün gətirdiyi Tatlısəsin məclisi yola verməsinə etirazını bildirir. Bəli, ilk baxışdan xoş görünməyə bilər. Ancaq əgər mən filan qədər (o vaxt 150 min deyirdilər) verib Tatlısəsi övladımın toyuna dəvət etmişəmsə, niyə onun əvəzinə Tunar oxumalıdır? Elə Tunarı dəvət edə bilməzdimmi? Təbii ki, Tunar yetərincə yaxşı səsdir, gözəl ürəkdir, videodakı ifa da pis alınmayıb. Ancaq əgər məclis sahibi belə istəyirsə, buna etiraz etmək doğru deyil. Yeri gəlmişkən, bir neçə gün öncə Tunarın keçmiş nişanlısı, aparıcı Şəhla Vakkas (Çiçək) barədə də bir açıqlaması olmuşdu. İllərdir mətbuatda olan biri kimi deyirəm ki, bu piar işini kim qurursa, "xoruzun quyruğu" çox pis görünür. Tunar kimi yaxşı səsin belə ucuz reklama ehtiyacı olmamalıdır.

Başağrısı olmasın, mövzunu bəzi sənətçilərin açıqlamalarıyla davam etdirəcəyəm. Bu arada İlhamə Qasımova da çoxdanıncı illərdə Ələsgərliyə qarşı olan kinini ortalığa atıb. Bu həmin İlhamədir ki, müsabiqəyə gələndə əynində bir bənövşəyi kofta var idi. Həmin koftadan mən məktəbdə oxuyanda ən kasıb uşaqlar (yeri gəlmişkən, sinifdəki kasıb uşaqlardan biri də mən olmuşam və necə deyərlər, heç dəyişilməmişəm) geyinirdilər. Amma həmin bu İlhamə xanım Qasımova nədənsə sonradan toya getməyi özünə yaraşdırmadığını dedi. Əcəba?! Konsertdən qazanma, toya da getmə. Maraqlıdır, həmin o bənövşəyi köynək nə tez yüz minlik maşına, toya getməməyə çevrildi? Burası qalsın oxucuların ixtiyarına... Əgər kimsə bu cümlələri Nüşabə Ələsgərliyə simpatiya, tərəfkeşlik kimi qiymətləndirəcəksə, seçimində azaddır. Çünki mən hər şeydən öncə vicdanım qarşısında təmizəm.

Deyirlər, Damla Şəkidə solo konsert verəcək. Solo e. Qulpqoyan dayı deyir ki, işin olmasın. Soruşuram niyə? Deyir ki, konsertə özüm də gedəcəm. Arıqlamağa...

Aparıcı Sərxan müğənni Aysel Əlizadəni efirdə qucağına alıb. Ayseli Qulpqoyan dayı da qucağına alar e. Oğul ona deyərəm ki, məsələn filankəsi qucağına alıb bircə addım ata bilsin. Sizcə kimi? Bu arada Sərxana etirazlar var. Videoya şəxsən özüm iki dəfə baxdım. Aysel halından çox məmnun görünürdü. Siz nəyə narazılıq edirsiniz?

Aparıcı Azər keçmiş həyat yoldaşını sərt tənqid edib. Deyib ki, keçmişdə kim olduğunu unutmasın. Və bu qarşılıqlı açıqlamaları verən keçmiş cütlüyün bir övladı var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.