Şou-biznes

Dünya şöhrətli azərbaycanlı ölkəmizi 14 illiyə tərk edir

17 Aprel 2018 22:44
39 Şərh     Baxış: 24 451
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın məşhur stilisti Anar Ağakişiyevin makiyaj və saç üzərində iş nəticəsində qadınların zahiri görkəmini tamamilə dəyişən və onları 10-15 il cavan göstərən səs-küylü Before/after (Əvvəl/sonra) layihəsi onu bütün dünyada məşhurlaşdırıb.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, öz uğurları və yeni təkliflərlə bağlı stilist Anar Ağakişiyevmüsahibə verib.

- Anar, layihənizlə bütün dünyada məşhur olacağınızı özünüz gözləyirdiz?

- Yox, mən bunu gözləmirdim. Əgər digər tərəfdən yanaşsaq, uşaqlıqdan həmişə istəmişəm ki, məni bütün dünya tanısın. Amma heç vaxt hətta heç düşünməmişəm ki, Before/after layihəm mənə belə böyük uğur qazandıracaq.

- Bakıda belə bir layihəni həyata keçirmək ideyası necə yaranıb?

- Bu ideya məndə 2014-cü ildə yarandı və həmin vaxt Instagram sosial şəbəkəsində insanlar arasında populyarlıq qazana bildi. Bu cür layihələr xaricdə də həyata keçirilir və onların iştirakçıları əsasən gənc qızlar olur. Stilist sadəcə, onların sifətinin makiyajdan sonra necə dəyişdiyini göstərir. Həyatım boyu məni yamsıladıqları üçün, mənim kimlərisə yamsılamaqdan xoşum gəlmir. Ona görə də qərara gəldim ki, nəsə yenilik edim. Ona görə də yaşlı nəsildən olan qadınları öz layihəmin iştirakçısı etmək qərarına gəldim. Lakin eyni zamanda gənc qızların da stilini dəyişdim. Daha sonra isə yerli ulduzlar üzərində işləməyə başladım. Tam təsadüfən sifəti yanmış Nərmin adlı qızdan məktub aldım və onu layihəmdə iştiraka dəvət etdim.

- Deməli o özü sizə müraciət edib?

- İştirakçıların çoxu özləri mənə müraciət edir, eləcə də Nərmin. O, Bakıda yox, regionların birində yaşayır. Bir dəfə mənə məktub yazaraq öz tarixçəsini danışdı. Bildirdi ki, onun 11 yaşı olanda sifəti yanıb və o vaxtdan öz sifətinin cizgilərini xatrlamır. Ona görə də heç vaxt makiyaj eləmir və bunun necə edildiyini də bilmir. Mən onun məktubuna cavab verdim və onu öz salonuma dəvət etdim. Mən çox şadam ki, bizim bu layihədən sonra Rusiya və Türkiyədən həmvətənimizə plastik əməliyyat etməyi üzərinə götürən həkimlər tapıldı.

- Hansı qadınlarla işləmək çətindir: yaşlı, ya cavan?

- Mənim üçün belə anlayış yoxdur ki, kiminlə işləmək asandır, kiminlə çətin. Mən hər bir sifətə fərdi olaraq baxıram və onların hər biri mənim üçün təmiz kağız vərəqi kimidir. Ona görə də, mənim üçün heç birinin çətinliyi yoxdur.

- Layihənizin bütün iştirakçıları sizin dəyişdiyiniz simalarından razı qalırlar?

- Bir sıra iştirakçılar kaprizli deyillər, lakin çox tələbkardırlar, elə hesab edirlər ki, onlar gözəllik kraliçasıdırlar.

- Yerli ulduzların hamısı Before/after layihəsinin iştirakçısı olmağa razılıq verir?

- Bəzilərini danışaraq yola gətirmək lazım gəlir. Məsələn, Nisə Qasımovanı indiyədək yola gətirə bilməmişəm. Onun kompleksi var. Ona nədənsə elə gəlir ki, stilini dəyişsə, adamlar ona gülməyə başlayacaqlar. Amma mən belə deməzdim. Əksinə, adamlara öz kumirlərini yeni görkəmdə görmək maraqlıdır. Mənim layihəmdə iştirak edən ən kaprizli ulduzlar Flora Kərimova ilə Məleykə Əsədova olub. Mən layihəmin iştirakçılarını dəyişəndən sonra elə şərait yaradıram ki, onlar başqa ustaların yanına gedəndə də mənim yaratdığım stili saxlasınlar. Amma heç də hamı bunu etmir.

- Sizin üçün müştərinin tanınmış, yaxud adi şəxs olmasının fərqi var?

- Mənim üçün müştərinin ulduz, yaxud adi adam olmasının fərqi yoxdur. Əgər o, mənim kabinetimə daxil olubsa, deməli, müştərimdir və mən avtomatik olaraq xidmət işçisinə çevrilirəm. Hamıya bərabər səviyyədə diqqət ayırıram.

- Bəs siz dünya ulduzlarından kimin üzərində işləmək istəyərdiz?

- Mən Rihanna üzərində işləməyi arzulayıram. O, Bakıda konsert verib. Onda mən dünyada belə populyar deyildim. İndi isə kaş Allah üzümə gülsün!

- Sizin yenidən şəkilləndirdiyiniz yaşlı qadınlar 10, 20 yaş cavan görünürlər. Hamıya maraqlıdır ki, sizin əbədi cavanlıq iksirinizin sirri nədədir?

- Hesab edirəm ki, mənim əbədi cavanlıq iksirimin sirri 50% dekorativ kosmetikada, 50% də mənim bacarıqlarımdadır.

- Layihənizdən sonra Azərbaycanda bir çox stilistlər sizi yamsılamağa başladılar...

- Hə, bunu gördüm. Mən buna normal yanaşıram. Çünki onlar bunu məndən sonra etməyə başladılar. Bir qədər gülməli görünür, onlar elə edirlər ki, sanki kənardan bunu görən yoxdur. Heç nə demək istəmirəm, çünki onlar mənim soydaşlarımdır. Sadəcə, düşünürəm ki, onlar başqasının işinin surətini olduğu kimi köçürməkdənsə, ona yüngülcə nəsə əlavə edərək başqa bir şey edə bilərdilər.

- Tənqidə münasibətiniz necədir?

- Tənqidə açığam. Mənim heç bir kompleksim yoxdur. Siz və mənim sosial şəbəkələrdəki digər izləyicilərim yəqin fikir vermisiz ki, mən tənqid olunduğum şərhlərin heç birini pozmuram. Mənim hər bir postuma minlərlə, 20 min və ondan da artıq şərhlər gəlir. Biri yazır ki, mənim gözlərim xoşuna gəlmir, digəri yazır ki, "siz sehrbazsız". Bu, normal davranışlardır.

- Necə hesab edirsiz, sizcə Azərbaycan qadınlarının əsas özəllikləri və çatışmazlıqları nələrdir?

- Əsas özəllikləri odur ki, onlar bütün dünyada öz zərif zövqləri ilə tanınırlar. Çatışmazlıqları da onunla bağlıdır ki, bəzilərinin balansı qorumaq üçün əyləci yoxdur. Qadınlarımızın bir qismində həddindən artıq makiyaj olur, bir qismində isə ümumiyyətlə olmur.

- Sizin "qadın gözəlliyi" anlayışınız özündə nəyi ehtiva edir?

- Mən hesab edirəm ki, əsl qadın gözəlliyi təravətli dəri və təbii saç rəngidir. Həmişə təbii olmaq lazımdır.

- Anar, siz artıq bütün dünyada məşhursuz. Hazırda sizin əsas məqsədiniz nədir?

- Deməzdim ki, bu, mənim məqsədimdir, çünki daha çox mənim ən böyük arzumdur. Ola bilsin bir qədər gülməli səslənəcək, bir-iki ildən sonra gedəcəm. Amma istəyirəm ki, mənim adım dövlətin verdiyi hansısa fəxri adla yanaşı çəkilsin. Düşünürəm ki, bu, hər bir insan üçün vacibdir. Çünki mənim damarlarımdan azərbaycanlı qanı axır. Çox istərdim ki, doğma vətənim tərəfindən qiymətləndirilim. Mənim arzum Azərbaycanın əməkdaş incəsənət xadimi olmaqdır.

- Yolunuz haradır, əgər sirr deyilsə?

- Avropaya. Mən böyük məbləğdə müqavilə bağlamışam. Hələlik həmin müqavilə barədə ətraflı danışmaq istəmirəm, amma böyük bir mətbuat konfransı keçirərək jurnalistlərin iştirakı ilə həmin şirkətin adını açıqlayacağam. Sizə yalnız bir sirri aça bilərəm ki həmin təşkilat bütün dünyada məşhurdur. Onun futbol komandası və dünya brendi var. Onlar özləri mənimlə işləmək istədiklərini bildiriblər və mən razılaşmışam. Mənim Azərbaycandakı salonum da öz işini davam etdirəcək. O, artıq özünü doğruldub. Gözəl işçilərim var və mən onlara etibar edirəm.

- Siz iki illiyə gedirsiz?

- Yox, 14 illiyə. Düşünürəm ki, o qədər illər keçəndən sonra qayıtmaq istəməyəcəm.

- Bəs sizə çətin olmayacaq?

- Yox, çünki mən orada salonda işləməyəcəm və hamı üçün əlçatan olmayacam. Məni müxtəlif ölkələrə işləməyə göndərəcəklər. Mən öz sahəmdə Azərbaycanı xaricdə yaxşı təmsil edəcəm.

- Seçiminizə görə peşman deyilsiz ki?

- Yox, çünki daim irəli getmək, bir yerdə oturmaqdan və bəzən axmaq işlər görməkdən daha yaxşıdır.

- Nə qədər ki, getməmisiz, Azərbaycan qadınlarına nə demək istəyərdiz?

- Sadəlik ən böyük gözəllikdir. Ona görə də sadə olmağa çalışın. Hər bir qadın özünəməxsusdur, ona görə də çox bəzənməyə ehtiyac yoxdur.

Qeyd edək ki, Anar Ağakişiyev Azərbaycanın ən məşhur stilistlərindən biridir. O, Moskvada özəl makiyaj və bərbərlik fəaliyyəti ilə məşğul olub, Almaniya, İtaliya və İspaniyada müxtəlif seminar və master-klasslara qatılıb. Hazırda gözəllik salonunun sahibidir. Ayda bir neçə dəfə "Before/after" layihəsi üçün qadınları seçir. Bu layihədə əsasən zahiri gözəllik problemləri olan zərif cinsin nümayəndələri iştirak edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.