Şou-biznes

Zaurun hamam xalatı, Könülün "ölməyi", Təranəyə üç il "həbs" - HƏFTƏBECƏR

19 Mart 2018 07:14
60 Şərh     Baxış: 15 036
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (163-cü say) təqdim edir.

Bütün oxucularımın Novruz bayramını təbrik edirəm. Hər şey könlünüzcə olsun. Yazdığım təbrikə verdiyiniz qarşılıq üçün isə xüsusən minnətdaram. Ümumiyyətlə, bayram günləri olsa da, xəbərlər o qədər boldur ki, haradan başlayıb, harada bitirəcəyimi bilmirəm. Havalar da yazın gəlməsini gözləyirmiş kimi soyumağa başladı. Kimin qazı, işığı yoxdursa, bir az çətin olacaq. Qaz demişkən, o gün ATV-nin aparıcısı Zaur hamam xalatında efirə çıxıb qazsızlıqdan gileylənib. Camaat da aparıcını hamam xalatında efirə çıxdığına görə möhkəm qınayıb. Ancaq nə qədər qəribə görünsə də, bu dəfə Zaurun tərəfindəyəm. Bilirsiniz niyə? Maraq üçün onun aparıcısı olduğu verilişin indiki reytinqi ilə bir ay sonrakı arasında fərqə baxın. Təbii ki, efirə hamam xalatıyla çıxandan sonrakı reytinq ən azı əlli faiz çox olacaq. Məntiqlə belə çıxır ki, bir çox hallarda tamaşaçı məhz tənqid etdiyinə baxır, tənqid etdiyi müğənnini məclisinə çağırıb fəxr edə-edə, kimlərəsə yanmışlıq verə-verə şəkil çəkdirib paylaşır. Elə Zauru söyənlərin də yarıdan çoxu ona baxanlardı. Baxmayın, boykot edin, reytinq olmasın, o da belə etməsin. O soyunduqca siz baxırsız, Zaur da cuşa gəlir. Sabah da xalatı çıxaracaq. Görərsiniz...

Könül Xasıyevanın vəziyyəti ağır idi. Amma o ağır vəziyyətində o kanal sənin, bu kanal mənim, o toy sənin, bu xınayaxdı mənim. Gəzmədiyi veriliş, ağlamadığı proqram, getmədiyi xeyir-şər qalmadı. Əlbəttə, sənətkarın məclislərdən kənar qalması ayıb olar. Amma sənətkarın "ölürəm", "gedirəm" deyib, sonra konsert verməsi ikiqat ayıbdır. Təbii ki, tamaşaçı kimi Könül xanımı sənət aləminin böyük səslərindən sayıram. Ancaq inanın səmimiyyətimə ki, sənətin böyüklüyü insanın da böyüklüyü anlamına gəlmir. Lazım olsa, gələn həftə bu barədə daha ətraflı danışarıq.

Təranə Qumral üç il müddətinə həbs oluna bilər. Nazəninin vəkili belə deyib. Təranə də deyib ki, cəriməmi ödəmişəm, üzrxahlıq etməyəcəyəm, nə demişəmsə, düz demişəm. Görək bu biabırçılıq hara qədər uzanacaq? Ara yerdə xəmiri suya verəcəklər...Ya da çoxdan veriblər.

Ötən həftə Hüseyn Dəryanın faciəli şəkildə vəfatından dörd il keçdi. Dörd il əvvəl kanalları gəzib, Dəryanın dostu, sevgilisi, yaxını, arvadı, əmisi oğlu, sirdaşı olduğunu deyənlərdən neçəsi repçinin məzarını ziyarət etdi, bu, maraqlıdır. Yəqin ki, uzaq başı 5-3 nəfər. Onların də bəziləri foto çəkdirib "İnstagram"a qoymaq üçün. Həyat...

Aparıcı Sərxan Kərəmoğlunun efirə dəvət etdiyi qadınları öpməsi müzakirələrə səbəb olub. O da deyib ki, qonaqlarımı öpməyim qeyrət davası olub. Düz deyir də. Guya ora gələn qadın sənətçilər birinci dəfədir öpülürlər? Sərxan öpəndə nə olacaq ki. Savabdır da.

"Eurovision"da təmsilçimiz olmuş Dilarə deyib ki, sənət üçün soyunar. Təzədən?

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.