Şou-biznes

Göz yaşı ilə "qidalanan" Elnur Hüseynov bunu İLK DƏFƏ AÇDI: “Çalışıram ki, heç kim görməsin” - MÜSAHİBƏ

12 Mart 2018 17:04
0 Şərh     Baxış: 4 734
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, müğənni Elnur Hüseynov musiqisi özünə aid olan "Say Hallelujah" mahnısını təqdim edib.

Milli.Az xəbər verir ki, ifaçı yeni layihəsi haqqında danışıb. O bildirib ki, bu mahnı müharibə və terrora qarşı etiraz səsidir.

E.Hüseynovun müsahibəsini təqdim edirik:

Elnur bəy, mediadan mümkün qədər uzaq gəzməyə çalışırsınız. "O Səs Türkiyə" və "Eurovision" mahnı müsabəqilərindən sonra da sənətinizə bir qədər fasilə verdiniz. Bunun səbəbi nədir?

- Xüsusi bir səbəbi yoxdur, bu, xasiyyətimdən irəli gəlir, introvertəm (özünə qapanan). İnsanları sevirəm, sadəcə hər kəslə ünsiyyət qura bilmirəm. Bilirsiniz ki, introvertlər yalnız doğmalarının və dostlarının əhatəsində qalmağa üstünlük verirlər. Bu cür yaşamaq mənim üçün daha rahatdır.

Adını çəkdiyiniz müsabiqələr isə kifayət qədər böyük və stressli layihələrdir, sənətçini istər-istəməz yorur. Kiçik fasilə verməli idim ki, yenidən enerji toplaya bilim.

İntrovertləri özlərindən çıxarmaq çətin məsələdir, çünki onlar hiss və emosialarını həmişə nəzarət altında saxlamağı bacarır. Çıxılmaz vəziyyətə düşəndə sizin reaksiyanız necə?

- Sizinlə tamamilə razıyam. Nadir hallarda konfliktə girirəm, çalışıram ki, ən pis halda belə, kiməsə qarşı aqressiv münasibət göstərməyim.

Xasiyyətcə qapalı insan olsanız da, hamı sizi sevir, qəlbimizin dərinliklərinə işıq sala bilirsiniz. Buna uzaqda qalmaqla necə nail olursunuz?

- Nə demək istədiklərimi ifamla anlada bilirəm, sevinirəm ki, insanlar da məni başa düşür. Əslində bir-birimizi anlamaq üçün böyük çaba sərf etməyə ehtiyac yoxdur. Sevilməyimin əsas sirri odur ki, özümü doğru şəkildə ifadə edə bilirəm. Bəziləri isə bunu bacarmır. Hisslərimi tamaşaçıya düzgün ötürə bilmək və onların duyğulu tellərinə toxunmaq bacarığı məni daha çox sevindirir, nəinki sevilmək hissi.

Ailəniz və dostlarınızla yola getməyəndə özünüzü necə sakitləşdirirsiniz?

- Sevdiyim insanlarla aramda ciddi problem olduğunu xatırlamıram. İnşallah bir-birimizi bundan sonra da başa düşərik.

Fidan Hüseynovayla "Say Hallelujah" duetiniz terrora və müharibələrə qarşı etiraz səsidir. Necə düşünürsünüz, bu ifa ilə zalımların qəlbinə mərhəmət toxumu səpə biləcəksiniz?

- Dünyada şiddətə, zorakılığa və müharibələrə qarşı yüzlərlə kompozisiyalar yazılıb. Maykl Cekson, eləcə də müxtəlif dünya ulduzları dəfələrlə bu mövzuya müraciət edib. Sənətçilər də çalışmalıdır ki, öz əsərləri ilə dünyaya nə isə çatdırsın. Mənim də əlimdən gələn budur.

Sizcə, niyə yaşlandıqca məsumiyyətimizi və saflığımızı itiririk?

- Bunu hamıya aid etmək olmaz. Uşaqlıq saflığını itirməyən həqiqətən də böyük insandır. Sadəcə yaş üstünə yaş gəldikcə insanda daha çox mal-mülk sahibi olmaq formalaşır. Var-dövlət hərisliyi içimizdəki məsumluğu, saflığı boğur. Bu səbəbdən də insan böyüdükcə simasında saflıq təcəssümü azalmağa başlayır.

Bəzən də üzləşdiyimiz çətinliklər, ədalətsizliklər, qeyri-müəyyənliklər kimlərisə qəddarlaşmağa məcbur edir.

Uşaqlarla, yoxsa böyüklərlə duet oxumaq çətindir?

- Duetdə çətinlik yoxdur, rəqabətə çıxmırsan ki. Əsas odur ki, bir-birini anlayasan və birləşib birlikdə insanlara müsbət enerji verəsən.

Bu, kompozisiya ilk bəstənizdir?

- İlk deyil, sadəcə birinci dəfədir ki, öz yazdığım musiqini dinləyicilərə və tamaşaçılara təqdim etdim. Birinci "Say Hallelujah" ın sözləri ilə tanış oldum. Şeirdə sülhün tərənnümü uşaqların dilindən səsləndiyi üçün məndə təlatümlü hisslər oyatdı.

Niyə bu vaxta qədər yazdıqlarınızı üzə çıxarmırdınız?

- Çünki hazır deyildim, doğru zamanı gözləyirdim. Digər bəstələrimi də yavaş-yavaş təqdim edəcəyəm.

Elnur bəyin ilham pərisi kimdir?

- Gül də, günəşin çıxması da, balaca bir uşaq da ola bilər. Hər bir gözəllikdən zövq ala bilən və təsirlənən insanam. Hətta ağlamaqdan da zövq ala bilirəm...

Sevincdən, yoxsa kədərdən "qidalanırsınız"?

- Məncə, göz yaşından. Çünki kədərli insanın duyğuları daha dərindir, ağrı məcbur edir ki, onu yaradıcılığa istiqamətləndirəsən, bir sözlə, yazıb-yaradasan.

Kimdir sizi incidən və ağlamağa məcbur edən?

- Cizgi filmində həssas bir səhnəyə baxanda da, güclü insanın sevincindən də ağlayıram, özümdən asılı deyil. Çalışıram evdə ağlayım ki, göz yaşlarımı heç kim görməsin. Başqalarının yanında çox ağlasam, məndən bezərlər (gülür).

Mahnının uğuru sözlərin mənasından, yoxsa musiqinin təsir qüvvəsindən asılıdır?

- İkisi də vacib amildir, bir-biri ilə ayrılmaz vəhdət təşkil etməlidirlər.

"O Səs Türkiyə" müsabiqəsi sizə birincilikdən savayı nə öyrətdi, nə qazandırdı?

- Daha güclü olmağı, arzuların arxasınca getməyi, məhsuldar olmağı.

Acun Ilıcalı və Ebru Gündəşlə münasibətləriniz necədir?

- Tez-tez görüşdüyümüzü, sıx dostluq münasibətlərimizin olduğunu deyə bilərəm. Amma təbii ki, səhnədə və başqa yerdə görüşəndə də söhbətləşirik, hal-əhval tuturuq.

Türkiyədə, yoxsa Azərbaycanda populyarlıq qazanmaq daha asandır?

- Fərqlidir, bu, həm zəmanədən, həm də vəziyyətdən asılıdır.

Builki "Eurovision" təmsilçimiz Aysel Məmmədovanın ifasını bəyəndiniz?

- Aysel çox gözəl musiqiçi və pianoçudur, onun qarşısında baş əyirəm və uğurlar arzu edirəm. Onun aranjeman etdiyi "Dilbərin ariyası"nın yeni versiyası çox yaxşı alınıb. Bu mahnıya dostlarımızla birlikdə tez-tez qulaq asırıq və inanılmaz zövq alırıq. İnanıram ki, bu stressli yolu rahatlıqla keçə biləcək.

İstedadlı insanların eqosu yüksək olur deyirlər. Maraqlıdır ki, məşhurluğun sizi dəyişdirməsinə icazə vermisiniz?

- Eqoist deyiləm, hesab edirəm ki, bütün pisliklərin başlanğıcı eqodan qaynaqlanır. Özünə dəyər vermək lazımdır, amma yüksək eqo insan mənəviyyatını çirkləndirir. Dəyişməmişəm, heç vaxt da dəyişməyəcəm.

Sözün əsl mənasında xoşbəxt olmaq üçün həyatınızda nə çatışmır?

- Xoşbəxtlik.

Onda sualı dəyişim. Sizi nə xoşbəxt edir?

- Bu barədə çox uzun danışa bilərəm.

Danışın, sizi dinləməyə hazırıq...

- (gülür) Əgər yaxınlarımın həyatında hər şey qaydasındadırsa, mən onlardan da xoşbəxt oluram. Bahalı maşınlar, mal-mülk heç vaxt mənim üçün xoşbəxtlik səbəbi olmayıb. Əsas odur ki, həyatdan zövq almağı biləsən.

Çox səmimi və mehriban insansınız. Bu yumşaqlığınızdan istifadə edən olub?

- Təbii ki! Qəlbimi də qırıblar... Çox şükür ki, ətrafımda qədrimi bilənlərin sayı daha çoxdur.

İsfar Sarabski və "Dihaj" qrupu ilə elektron musiqi layihələriniz oldu. Sizcə, ölkəmizdə bu janrın kifayət qədər dinləyici auditoriyası varmı?

- Var və istərdim ki, daha da çoxalsın. Amma bunun üçün zaman lazımdır.

Layihələrinizi həyata keçirmək üçün maddi baxımdan problemləriniz olur?

- Əlbəttə, əslində ən böyük problemim elə budur.

Elnur bəy yaradıcılıq planlarınızda daha nələr var?

- Aygün Kazımova, Tünzalə Ağayeva, Nigar Camal, Samir Cavadzadə, Sevda Ələkbərzadə və digər müğənnilərin çoxu ilə duet oxumaq istəyirəm. Artıq iki aydır bu barədə düşünürəm. Bu ifaçıların həri biri ilə aramızda fərqli enerji bağlılığı var. Maqazin verilişləri həmişə sənətçilərin qalmaqallarından danışır. Amma biz göstərməliyik ki, ailə kimi ola bilərək və ailəyik. Danışılanlar boş söhbətlərdir. Biz yenə də bir-birimizi görəndə ən pis halda salam veririk. Bütün bu duetlər hazır olandan sonra tamaşaçılar üçün konsert verməyi planlaşdırıram.

Müsahibə üçün minnətdaram, Elnur bəy. Sizə fəaliyyətinizdə uğurlar arzu edirəm. Ən əsası pozitivliyinizi heç vaxt itirməyin.

- Təşəkkür edirəm.(publika.az)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.