Şou-biznes

Əməkdar artist KÖVRƏLDİ: "Bilsəm ki, itirdiklərimi orada tapacağam ölmək istəyərəm" - FOTO

23 Noyabr 2017 21:01
7 Şərh     Baxış: 3 229
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Zöhrə Abdullayevanın Milli.Az-a müsahibəsi.

- Zöhrə xanım, həmişə sərt danışırsınız. Bu xasiyyətinizə görə siz sevməyənlər var?

- Bir insanı hamı sevə bilməz ki. Məni sevənlərin də, sevməyənlərin də Allah canını sağ etsin. Mən danışmayım, sən danışma bəs kim danışsın? Olan şeyi deyirəm də. Heç kimə böhtan atıb, qeybət etmirəm ki. Sual verirlər, cavab verirəm. Hamısına da düzgün cavab verirəm. Dildir də, ola bilər ki, kiminsə xətrinə dəymişəm. Məni sevmirlərsə, deməli ki, bir səbəb vardır.

- Nədir o səbəb?

- Vallah mənim heç kimə pisliyim dəyməyib. Heç pisliyi bacarmıram da. Mənə elə gəlir ki, məni çox istəyirlər.

- Zöhrə xanım, məhərrəm ayı artıq bitib. Toylara dəvətləriniz gəlib?

- Mən uzun zamandır ki, toylara getmirəm. Çünki toyların səviyyəsi çox düşüb. Tamaşaçıların musiqi duyumu azalıb, müğənnini dinləmirlər. Amma əvvəllər belə deyildi. Biz o vaxtı toylar oxuyanda xanəndəni diqqətlə dinləyirdilər. Bugünkü gündə toyda gəlib mahnını kəsib, elə bir səviyyəsiz mahnı istəyir ki, məətəl qalıram. Sonuncu dəfə toy oxuyanda gəlib məndən "O yana döndər, bu yana döndər" adlı bir mahnı istədilər. Mən axı o səpkili müğənni deyiləm.

- Dediyiniz axı xalq mahnısıdır.

- Xeyr, mən bildim siz hansı mahnını deyirsiniz. Bu mahnı yeni çıxıb. "Sağa döndərdi, sola döndərdi" nədir bilmirəm. Sırf toy mahnısı olduğunu bilirəm. Bilsəydim, oxuyacaqdım, sadəcə, bilmirdim.

- Ümumiyyətlə, gəncləri dinləmirsiz?

- Mənim bu sənətdə çox sevdiyim, dinlədiyim və səsindən doymadığım müğənnilər var. Təbii ki, dinləmədiyim müğənnilər də var. "Ç", "c" hərflərini düzgün tələffüz etməyəndə əsəbləşirəm, dinləyə bilmirəm. Elə titullu müğənnilər var ki, düzgün ifa etmirlər.

- Zəng edib irad tutmusuz?

- Xeyr, niyə zəng edib özümü pis edirəm ki? Artıq dilləri o cür öyrəşib, onlara bu yaşdan sonra "ç", "c" öyrədim? Birincisi, qəbul etməzlər, ikincisi də, məndən inciyərlər. İstəyirəm hamı bir-biri ilə mehriban olsun.

- Siz onlara mehribançılıq arzulayırsınız, amma onlar günü-gündən düşmən olurlar.

- Onlar bunu gündəm üçün etmirlər, sadəcə olaraq, xasiyyətləri belədir. Mən heç vaxt belə etmərəm. Axı şou-biznes əhlinə aid deyiləm. Mənim şou vaxtım çoxdan keçib. Həm də mən axı sənətə şou ilə gəlməmişəm. Gənclərimizə arzum budur ki, sözün ucundan tutub ucuzluğa getməsinlər. Ömür bir küsmək qədər deyil. İllər keçdikcə adam daha da müdrikləşir. Həyatı anlayanda həyatdan köçür insan.

- Nə vaxtsa ölüm qorxusu ilə yaşamısız?

- Əvvəl ölümdən qorxurdum, amma indi qorxmuram. Biz hal-hazırda yalan dünyadayıq, o biri dünya haqq dünyasıdır. Mənə bərzaq aləmi çox maraqlı gəlir. Bilsəm ki, itirdiklərimi orada görəcəyəm bu dəqiqə ölmək istəyərəm. Anam üçün, atam üçün darıxıram. Amma, hələ ki, səhnədəyəm çünki mənə tələbat var. Görsəm ki, istəmirlər özüm sakitcə çəkiləcəyəm kənara.

- Vəsiyyət etmisiz?

- Vallah vəsiyyətlik bir şeyim yoxdur. Bir oğlum var, hər şeyim, onsuz da, ona qalacaq. Oğlumu da, gəlinimi də, nəvələrimi də canımdan çox istəyirəm. Nəyim var onlarındır da.

- Qızınızın olduğu xəbəri də yayılmışdı.

- Xeyr, mənim bioloji qızım yoxdur. Gəlinimi qızım qədər çox istəyirəm. Mən ailə həyatımla bağlı heç nəyi qapalı saxlamamışam. Kaş qızım da olardı.

Əli Rəhimoğlu
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.