Şou-biznes

Xalq artisti: "Əyilirlər, hoppanırlar, amma rəqsi tamaşaçıya sevdirə bilmirlər" - FOTO

26 Sentyabr 2017 21:07
0 Şərh     Baxış: 2 984
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti, ustad sənətkar, Şöhrət ordenli rəqqasə Roza Cəlilovanın Milli.Az-a müsahibəsi...

- Roza xanım, özünüzü bu yaşda necə hiss edirsiniz?

- Şükür Allaha, yaxşıyam, səhhətimdən şikayətim yoxdur. Allah təki cavanlara can sağlığı versin, biz də sizə baxıb, cavanlığımızı yada salaq.

- Siz rəqs sənətinin incisisiniz. Bu sənətin də bir çox incəlikləri vardır. İstərdim bunlardan danışaq.

- Rəqs incəsənətin müxtəlif sahələri-musiqi, rəssamlıq, heykəltəraşlıq və s. ilə bağlı olan bir növüdür. Rəqsin 3 əsas hərəkəti olmasına baxmayaraq o, bəstəkarın musiqisini ifa edir, rəssamın şəkilini əks etdirir, rəqsi süzəndə isə heykəltəraşın nöqtəsində dayanır. Demək istəyirəm ki, rəqs bir neçə peşəkar sənətin bir bağıdır, bu yöndən rəqqaslıq çox mürəkkəb sənətdir.

- Azərbaycanda Əminə Dilbazidən sonra rəqs sənətinin ikinci görkəmli nümayəndəsi kimi sizi tanıyırıq. Əminə xanımla tanışlığınızı necə xatırlayırsınız?

- Bir gün Əminə Dilbazi ilə Əlibaba Abdullayev mənim təhsil aldığım məktəbə gəlmişdilər. Onlar bizim məktəbdən 30 qız seçdilər, seçilənlərdən biri də mən idim. Əminə xanım mənə dedi ki, sən rəqs edən uşağa oxşayırsan. Çox həvəsli idim. Cavab verdim ki, mən Xoreoqrafiya məktəbinin balet şöbəsində oxuyuram. O mənə xalq rəqqasəsi olmağımı tövsiyyə etdi. Məktəbi bitirdikdən sonra məni Opera və Balet teatrına göndərdilər, amma Əminə xanımın dediyi sözləri hey götür-qoy edirdim. Opera sahəsində 2 il çalışdıqdan sonra oranı tərk etdim. Beləliklə Əlibaba müəllimin Mahnı və Rəqs ansamblına gəldik. Çox keçmədi, cəmi bir il ərzində Əminə xanımla bərabər rəqqasə oldum. Əminə Dilbazinin tövsiyəsi və yaxşılığı sayəsində mən xalq rəqqasəsi oldum. Bilirsiniz, hər ölkədə balet var, amma hər ölkənin də folkloru var. Azərbaycan folklorunu biz yaşatsaq, daha yaxşı olar.

- Demək ki, rəqs heç də asan sənət deyil. Rəqsi tamaşaçıya çatdırmaq insandan böyük cəsarət tələb edir.

- Rəqsi ifa edən zaman tamaşaçıya, onların üzündəki təbəssümə baxmaq lazımdır. Bu həm çətindir, həm də bunu bacarmaq lazımdır. Mən bunu bacardım. Tamaşaçılarımın çoxu indi həyatda yoxdur, bəzən onları yada salıram. O vaxtkı tamaşaçılar da tamam fərqli, sənət pərəstişkarı idilər. İndi elə bir rəqqasə tanımıram ki, rəqsi ilə yadda qalsın. Məni "Tirməşal", "Bilmədin", "Ceyranım", "Qaragöz" kimi rəqslərlə yada salırlar. Elə indi də tamaşaçılardan bu rəqslər haqqında gözəl sözlər eşidəndə mən yaşayıram. Bilirsiniz, oynamaq ayrı şeydir, tamaşaçının qəlbinə girmək ayrı. "Sona bülbüllər" xalq mahnısını Qədir Rüstəmovdan sonra çoxları oxudu, amma heç biri onun kimi bu mahnını yaşamadı. Rəqs də belədir, onu da yaratmaq və yaşatmaq lazımdır. Mən Əminə xanımın heç bir rəqsini oynamadım. Hətta Əminə xanım mənim yubileyimdə də qeyd etdi ki, Roza mənim rəqslərmi ifa etmədi "mənə yeni rəqslər qurun" dedi. Müasir dövrdə hələ ki, rəqsini tam bəyəndiyim rəqqasə yoxdur. Bir qız var idi, öz rəqsimi ona qurdum. Adı Sona idi. Bəlkə də burda qalsaydı, gözəl rəqqasə ola bilərdi. Sonradan eşitdim ki, İsveçrədədir. Amma Xalq artisti, gözəl insan Cəmilə Bayramovanın sənətə yeni nəsil gəlməsində və onların sənətdə qalmalarında böyük zəhməti var. O bir pedaqoq kimi gənc mütəxəssislər yetişdirir, onlardan bildiklərini əsirgəmir. Bu baxımdan Cəmilə xanımın fəaliyyətini dəyərləndirirəm.

- Hətta 85 illik yubileyinizdə siz səhnəyə çıxarkən sanki orada qızıl parlayırdı.

- Yubileyimdə səhnəyə çıxanda bütün tamaşaçılar ayağa qalxdı. Mənim üçün əsl mükafat bu idi. Rəqqasə gərək tamaşaçı ilə təmasda olsun, onun rəğbətini qazansın. Rəqsi oynayırlar, əyilirlər, hoppanırlar, amma rəqsi tamaşaçıya sevdirmək ayrı şeydir.

- Bu gün rəqs sənətinə layiqincə diqqət varmı?

- Bu sənətə diqqət həmişə olub, sadəcə bu gün yeni quruluşlar yoxdur. Bizim adət ənənəmiz, folklorumuz var. Arxivdən gözəl rəqslər tapıb, onlara yeni quruluşlar vermək lazımdır.

- Yetişən gənc nəsil peşəkar deyil?

- Əvvəllər rəqqasələr səhnəyə özfəaliyyət dərnəklərindən gəlirdilər, indi isə rəqs məktəblərindən. Bizim dövrdə valideynlər qızlarını rəqs məktəbinə qoymazdılar. Atam ziyalı insan olduğundan məni özü ilə aparıb, Xoreoqrafiya məktəbinə qoydu, balerina olmağımı istədi. O zaman bizə yad insan kimi baxırdılar. Amma indi ata-analar qızlarını özləri rəqs məktəbinə yazdırırlar. Bax bu sevindirici haldır, amma yaxşı olar ki, bu sahə üzrə səriştəli pedaqoqlarımız da yetişsin. Mən Mahnı və Rəqs ansamblında baletmeystr idim, ordan 3 il müddətinə Bağdada işləməyə göndərdilər. Yadımdadır, özfəaliyyətlə işləmək çox çətin idi, çünki rayonlardan ibarət bədii özfəaliyyət kollektivləri yığıb, xaricə aparırdım. 1989-cu ildə Türkiyəyə getmişdik, sonradan 2-ci dəfə ora dəvət aldıq. O zaman hələ yollar bağlı idi. Demək istəyirəm ki, rəqs çox incə sənətdir, onun qədrini bilmək lazımdır. Mənim vaxtımda 3 aydan bir maaş alırdıq, gör sənətə nə qədər vurğun idik ki, qaçmırdıq. İndi maaş da, orden də, yeri gələndə ev də verirlər, amma işləyən, yeni quruluş verənlər çatışmır.

- Rəqqasələrə xas olan xüsusiyyətlərdən biri də onların hər yaşda cazibədar qalmalarıdır. Bu hal sizdən də yan keçməyib.

- Bu yaşa qədər nə siqaret çəkmişəm, nədə ki, içki içmişəm. Suyu da üfürə-üfürə içirəm. Mən səhnədə rəqs edirdim, sonuncu tamaşaçı zalı tərk etməyənə qədər gözləyirdim. Məni yaşadan da belə anlar olub. Yoldaşım deyirdi ki, daha heç kim yoxdur, gəl gedək. Cavab verirdim ki, dayan, hələ biri də var (gülür). Bu sənət həyat üçün yox, səhnə üçündür. Mən hər zaman sənətimi qorumuşam. İstəməmişəm məni nə küçədə, nə də bazarda görsünlər. Qoy desinlər ki, bu mələk idi, göylə gəldi, göylə də getdi.

- Şəhərə çıxıb gəzmək imkanınız olur?

- Bəli, bəzən çıxıb şəhərdə gəzirəm. Bir dəfə gəzməyə çıxmışdım, gördüm ki, iki qadın mənim tərəfə gəlib deyir: "Roza xanım hanı sizin hind rəqsiniz, "Qaragöz" rəqsiniz? Bu cür sözlər eşidəndə sevinirəm ki, bu sənəti əsəb yerə seçməmişəm. Rəqslərim yaddaşlarda qalıb. Onu da qeyd edim ki, hind rəqsi mənim üçün qurulub və bu rəqsi ilk dəfə Azərbaycanda mən oynamışam.

- Hər zaman hərəkətdə olan bir rəqqasə kimi hal-hazırda evdə oturub darıxmırsınız?

- Güzgünün qarşısında həmişə məşqlər edib, hazırlaşıram. Həmin illəri yadıma salıram və istər-istəməz darıxıram. O illərin xatirəsi ilə yaşayıram. Əslində darıxmağa vaxtım da yoxdur, çünki nəvələrimlə başımı qatıram.

Əli Rəhimoğlu

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.