Şou-biznes

Tanınmış teleaparıcı faciəsindən danışdı: "Ana olmağa hazırlaşanda 6 ailə üzvümü itirdim" - FOTO

21 Sentyabr 2017 21:02
14 Şərh     Baxış: 16 107
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış teleaparıcı Zamira Dadaşovanın Milli.Az-a müsahibəsi.

- Zamira xanım, sizin uzun illər Azərbaycan Dövlət Televiziyasında xəbərlər proqramının aparıcısı kimi tanımışıq. AzTV-ni tərk etməyinizə bir səbəb oldu, yoxsa xəbərlər proqramında sərbəst olmamağınızdan bezib usandınız?

- Mən AzTV-yə 1996-cı ildə gəlmişəm və 10 il o məktəbi keçmişəm. Sənətkarlardan dərs alaraq nələrsə öyrənmişik, onlarla çiyin-çiyinə çalışmışıq. Tanınmış diktor Roza Tağıyeva bu sahədə mənim müəllimim olub. Əslində mən öz istəyimlə AzTV-dən getməmişəm. O zaman Nizami Xudiyev işdən uzaqlaşdı və yerinə Arif Alışanov gəldi. Biz televiziya teleaparıcılarını radioya göndərdilər. Mən radio aparıcısı deyildim, çünki televiziya aparıcıları kamera qarşısında ünsiyyətə öyrəşiblər. Biz sanki öz əzizimizlə danışırıq kimi kameraya baxırıq, əşya kimi yox. Telelviziyasız özümü təsəvvür etmədiyimə görə və bizə yaradılan şəraitin xoş olmadığını görüb öz ərizəmlə işdən çıxdım. 2006-cı il 31 avqust ərizəmi yazıb işdən çıxdım, senytabrın 1-də artıq Space TV-də işə başladım.

- Radio aparıcısı olmaq xüsusi səbr və həvəs tələb edir. Əslində bu sahə də asan deyil.

- Radio aparıcısı olmaq bəlkə daha çətindir. Qaranlıq otaq, bir mikrofon məni vahimələndirirdi. Hər kəs bacardığı işi görməlidir. O dövrdə mən radio aparıcısı ola bilməzdim.

- İndi də o cür fikirləşirsiniz?

- Bəli, mən kameranı görəndə sanki insan görürəm. O qaranlıq otaqda tək özüm danışıb, özüm eşidə bilmərəm. Bəlkə əvvəlcədən radio aparıcısı kimi fəaliyyətə başlasaydım, öyrəşərdim. Bacarmadığım bir işi etmərəm. Radio aparıcılarına da qibtə etmək olar (gülür).

- Çox maraqlı adınız var. Kim bu adı sizə verib?

- Adımı atam qoyub. Evin son beşiyi olmuşam, 3 qızdan sonra mən dünyaya gəlmişəm. Atam düşünüb ki, məni çox istəməzlər, ona görə də anasının adını mənə qoyub. Məndən sonra bir qardaşım olub.

- Nənənizin adını daşıdığınıza görə yəqin ki, ən çox sizi istəyiblər. Bəlkə də sizi daha ərköyün böyüdüblər.

- Bəli, məni çox istəyiblər. Ərköyünlüyün bir pis cəhəti var ki, indi də mənə uşaq kimi baxırlar.

- Uşaqlığınız necə keçib? Necə bir ailədə böyümüsünüz?

- O illərə qayıtmaq bu gün mənə çox çətindir. Xoşbəxt bir ailəmiz var idi. 5 uşaq, ata, ana. Bu gün o ailədən 3 nəfər qalıb. Artıq nə keçmişin, nə də bu günün xoşbəxtliyini yaşaya bilmirəm. Yavaş-yavaş uşağlığımı da unuduram. Allah insanın gələcəyini gözəl etsin.

- Zamira xanım, əslində sizin yaranızı qanatmaq istəməzdim. Madam ki, mövzuya siz giriş verdiniz o zaman gəlin ətraflı danışaq. Bildiyim qədərilə ailənizdə böyük faciə yaşamısınız. Bir gündə 6 əziz insan itirmək və buna sinə gəlmək çox, lap çox çətindir. Özünüzü necə toparladınız?

- Kim dedi ki, toparlanmışam? O sizə elə görünür. Ətraf, övladlarım məni gülərüz görür. Mən hələ də toparlanmamışam. Gülürəm ki, kədərimi gizlədim, sanki özüm-özümü aldadıram.

- Üzünüz nə qədər gülsə də gözlərinizdə bir kədər hiss olunur. Gözləriniz sanki daxilinizdə olan problemlərə dözməyərək, dil açıb danışır.

- Çalışıram ki, başqalarını öz dərdimlə yükləməyim. Amma hiss edənlər olur. Dolu ev qoyub gedirsən və gəlib görürsən ki, ev boşdur. Və daha o ev dolmayacaq. Bilirsiniz bu nə deməkdir? Bir evdən tək başına 6 əzizinizi yola salmaq bilirsiniz nə deməkdir? Heç vaxt qayıtmayacağını bilə-bilə yola salırsan. İsti nəfəsini duymayacağını bilə-bilə yola salırsan.

- Bu qədər dərdlə necə yaşayırsınız? Bəlkə də televiziya olmasaydı, yaşamaq sizə çətin olardı..

- 9 ay idi ailə həyatı qurmuşdum. Əslində o hadisə olanda (üzr istəyirəm böyüklərdən) hamiləydim. İki aya övladım dünyaya gələcəkdi. Analıq məzuniyyətində idim. Nə hamiləliyimi yaşaya bildim, nə də övladım dünyaya gələndə onun sevincini. 25 yaşında 7 aylıq hamilə bir qadın nə böyda yük daşıya bilər? Amma mən daşıdım. Ata dərdi də çəkirdim. Birdən ona da nəsə olar. Bir bacım qəzadan sağ çıxmışdı, o da xəstəxanada idi. Onun da dərdini çəkirdim. Əməliyyat olunmuşdu, ayılıb anasını, qızını, qardaşını, bacısını soruşanda nə deyəcəyəm deyə fikirləşirdim. Necə deyəcəyəm ki, bircə tək sən qalmısan? Heç kim yoxdur.  Bu yükü mən daşıdım, mən yaşadım. İş haqqında heç düşünmürdüm. Fikirləşirdim ki, yenidən efirə çıxmaram, deyirdim ki, televiziya mənim üçün daha bitdi. Bir ifadə var: "Var olsun düşmənim, qoymur məni düşməyə". Eşitdim ki, deyirlər dəli olmuşam, artıq efirə çıxa bilmərəm. Bu sözdən qəzəbləndim, aciz, zəif olmağı sevmirəm. Mənim oğlumun bir dənə də olsun uşaqlıq şəkili yoxdur. Amma indi təəssüf edirəm ki, çəkməmişəm. Ona o körpəliyindən bir xatirə qoymamışam. 3 gün övladımın üzünə baxmamışam. Ancaq doğum evindən çıxanda uşağı qucağıma verdilər. Bilmirəm niyə? Amma bu hallarım da olub. Uşağı otağıma gətirirdilər, deyirdim ki, aparın görmək istəmirəm. Heç kimi görmək istəmirdim, qoymurdum yanıma kimsə gəlsin. Sonra şükür etdim ki, nə yaxşı ki, övladım var. Adını da qardaşımın adını qoydum.

- Atanız bu dərdə necə dözür?

- Atam 13 ildir mənimlə yaşayır, oğlumla nəfəs alır. Oğlum qardaşımın həm adını, həm də soyadını daşıyır. Atamın ən böyük arzusu onun toyunu görməkdir. Deyir ki, valideyn övlad çiynində gedər. Mən oğlum İlkini çiynimdə son mənzilə yola saldım. Heç olmasa nəvə İlkinin çiynində gedim. Mən də özümə söz vermişəm ki, 19-20 yaşında övladımı evləndirəcəyəm. Bu gün əgər mən yaşayıramsa, övladlarıma görə yaşayıram. 6 ilə məndən qaynana kimi müsahibə alarsız, inşAllah. Sonra da nənə kimi.

- Ən çox hansı günlərdə əzizləriniz yadınıza düşür?

- Hər ay bizdə doğum günləri olurdu. Doğum günlərini də xüsusi qeyd edirdik. Özümüz, ana, ata, bacılar, yoldaşları, uşaqları, qardaşım və s. Bir yerə yığışanda 15 nəfər olurduq. 5-ci gün işdən sonra anamgilə yığışırdıq. Bazar günü hər kəs öz evinə gedirdi. Çox xoşbəxt günlər idi. 2004-cü ildən sonra həmin masada 4 nəfər otururduq. Sakit, səssiz... O səs-küydən əsər-əlamət yox idi. Hamı başını aşağı salıb yeməyini yeyib, dururdu ayağa. Həyatdır, mənim də qismətimdə bunları dadmaq varmış.

- Doğum günündən söz düşmüşkən, qarşıdan sizin də doğum gününüz gəlir. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Müsahibəmiz də ad gününüz ərəfəsinə təsadüf etdi. Həyatda çox çətinliklər görmüş bir insan kimi özünüzə nə arzulayırsınız?

- Özümə heç nə arzulamıram. Şükür hər şeyim var. Övladlarımın xoşbəxt olmasını, ağıllı olmasını, cəmiyyətdə özlərinə bir mövqe tutmasını arzulayıram. Onları xoşbəxt görsəm, arzularım reallaşar. Bütün arzularım əslində onlarla bağlıdır. Özümə can sağlığı arzulayıramsa onlara görə istəyirəm. Çünki hələ mənsiz qala bilməzlər. Özümə baxıramsa, gözəl görünməyə çalışıramsa, onlara görə edirəm ki, məndən utanmasınlar. Əslində mən çox kiçik şeylərlə xoşbəxt olmağı bacarıram.

- Həyatınızda yaşadıqlarınıza görə heç üsyan etmədiniz?

- Üsyan da etmişəm, Allaha qarşı da çıxmışam. Deyirdim ki, Allah olsaydı, günahsızlara qıymazdı. Heç olmasa bacımın bir yadigarı qalardı. Hamısını aparmazdı, mənim anaya ehtiyacım olan zamanımda məni anasız qoymazdı. Övladım dünyaya gələndən bir həftə sonra dedim şükür ki, İlkin var. Mənim yaşadıqlarımdan sonra o da olmaya bilərdi. Dayanıb duran yerdə özümdən gedirdim, yıxılırdım. Neçə dəqiqədən sonra özümə gəlirdim. 40 günü qəbir üstündə necə yıxılmışdımsa dedilər artıq o uşaqdan uşaq olmaz. Amma övladım sağlam oldu. O da olmasa mən nə edərdim...

- Amma bildiyimə görə bir övladınızı da doğulandan sonra itirmisiniz. Bəzən fikirləşirsinizmi mən nədə səhv etmişəm?

- Xeyr, düşünməmişəm. Həyatda heç kimə pislik etməmişəm. Bacarıramsa, yaxşılıq edirəm. Əksinə, o övladımı itirəndə özüm də ölümcül vəziyyətdə idim. 1 faiz sağ qalma şansım var idi. Allah məni sevir ki, iki oğlumu anasız qoymadı. Onların gözündə o yetimlik baxışları olmadı. Onlara görə çox qorxurdum. O zaman yalnız iki oğlumu düşünürdüm, dünyasını dəyişəni yox. Mən olmasaydım, o uşaqların aqibətini düşünmək belə istəmirəm.

- Zamira xanım, bu çətin günlərinizdə yanınızda sizdən də güclü insanın olması vacib idi. Həyat yoldaşınız çətin günlərinizdə sizə dəstək olurdu?

- Həyat yoldaşım hər zaman mənə dəstəkdir. Amma yanında kim olur-olsun insan özü güclü olmalıdır. Bəlkə güclü ifadəsi burada yalnışdır. Yaşamağa bir səbəb olmalıdır. Mənə deyirlər ki, çox güclü adamsan. Mən güclü olmaq istəmirəm, zərif olmaq istəyirəm. Eyyub Yaqubovun bir mahnısı var. "Kim bilir, qəlbimin ağrısını, kim bilir". Bəlkə də heç kim bilmir.. Görünən yalnız bəzəkli, düzəkli, deyib-gülən mənəm. Görünməyən tərəflərimi isə heç kim görmür. O mənə aiddir. Hərdən çox deyib güləndə atam da məni qınayır. Deyir ki, nəyə gülürsən? Gülmək elə bizə yaraşır. Anlamaq istəmirdi ki, mən nə qədər gülürəm, o qədər yaşayıram. Gülməyim olmasa, mən də olmaram.

- Olmazmı komik veriliş aparıcısı olasınız. Bəlkə dərdlərinizi bu veriliş sizə unutdurar.

- Verilişlərin bu hadisə ilə əlaqəsi yoxdur. Mən o tip verilişlər aparmağı bacarmıram. Nə etsəm alınmaz, şit görünər, özüm olmaram. 2004-cü ilə qədər, yəni bu hadisəyə qədər rəsmi verilişlər, dövlət tədbirləri aparmışam. O dərd unudulacaq bir dərd deyil. Beyində bir fondur. Ürək yox, yalnız beyin dayananda o fon yoxa çıxacaq. Bəlkə bax o zaman dərdlərimi unudacağam.

- Hal-hazırda "Ürəyini mənə aç" verilişinin aparıcısısınız. Dağ boyda dərdiniz ola-ola insanların dərdini dinləyirsiniz. Bəzən müsahibiniz həyatını sizə danışanda "Eh.. mənim dərdimin yanında sənin dərdin nədir ki?" deyə düşündüyünüz anlar olub?

- İnanın ki, yox. Həmin an onların dərdi ilə yaşayıram. Çox pis oluram. Evə gəlib, baş ağrı dərmanı qəbul edirəm. Hər kəsin dərdi özü üçün böyükdür.

- Digər telekanallardan sizə dəvət gəlirmi?

- Mən kanal-kanal gəzməyi sevmirəm. Sakitliyi, işdə stabilliyi sevirəm. 10 il AZTV-də çalışmışam, 12 ildir Space TV-dəyəm. Bundan sonrasını da Allah bilər.

- Efirlərə yeni gələn gəncləri bəyənirsiniz?

- Ləhcəylə danışmayan, düzgün tələffüz edən, göz-qaş oynatmayan, vurğuları yerində deyən teleaparıcıları bəyənirəm.

- Ümumiyyətlə, bu sahədə dostluq etdiyiniz həmkarlarınız var?

- Əlbəttə ki, var. Əslində dostluqdan dostluğa fərq var. Mənim dostlarım var ki, sinif yoldaşlarımdır. Dostlarım var ki, televiziya işçiləridir. Ailəvi dostlarım da, rəfiqələrim də var. Yəni ki, hər dostun öz mövzusu var. Hamıyla hər şeyi danışmaq olmur. Nə yaxşı ki, dostlarım var. Mənim yaxşı və pis günümdə hər zaman yanımdadırlar.

Əli Rəhimoğlu

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.