Şou-biznes

Təranə Qumralın əhilləşdirdiyi kişi, Aygünün "fahişə" obrazı, Səmranın idmançı sevgilisi və Bayram Kürdəxanılı - HƏFTƏBECƏR

28 Avqust 2017 07:07
32 Şərh     Baxış: 18 147
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (138-ci say) təqdim edir.

Başqa mövzudan başlamaq istəyirdim. Amma Qulpqoyan dayı sözümü kəsir. Deyir, Xuraman oğlanlarını kəsdirib, elə onlardan başla. Mən də istədim bu qlobal xəbəri sizin diqqətinizə çatdırım. Sənətçi oğulları Məhəmməd Mehdi və Hüseyn Abbası sünnət etdirib. Dörd qardaş deyillər ha. Məhəmməd Mehdi bir uşaqdı, Hüseyn Abbas da bir uşaq. Hər ikisini təbrik edirik. Xüsusən bu hadisəni xəbərə çevirən jurnalistləri.

"Santa Barbara" serialı qurtardı, Türkiyə bu gün sabah İsraillə barışacaq, Rusiyayla Amerika da deyəsən yola gəlir, İran da Amerikayla dostlaşmaqdadır, filmdə deyildiyi kimi Seneqal da Amerikaya 5 milyard borcunun yarısını qaytarıb, amma Kamran Həsənliylə Samir Piriyevin 85 minlik pul söhbəti bağlanmır ki bağlanmır. Türkiyədən Ərhan Yılmaz adlı birini də tutub gətiriblər bura, izahatını alıblar. Deyib, Samir adlı adam tanımıram. Samir də deyir ki, pulu Kamrana vermişəm. Bax belə bir duzlu, məzəli əhvalat... Görək söhbətin sonrası necə olur.

Oktyabrın 1-də "Maşın" şou yenidən başlayır. Nələr baş verəcəyini indidən yəqin ki, məndən də yaxşı bilirsiniz. Bir-birinin sponsor qucağında fotosunu yayan kim, "razborka"ya çağıran kim, təhqir edən kim... Bircə ay da dözün, əgər dediklərim olmasa, hamınızdan üzrxahlıq edəcəm. Yeri gəlməsə də bir məqama münasibət bildirim. Bütn şərhləri oxuyuram. Bəzi şərhçilər "arvad qeybəti edirsiniz" tipli şərhlər yazırlar. Hərçənd ki, bu kimi şərhlər 1-2 faiz təşkil edir. Amma icazənizlə münasibət bildirim. Əvvəla, "Həftəbecər" qeybət üzərində qurulmayan rubrikadır. Birincisi, ona görə ki qeybət 2-3 nəfər arasında olur, bu yazını isə təvazökarlıqdan uzaq da olsa, minlərlə insan oxuyur. Hətta bəzən haqqında yazdığım sənətçilərdən gizli və açıq formada təhdidlər, hədələr də eşidirəm. İnanıram ki, o şərhi yazan, yaxud yazdıran şəxslər o cür hədə-qorxulardan sonra bircə cümlə yazmağa cəsarət etməzdilər.

Xalq artisti Aygün Kazımova klip çəkdirir. 46 yaşlı sənətçi klipdə çox üzr istəyirəm, fahişə obrazını canlandırıb. Bunu mən demirəm, saytların yazdığıdır. Doğrusu, mən "Aygün Kazımova yeni obrazda" başlığını görəndə elə bildim ki, nənə, xala obrazı olacaq. Hər halda 46 yaşı olan o qədər nənələr var ki. Amma yox, belə deyilmiş. Sadəcə, uğurlar...

Samiraldo deyib ki, kişiyəm, nəyəm, kimə nə dəxli var? Düz deyir də, nə işinizə qalıb? Mal onun, məsləhət onun. Dəhşətsiz e.

Həftənin xoş olmayan xəbərlərindən biri meyxanaçı Bayram Kürdəxanılının faciəli şəkildə vəfat etməsiydi. Düzdür, Bayram fövqəladə istedad sahibi olmasa da, meyxanaçıların təbirincə desək, "şirin kəlam" söz deyən idi. Ən əsası çox səmimiydi. Bu yaxınlarda bir müsahibəsində ondan soruşmuşdular ki, 55 yaşa qədər nə əcəb evlənməmisiniz? Cavab: "Heç kimin qızını bədbəxt etmək istəməmişəm".

Məncə, Bayramı insanlara sevdirən də məhz bu səmimiyyəti idi. Sizcə, hansı sənət adamı bu etirafı edə bilər?

Səmra Rəhimlinin sevgilisinin kimliyi məlum olub. Deyilənə görə idman müəllimidir. Odur ki, özünüzü yığışdırın, qız haqda pis şərhlər yazmayın. Bir də gördünüz "zerkalni" nömrədən zəng vurub sizi söhbətə çağırdılar.

Rəqsanənin qızı toyda şıdırğı rəqs edib. Səhərdən Qulpqoyan dayıyla videosuna baxıb kövrəlirik. İkimiz də dilxoruq. Amma niyəsini deməyəcəm. Bəlkə nə vaxtsa, indi yox.

Təranə Qumral məşhur filosof Volterdən sitat və Musa Musayevlə fotosunu paylaşıb. Sitat da belədir:  "Tanrı qadınları kişiləri əhilləşdirmək üçün yaradıb". Sözüm ikibaşlı çıxmasın, qadınların kişiləri əhilləşdirdiyini deyə bilmərəm, amma Təranə Musanı 100 faiz əhilləşdirə bilib. Onun da səbəbi mənə qalsın.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.